Məhkəmə qərarları › İş №3(015)-734/2023

Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-734/2023

13.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-734/2023 13.07.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X3 Rəsulov sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, Protokolu tərtib etmiş Ağstafa RPŞ-nin DYPB-nin polis leytenantı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1978-ci ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Qazax şəhəri H.Əliyev pr. 127 qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 333.2-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası DİN-nin Ağstafa RPŞ-dən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar olaraq xx.xx.2023-cü il tarixdə saat 13:43 radələrində sərxoş vəziyyətdə “MercedesBenz 230 MİNİK” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirili bilərək izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətnı törtməyə görə 400 manat cərimə edilmişdir. Sonra xx.xx.2023-cü il tarixdə saat 13:43 radələrində sərxoş vəziyyətdə “MercedesBenz 230 MİNİK” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. Əməlindən səmimi peşimandır. Ona görə də ona yungül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Ağstafa RPŞ-nin DYPB-nin polis leytenantı X2 göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 13:43 radələrində sərxoş vəziyyətdə “MercedesBenz 230 MİNİK” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş və onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Ona görə də qeyd etdiklərini nəzərə alıb Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərardan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və həmin qərar əsasında İXM-nin 333.1-ci (Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi) maddəsi ilə təqsirli bilinib 400 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarında olan 10 fevral 2007-ci il tarixli 008259 saylı vəsiqədən görünür ki, Şəxs müharibə veteranı olmaqla 2 qrup milli münaqişə əlillidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 1168 nömrəli ambulator məcburi narkoloji-tibbi yoxlama rəyində göstərilmişdir ki, Şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, 2-ci qrup əlil olduğuna görə narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyatda götürülməsi məsləhət görülür. Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Həmin Məcəllənin 333.2-ci maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə-nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, beş yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ tətbiq olunur. Beləliklə, Şəxs tərəfindən İXM-nin 333.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərar, onun özünün və Ağstafa RPŞ-nin DYPB-nin əməkdaşının izahatları, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və inzibati işin digər materialları ilə tam sübut olunur və iş üzrə inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Məhkəmə hesab edir ki, Şəxs İXM-nin 333.2-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxsə cəza təyin edərkən törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törədən şəxsin İİ qrup əlil olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən, inzibati həbs, yalnız müstəsna hallarda tətbiq edilməlidir. İş materiallarından görünür ki, Şəxs sağlamlıq imkanları məhdud olduğundan ikinci dərəcəli əlillik müəyyən olunmuşdur. İXM-nin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 22 iyun 2021-ci il tarixli Qanununun 1.9-cu maddəsinə əsasən “İ dərəcə əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” sözləri ilə, “İİ dərəcə əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” sözləri ilə və “İİİ dərəcə əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilmişdir. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə işin hallarını və qanunvericiliyin normalarını nəzərdən keçirib hesab edir ki, İXM-nin 333.2-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş Şəxs təqsirli bilindiyi xətaya görə müəyyən edilmiş sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla cərimə tənbehinin təyin edilməsini məqsədə müvafiq bilmişdir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 34.3, 114.1.1, 115, 117 və 333.2-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Şəxs tətbiq edilən cərimə Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin hesabına köçürülsün. Qərarın icrası Azərbaycan Respulikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qazax rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar