Məhkəmə qərarları › İş №3(015)-744/2023

Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-744/2023

18.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-744/2023 18.07.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X2 Rəsulovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2003-cü ildə Ağstafa rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, tələbə, Ağstafa rayonunun Aşağı Göycəli kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 511.1.3 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN-nin) Ağstafa rayon Polis şöbəsindən (RPŞ-dən) material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, “Tik Tok” sosial şəbəkəsində “ismayılov.05” adlı istifadəçi ağ rəngli “VAZ 21074” markalı avtomobillə avtoxuliqanlıq hərəkətlərinin edilməsi ilə bağlı videogörüntü paylaşmış, həmin görüntülərlə bağlı keçirilmiş tədbirlərlə avtoxuliqanlıq edən şəxsin Şəxs olması müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixdə saat 23:10-da polis əməkdaşları onu polis şöbəsinə gətirmək üçün yaşadığı ünvanda olarkən o, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Buna görə də Şəxs barəsində İXM-nin 511.1.3 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs özünü qismən təqsirli bilərək izahatında bildirdi ki, o, tələbə olmaqla Bakı şəhərində təhsil alır. Dövlət imtahanlarını verdikdən sonra yaşadığı Ağstafa rayonunun Aşağı Göycəli kəndinə gəlmişdir. Təxminən xx.xx.2023-cü il tarixdə yaşadığı kənddə toy olmuş və o, da bir həmkəndli kimi toy mərasimində iştirak etmişdir. Toy mərasimi başlayan zaman özünə məxsus “VAZ 21074” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə toy karvanında iştirak etmiş və idarə etdiyi avtomobillə ötmə əməliyyatları etmişdir. Həmin ötmə əməliyyatları isə yaxınları tərəfindən telefon vasitəsilə ilə qeyd alınmış sonra həmin görüntüləri “Tik Tok” sosial şəbəkəsində “ismayılov.05” adlı istifadəçi adı ilə yaymışdır. Bundan üç gün sonra həmin görüntülərlə bağlı polis əməkdaşları onun yaşadığı evə gələrək polis şöbəsinə getməli olduğunu bildirmişlər. Bu zaman o, narazılıq edərək polis şöbəsinə getməkdən yayınmaq istəmişdir. Bundan sonra polis əməkdaşları onu məcburi qaydada Ağstafa RPŞ-nin inzibati binasına gətirmişlər. Əməlindən peşmandır. Ona görə də qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ağstafa RPŞ-nin Cinayət-axtarış Bölməsinin əməliyyat müvəkkili X1 ifadəsində göstərdi ki, “Tik Tok” sosial şəbəkəsində “ismayılov.05” adlı istifadəçi ağ rəngli “VAZ 21074” markalı avtomobillə avtoxuliqanlıq hərəkətlərinin edilməsi ilə bağlı videogörüntü paylaşmış, həmin görüntülərlə bağlı keçirilmiş tədbirlərlə avtoxuliqanlıq edən şəxsin Şəxs olması müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixdə saat 23:10-da Ağstafa RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Cavid Məmmədovla onu polis şöbəsinə gətirmək üçün yaşadığı ünvanda olarkən Şəxs onların qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə hazırki inzibati xəta materialı üzrə aşağıdakıları qeyd edir. Belə ki, qanunvericiliyə əsasən avtoxuliqanlıq dedikdə mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan hərəkətlər aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsi, mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsi və mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması başa düşülür. Məhkəməyə təqdim edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən olunmuşdur ki, “Tik Tok” sosial şəbəkəsində “ismayılov.05” adlı istifadəçi ağ rəngli “VAZ 21074” markalı avtomobil tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan hərəkətlər edilməsi, həmin nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması öz təsdini tapmır. Belə ki, həmin görüntülərdə qeyd edilən nəqliyyat vasitəsinin toy karvanında və gecə vaxtı yolda heç bir nəqliyyat vasitəsi olmadığı zaman manevr etmə qaydasını pozması və ötmə əməliyyatını düzgün yerinə yetirməməsi, təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmaması, yolun səthində isə heç bir təkər izlərinin buraxılmaması öz əksini tapmışdır. Manevr etmə qaydasını pozulması və ötmə əməliyyatlarını düzgün yerinə yetirilməməsi isə avtoxuliqanlıq barədə inzibati xətanın tərkibini yaratmır. Həmin qayda pozuntuları isə avtoxulianlığın, yəni İXM-nin 511-ci maddəsinin deyil, başqa bir inzibati xətanın tərkibini, yəni İXM-nin 327.1-ci maddəsinin tərkibini yaradır. Belə ki, İXM-nin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinə əsasən isə avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, şahid ifadəsi və iş materialları ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübut olunmur. Belə ki, Şəxs hansı tarixdə avtoxuliqanlıq etməsi barədə inzibati protokol tərtib etmiş orqan tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Şəxs İXM-nin 511.1.3-cü maddəsi ilə inzibati xəta törətməsi üçün əməlin obyekti və obyektiv cəhəti, yəni onun ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan hərəkətlər edilməsi, həmin nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması, subyektiv cəhəti, yəni Şəxs əməlində avotoxuliqanlıq etməsi ilə bağlı düzünə qəsd olmaması, həmin maddənin tərkib əlamətlərinin olması mövcud deyildir. Qeyd edilən Şəxs İXM-nin 511.1.3-cü maddəsi ilə inzibati xəta törətməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır, eyni zamanda inzibati protokol tərtib etmiş orqan tərəfindən həmin faktları təsdiq edəcək məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Ona görə də Şəxs həmin maddə ilə inzibati məsuliyyətə cəlb oluna bilməz. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsində nəzərdə tutulur ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Bu halda, Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulan hissəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, həmin maddə ilə inzibati məsuliyyətdən azad edilməlidir. Eyni zamanda iş materiallarında olan inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 23:10-da polis əməkdaşları onu polis şöbəsinə gətirmək üçün yaşadığı Ağstafa rayonunun Aşağı Göycəli kəndində olarkən o, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə qeyd edir ki, polis işçiləri ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmaması inzibati xəta kimi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-cı maddəsinə əsasən isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, Şəxs tərəfindən İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi onun özünün izahatı, şahid ifadəsi, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və inzibati işin digər materialları ilə tam sübut olunur və iş üzrə inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Məhkəmə hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinməlidir. Məhkəmə Şəxs inzibati tənbehin tətbiqi ilə aşağıdakıları qeyd edir. İnzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə repressiv (tənbehləndirici) və preventiv (xəbərdaredici) xarakter daşıyır. Çünki səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterli məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən, bu icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini, xətanı törədən şəxsin ailə vəziyyətini, ilk dəfə olaraq inzibati xəta törətməsini, onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirməklə həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, törədilmiş inzibati xətalara görə inzibati tənbeh tədbirinin cərimə tənbehi tətbiq olunması işin hallarına, inzibati xətanın xarakterinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 24.1, 30.2, 53, 105, 114.1.1, 115, 117, 511.1.3 və 535.1-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, həmin maddə ilə inzibati məsuliyyətdən azad edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar