Məhkəmə qərarları › İş №3(015)-67/2024

Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-67/2024

22.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-67/2024 22.01.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Ağstafa Rayon Məhkəməsi, hakim Zamiq Akif oğlu Rəsulovun sədrliyi, Sənan Tahir oğlu Nağıyevin katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.2004-cü ildə Ağstafa rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Ağstafa rayonunun, Eynallı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 327.1, 332.1 və 332.4cü maddələri ilə təqsirləndirilməsinə dair Ağstafa rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində xx.xx.2024-cü il tarixində İXM-nin 327.1, 332.1 və 332.4-cü maddələri ilə inzibati xəta haqqında İXP ******* saylı protokol tərtib olunmuşdur ona görə ki, o, xx.xx.2024-cü il taixində, saat 00:30-da nəqliyyat vasitəsini idarə etmək hüququ və etibarnamə olmadan idarə etdiyi “VAZ 2109” minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilə Ağstafa rayonunun, Vurğun qəsəbəsi istiqamətində hərəkətdə olarkən manevr qaydasını pozaraq hərəkət istiqamətinin sağ tərəf hissəsindən hərəkətdə olan Zərərçəkmiş şəxs məxsus “Toyota Corolla” markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol tərəf hissəsindən vurmuş və nəticədə avtomobillərə maddi ziyan dəymişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1 və 332.4-cü maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanı törətmişdir. Məhkəmə baxışı iclasında iştirak edən inzibati xəta törətmiş Şəxs özünü təqsirili bilərək izahatında bildirdi ki, əməlindən səmimi peşmandır, ona yüngül cəza verilməsini xahiş edir və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bildirdi ki, hadisə nəticəsində onun idarə etdiyi “Toyota Corolla” markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəyib, ona vurulmuş zərər isə bu günə kimi ödənilməyib. Lakin, inzibati xəta törətmiş Şəxs yüngül cəza verilməsini xahiş edir və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etdi. “Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsinin 1-ci hissəsinə görə sürücünun etdiyi manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Lakin, Şəxs qanunun bu tələblərinə əməl etməmiş, manevrin təhlükəsizliyini təmin etməmiş və maddi zərər vurmuşdur. Azərbaycan Respublikası İXM-nin 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə - qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.4-ci maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Buna görə də Şəxs daha ciddi xətaya görə müəyyən edilmiş Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Məhkəmə Şəxs səmimi peşmançılığını İXM-nin 32.1.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə də, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 332.1, 332.4, 327.1, 332.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməli və daha ciddi xətanı əhatə edən 332.4-cü maddəsinin sanksiyası çərçivəsində cəza tətbiq edilməlidir. Məhkəmə Şəxs ilk dəfə inzibati xəta törətməsini, səmimi peşimançılığını, əmlak vəziyyətini, şəxsiyyətini, evli olmaqla himayəsində bir azyaşlı uşağının olmasını, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halları və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan çərçivədə inzibati qaydada cərimə edilməlidir. İXM-nin 36.1-ci maddəsinə görə hakim inzibati xəta haqqında işə baxarkən vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Hazırkı işdə vurulmuş zərərin əvəzinin ödənilməsi barədə (zərərin məbləği barədə) mübahisə olduğundan zərərin əvəinin ödənilməsi haqqında məsələyə baxıla bilməz. Odur ki, İXM-nin 36.3-cü maddəsinə uyğun olaraq zərər şəkmiş şəxsə izah olunmalıdır ki, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi üçün mülki məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. İXM-nin 101-ci maddəsinə görə inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra, işin hallarının, eləcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. İnzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol həmin Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir. Lakin inzibati işin materiallarında inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardadın qəbul olunması müəyyən olunmur. Ümumiyyətlə inzibati iş materillarında protokolun hansı səbəbdən uzadılaraq xx.xx.2024-cü il tarixində tərtib edildiyi məlum deyil. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.1,115 və 117-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə olunsun. Qərarın icrası Ağstafa rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Zərər çəkmiş şəxsə izah olunsun ki, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi üçün mülki məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Ağstafa Rayon Məhkəməsinə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar