Məhkəmə qərarları › İş №3(015)-677/2023

Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-677/2023

18.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-677/2023 18.06.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X1 Rəsulovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2004-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Abşeron rayonu Məmmədli kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələri ilə inzibati xətanın törədilməsində təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 206 və 510-cu maddələri ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin (DİN-nin) Ağstafa Rayon Polis Şöbəsindən (RPŞ-dən) material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Şəxs qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarında narkotik vasitə qəbul etmiş, həmin narkotik vasitənin təsirindən xx.xx.2023-cü il tarixdə saat 19:10 radələrində Ağstafa şəhəri R.Alıcanov küçəsində ünvansız nalayiq söyüşlər söyərək xırda xuliqanlıq etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında bildirdi ki,, xx.xx.2023-cü il tarixdə saat 19:10 radələrində Ağstafa şəhəri R.Alıcanov küçəsində gedirmiş, birdən əsəbləşib ucadan söyüşlər söyməyə başlamışdır. Bundan sonra bir nəfər şəxs özünü Ağstafa RPŞ-nin əməkdaşı kimi təqdim edərək ona etdiyi hərəkətlərin qanuna zidd olduğunu qeyd etmiş və onu Ağstafa RPŞ-nə dəvət etmişdir. O, həmin şəxslə Ağstafa RPŞ-nə gəlmişdir. Ağstafa RPŞ-nin əməkdaşları onu Gəncə şəhəri Norkoloji Dispanserə aparmışlar. Orada ondan analizlər götürmüşlər. Bu zaman onun narkotik maddə istifadə etdiyi məlum olmuşdur. Lakin, o, həmin gün deyil, hadisədən 1 ay 15 gün bundan əvvəl Şıxlı kafesində işləyən zaman tanımadığı müştərinin vasitəsi ilə narkotik vasitə istifadə etmişdir. Törətdiyi əmələ görə peşimandır. Ona yüngül cəza verilməsini xahiş etmişdir. İş materiallarında olan inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 19:10 radələrində Ağstafa şəhəri R.Alıcanov küçəsində ünvansız nalayiq söyüşlər söyərək xırda xuliqanlıq etmişdir. Məhkəmə qeyd edir ki, nqanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə şəxsin inzibati məsuliyyətinə səbəb olması təsbit edilib və İnzibati Xətalar Məcəlləsində də müvafiq məsuliyyət tədbirləri müəyyən edilib. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə xəta törədən şəxs inzibati məsuliyyət daşıyır. Lakin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və iş materialları ilə müəyyən olunur ki, Şəxs xx.xx.2023-cü il tarixdə narkotik vasitə istifadə etməsi faktı sübut olunmur. Belə ki, Şəxs həmin tarixdə narkotik vasitənin hər hansı bir növündən istifadə etməsi barədə inzibati protokol tərtib etmiş orqan tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Şəxs İXM-nin 206-cı maddəsi ilə inzibati xəta törətməsi üçün əməlin obyekti, yəni onun həmin tarixdə hər hansı bir miqdarda narkotik vasitə qəbul etməsi, obyektiv cəhəti, yəni, narkotik vasitəni xx.xx.2023cü il tarixdə istifadə etməsi, subyektiv cəhəti, yəni Şəxs əməlində düzünə qəsd olmaması, həmin maddənin tərkib əlamətlərinin olması mövcud deyildir. Əli İsmayılov tərəfindən İXMnin 206-cı maddəsi ilə inzibati xəta törətməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır, eyni zamanda inzibati protokol tərtib etmiş orqan tərəfindən həmin faktları təsdiq edəcək məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Ona görə də Şəxs İXM-nin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb oluna bilməz. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsində nəzərdə tutulur ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Bu halda, Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulan hissəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, həmin maddə ilə inzibati məsuliyyətdən azad edilməlidir. Bundan başqa, məhkəmə qeyd edir ki, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə, eyni zamanda polis işçiləri ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə şəxsin inzibati məsuliyyətinə səbəb olması təsbit edilib və İnzibati Xətalar Məcəlləsində də müvafiq məsuliyyət tədbirləri müəyyən edilib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, Şəxs tərəfindən İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi onun özünün izahatı, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və inzibati işin digər materialları ilə tam sübut olunur və iş üzrə inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Məhkəmə hesab edir ki, Şəxs İXM-nin 510-cu maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Eyni zamanda iş materiallarından görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə tutulmuşdur. Məhkəmə hesab edir ki, onun tutulduğu 02 (iki) gün müddət nəzərə alınaraq ona təyin olunmuş cərimə cəzası yüngülləşdirilməlidir. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən, məhkəmə baxışınadək həbsdə saxlanılan məhkuma cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Şəxs ilk dəfə inzibati xəta törətmişdir və həmin hal onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirilir. İş materiallarında onun məsuliyyətini ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, ədalətlilik prinsipinin inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biri kimi qəbul etməklə və Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini, xətanı törədən şəxsin ailə vəziyyətini, onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirməklə həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, törədilmiş inzibati xətalara görə inzibati tənbeh tədbirinin cərimə olunması işin hallarına, inzibati xətanın xarakterinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.1, 115, 117, 206 və 510-cu maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qərara aldı : Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, həmin maddə ilə inzibati məsuliyyətdən azad edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 50 (əlli) manat məbləğində cərimə edilsin. Şəxs tutulduğu 02 (iki) gün müddət nəzərə alınaraq ona təyin olunmuş cərimə cəzası yüngülləşdirilib 30 (otuz) manat məbləğində inzibati qaydada cərimə tənbehi saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar