Məhkəmə qərarları › İş №3(015)-792/2023

Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-792/2023

26.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-792/2023 26.07.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X5 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Qazax rayonunun Poylu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz Ağstafa rayonu Pirili kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası DİN-nin Ağstafa RPŞ-dən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Şəxs sərxoş vəziyyətdə olan həyat yoldaşı X4 ilə birlikdə xx.xx.2023-cü il tarixdə saat 21:50 radələrində Ağstafa RPŞ-nin PPXB-nin polis nəfərləri, polis kiçik serjantı Eldəniz Həsənov, polis serjantı Abdurrahim Bayramov və polis siravisi Hüseyn Cəfərov post 1-də xidmətdə olarkən Ağstafa RPŞ-nin həyətində polisin ünvanına nalayiq ifadələr işlətmiş, polis əməkdaşları onları nizam-intizama dəvət etsələr də onların qanuni tələblərinə tabe olmamışlar. Buna görə də onun barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə yaşadığı kənddə moruq yığmağa getmişdir. Saat 18 radələrində evə qayıdanda müəyyən etmişdir ki, qızı evdə yoxdur. Daha sonra polis şöbəsinə getmək üçün anası gilə getmiş və həyat yoldaşına da anası bu barədə məlumat vermişdir. Yoldaşı DİN-nin 102 xidmətinə məlumat verdikdən sonra, polis əməkdaşları gələrək yoldaşını Ağstafa RPŞ-nə dəvət etmişlər. Sonra o da polis şöbəsinə getmiş. Polis şöbəsinə daxil olan kimi həyətdə olan yoldaşı Mübariz onun üstünə hücum çəkmişdir. Polis əməkdaşları onları ayırmaq istəyəndə qolu cızılmışdır. Hal-hazırda etdiyi əməldən səmimi peşimandır. Ona görə də qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ağstafa RPŞ-nin İTB-nin sahə rəisi X3 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə Ağstafa RPŞ-nin növbətçi hissəsində məsul növbətçi vəzifəsini müvəqqəti icra edən zaman saat 21:50 radələrində Ağstafa rayonu Pirili kənd sakini Alıyev Mübariz adlı şəxs sərxoş vəziyyətdə və onun həyat yoldaşı Şəxs şöbənin inzibati binasının qarşısında polis əməkdaşlarını söyüb təhqir etməyə başlamışdır. Həmin vaxt o, polis nəfərləri ilə onu nizam intizama dəvət etsələr də o, əməlini davam edib polisin qanuni tələblərinə tabe olmayaraq üzərlərinə hücum edib, əl-qol atmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ağstafa RPŞ-nin PPXB-nin polis nəfəri, polis siravisi X2 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 21:50 radələrində polis kiçik serjantı Eldəniz Həsənov, polis serjantı Abdurrəhim Bayramov və polis siravisi Hüseyn Cəfərovla birlikdə 1 nömrəli postda xidmətdə olan zaman Ağstafa rayonu Pirili kənd sakini Alıyev Mübariz adlı şəxs sərxoş vəziyyətdə və onun həyat yoldaşı Şəxs polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməyə başlamışlar. Həmin vaxt onları nizam intizama dəvət etsələr də onlar polisin qanuni tələblərinə tabe olmayaraq ona və polis əməkdaşlarına hücum edib əl-qol atmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ağstafa RPŞ-nin PPXB-nin polis nəfəri polis serjantı X1 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 21:50 radələrində Ağstafa RPŞ-nin PPXB-nin polis nəfəri polis kiçik serjantı Eldəniz Həsənov, polis siravisi Abdulla İsmayılov və polis siravisi Hüseyn Cəfərovla birlikdə 1 nömrəli postda xidmətdə olan zaman Ağstafa rayonu Pirili kənd sakini Alıyev Mübariz adlı şəxs sərxoş vəziyyətdə və onun həyat yoldaşı Şəxs polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməyə başlamışlar. Həmin vaxt onları nizam intizama dəvət etsələr də onlar polisin qanuni tələblərinə tabe olmayaraq ona və polis əməkdaşlarına hücum edib əl-qol atmışlar. Məhkəmə hazırki inzibati xəta materialı üzrə aşağıdakıları qeyd edir. Göründüyü kimi, polis işçiləri ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmaması inzibati xəta kimi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-cı maddəsinə əsasən isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Lakin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və iş materialları ilə müəyyən olunur ki, Şəxs sərxoş vəziyyətdə olan həyat yoldaşı X4 ilə birlikdə xx.xx.2023-cü il tarixdə saat 21:50 radələrində Ağstafa RPŞ-nin PPXB-nin polis nəfərləri, polis kiçik serjantı Eldəniz Həsənov, polis serjantı Abdurrahim Bayramov və polis siravisi Hüseyn Cəfərov post 1-də xidmətdə olarkən polisin ünvanına nalayiq ifadələr işlətmiş, polis əməkdaşları onu nizam intizama dəvət etdikdə onların tələbinə etiraz etməmişdir. Hazırki vəziyyətdə Şəxs polisin qanuni tələblərinə tabe olmaması sübut olunmur. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsində nəzərdə tutulur ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə qeyd edir ki, inzibati materialdan Bahar Məmmədovanın polis əməkdaşının qanuni tələblərinə tabe olmaması faktı müəyyən olunmur. Tabe olmamaq nədə ifadə olunduğu, hansı formada nümayiş olunduğu iş materiallarında öz təsdiqini tapmır. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Bu halda, Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci mаddəsi ilə nəzərdə tutulan hissəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, həmin maddə ilə inzibati məsuliyyətdən azad edilməlidir. Eyni zamanda iş materiallarında olan inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 21:50 radələrində rayon polis şöbəsinin həyətində polis əməkdaşlarının ünvanına ucadan nalayiq söyüşlər söymüşdür. Məhkəmə qeyd edir ki, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə, eyni zamanda polis işçiləri ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə şəxsin inzibati məsuliyyətinə səbəb olması təsbit edilib və İnzibati Xətalar Məcəlləsində də müvafiq məsuliyyət tədbirləri müəyyən edilib. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, Şəxs tərəfindən İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi onun özünün, şikayət vermiş şəxsin və şahidlərin izahatları, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və inzibati işin digər materialları ilə tam sübut olunur və iş üzrə inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Məhkəmə hesab edir ki, Şəxs İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinməlidir. Məhkəmə Şəxs inzibati tənbehin tətbiqi ilə aşağıdakıları qeyd edir. İnzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə repressiv (tənbehləndirici) və preventiv (xəbərdaredici) xarakter daşıyır. Çünki səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterli məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən, bu icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Məhkəmə Şəxs inzibati xətaya görə məsuliyyət məsələsinə qiymət verərək hesab edir ki, o, ilk dəfə olaraq inzibati xəta törətmiş, himayəsində azyaşlı uşaqları vardır. Həmçinin etdiyi əməldən səmimi peşiman olmaqla polis əməkdaşlarından üzrxahlıq etmişdir. Bu səbəbdən Məhkəmə hesab edir ki, Şəxs tərəfindən törədilən inzibati xətaya görə daha yüngül inzibati tənbeh tətbiq edilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini, xətanı törədən şəxsin ailə vəziyyətini, onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirməklə həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, törədilmiş inzibati xətalara görə inzibati tənbeh tədbirinin cərimə tənbehi tətbiq olunması işin hallarına, inzibati xətanın xarakterinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 24.1, 114.1.1, 115, 117, 510 və 535.1ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci mаddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, həmin maddə ilə inzibati məsuliyyətdən azad edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 50 (əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar