Məhkəmə qərarları › İş №3(015)-747/2023

Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-747/2023

24.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-747/2023 24.07.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X5 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X2 iştirakı ilə, xx.xx.1986-cı ildə Daşkəsən rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, Ağstafa rayonu Göycəli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 528.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsindən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Ağstafa Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli 2(015)-365/2021 saylı icra sənədinə əsasən Şəxs 26 fevral 2021-ci il tarixdən başalayaraq hər ay hər uşağa görə 120 manat olmaqla, iki uşağa görə hər ay 240 manat sabit pul məbləğində aliment tutulub iddiaçı X1 ödənilməsi barədə icra sənədi üzrə borcunu icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsi tərəfindən İXMnin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən inzibati xəta törətmiş Şəxs özünü təqsirli bilərək izahatında bildirdi ki, hal-hazırda daimi iş yeri yoxdur və fəhləliklə məşğul olur. İmkan dairəsində qeyri stabil ödənişlər etmiş, lakin buna baxmayaraq 2631 manat aliment borcu yaranmışdır. Bundan sonra hər ay 300 manat alimenti ödəyəcəkdir. Ona görə də qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə İXMnin 62.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə baxışı iclasında iştirak edən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X3 protokolu müdafiə edib göstərdi ki, qanuni qüvvəsini almış məhkəmə qərarına əsasən Şəxs təyin olunmuş 240 manat alimenti tələbkara ödəməmişdir. O aliment üzrə borcundan qeyri stabil olaraq ödənişlər etmiş və hazırda aliment üzrə 2631 manat borcu yaranmışdır. Ona görə də Şəxs inzibati məsuliyyətə cəlb olunmasını və ona inzibati həbs növündə tənbeh verilməsini xahiş etdi. Müəyyən olunduğu kimi, Ağstafa Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli 2(015)-365/2021 saylı icra sənədinə əsasən Şəxs 26 fevral 2021-ci il tarixdən başalayaraq hər ay hər uşağa görə 120 manat olmaqla, iki uşağa görə hər ay 240 manat sabit pul məbləğində aliment təyin olunmuşdur. Şəxs alimentdən yaranan borcu 2631 manat təşkil edir. Baxmayaraq ki, Şəxs təyin olunan aliment öhdəliyi çox da yüksək deyil. Şəxs daimi iş yerinin olmamasını və ona görə də alimenti ödəyə bilmədiyini bildirmişdir. Qeyd olunmalıdır ki, aliment öhdəliyi olan şəxs qazancının bir hissəsini aliment borcuna ödəməlidir. Şəxs anlamalıdır ki, onun ödədiyi aliment övladının saxlanılması, qidası üçün ödədiyi puldur. Şəxs işsiz olduğundan alimenti ödəyə bilməməsini bildirməsi yalnız məsuliyyətdən yayınmaq kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Beləliklə, Şəxs tərəfindən İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi onun özünün və icra məmurunun izahatları, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol, icra sənədi, tələbin könüllü icrası barədə bildiriş, icraata başlamaq haqqında qərarlar və inzibati işin digər materialları ilə tam sübut olunur və iş üzrə inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Həmçinin məhkəmə tərəfindən ona aliment borcundan ödəniş etməsi üçün şərait yaradılaraq ona vaxt verilməsi təklif olunmuş, lakin o, aliment borcunu ödəməyə maddi imkanın olmamasını bildirmişdir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən, inzibati həbs, yalnız müstəsna hallarda tətbiq edilməlidir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, ədalətlilik prinsipinin inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biri kimi qəbul etməklə və Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini nəzərə almaqla həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, törədilmiş inzibati xətaya görə inzibati qaydada həbs tənbeh tədbirinin tətbiq olunması işin hallarına, inzibati xətanın xarakterinə və onun şəxsiyyətinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.1, 115, 117 və 528-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 10 (on) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 24 iyul 2023-cü il saat 15:30-dan hesablansın. Şəxs həmin müddətdə Ağstafa rayon X4 Saxlama Yerində saxlanılsın. Qərar dərhal icra olunsun. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağstafa rayon polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar