Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 3(015)-718/2025 10.07.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X1 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1995-ci ildə Qazax rayonu Daş Salahlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qazax rayonunun Daş Salahlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1, 342.2.2 və 342.9-cu maddələri ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1, 342.2.2 və 342.9-cu maddələri ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası DİN-nin Ağstafa RPŞ-dən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 13:01 radələrində Ağstafa rayonunun inzibati ərazisində “X2” markalı, **-LA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini texniki baxışdan keçirmədən, normativ tələblər pozulmaqla, avadanlığın quraşdırmış və nəqliyyat vasitəsinin nömrəsini saxtalaşdırmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilməyib izahatında bildirdi ki, idarə etdiyi “X2” markalı, **- LA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini texniki baxışdan keçirmədən, normativ tələblər pozulmaqla idarə etsə də nömrəsini özü saxtalaşdırmamışdır. Belə ki, onun məlumatı olmadan nəqliyyat vasitəsinin nömrəsinin sonunu qara rəngli yapışdırcı lent ilə 898 etmişlər. O, yol polislərini törətdiyi inzibati xətanın İXM-nin 342.9-cu maddəsi ilə deyil, 342.7-ci maddəsi ilə olmasını bildirsə də məhəl qoymamışlar. Məhkəmə iclasının yeri və vaxtı barədə inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası DİN-nin Ağstafa RPŞ-nin nümayəndəsinə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət daxil olmamış və ya belə vəsatət rədd edilməmişdir. Ona görə də, məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib və inzibati xəta haqqında materialı araşdırıb hesab edir ki, inzibati xəta haqqında protokol və toplanmış material baxılması üçün aidiyyəti üzrə onu tərtib etmiş orqana qaytarılmalıdır. Məhkəməyə daxil olmuş materiallarla müəyyən olunur ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 13:01 radələrində “X2” markalı, **-LA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini texniki baxışdan keçirmədən, normativ tələblər pozulmaqla, həmçinin dövlət qeydiyyat nişanını saxtalaşdıraraq idarə etmişdir. Lakin onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan istifadə edilməsi əsası ilə İXM-nin 342.9-cu maddəsi tətbiq edilmişdir. Halbuki, İXM-nin 342.7-ci maddəsində dövlət qeydiyyat nişanları və ya onlardan birinin olmamasına, saxta və ya başqa nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə etməyə görə inzibati məsuliyyət müəyyən edilmişdir. İXM-nin 342.9-cu maddəsində isə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan istifadə edilməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Göründüyü kimi Şəxs barəsində inzibati xəta haqqında protokol düzgün tərtib edilməmişdir. Belə ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 13:01 radələrində “X2” markalı, **-LA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin nömrəsinin sonunu saxtalaşdıraraq qara rəngli yapışdırcı lent ilə başqa nəqliyyat vasitəsinə məxsus 898 etmişdir. Həmin hal məhkəməyə təqdim edilmiş fotoşəkillərdə də öz əskini tapmışdır. Belə olan halda onun əməlinə İXM-nin 342.9-cu maddəsi ilə deyil, 342.7-ci maddəsi ilə hüquqi qiymət verilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1, 342.2.2 və 342.7-ci maddələrinə baxılmaq səlahiyyəti məhkəmənin deyil, Azərbaycan Respublikası DİN-nin səlahiyyətlərində olduğundan inzibati xəta haqqında protokol və toplanmış material baxılması üçün aidiyyəti üzrə onu tərtib etmiş orqana- Azərbaycan Respublikası DİN-nin Ağstafa RPŞ-nə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən isə inzibati xətalar haqqında işə baxılmasına hazırlıq mərhələsində hakim tərəfindən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarıla bilər. Bu halda məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilir. Həmin Məcəllənin 109.1.7-ci maddəsinə əsasən isə inzibati xətalar haqqında işə baxılmasına hazırlıq mərhələsində hakim tərəfindən əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilir Ona görə də məhkəmə hesab edir ki, təqdim edilmiş materiallar düzgün olmadığından, həmçinin Şəxs əməlinə İXM-nin 342.9-cu maddəsi ilə deyil, 342.7-ci maddəsi ilə hüquqi qiymət verilməli olduğundan, Şəxs törətdiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1, 342.2.2 və 342.7-ci maddələrinə baxılmaq səlahiyyəti isə məhkəmənin deyil, Azərbaycan Respublikası DİN-nin səlahiyyətlərində olduğundan inzibati xəta haqqında protokol və toplanmış material baxılması üçün aidiyyəti üzrə onu tərtib etmiş orqana - Azərbaycan Respublikası DİNnin Ağstafa RPŞ-nə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 109-cu maddəsinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati xəta törətməsinə dair protokol və toplanmış material baxılması üçün aidiyyəti üzrə onu tərtib etmiş orqana - Azərbaycan Respublikası DİN-nin Ağstafa RPŞ-nə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №3(015)-718/2025
Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №3(015)-718/2025
10.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver