Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-803/2025 28.07.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Əlizadə Ləman Üzeyir qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X2, İnzibati xəta haqqında protokol tərtib etmiş Ağstafa RPŞ-nın İTB-nin polis sahəsi rəisi X3 iştirakı ilə, xx.xx.1984-cü ildə Ağstafa rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157, 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 157, 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası DİN-nin Ağstafa RPŞ-dən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 22 radələrində ünvan 2 ünvanında birgə yaşadıqları evdə anası X4 ilə aralarında yaranmış mübahisə zamanı sonuncunu əli ilə vuraraq döymüş, bundan sonra küçədə anasının ünvanına nalayiq ifadələr işlədərək səs-küy salmışdır. Daha sonra polis əməkdaşları onu Ağstafa RPŞ-nə gətirərək növbətçi hissəyə təhvil vermişlər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında bildirdi ki, o, anasını döyməmiş, lakin küçədə anasının ünvanına nalayiq ifadələr işlətmişdir. Həmin zaman polis əməkdaşlarının ora gəlmiş və polis əməkdaşlarına heç bir müqavimət göstərmədən onlarla birlikdə Ağstafa RPŞ-nin inzibati binasına gəlmişdir. Hazırda etdiyi əməldən peşmandır. Ona görə də, qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağstafa RPŞ-nın İTB-nin polis sahə rəisi X9 protokolu müdafiə edib bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 22 radələrində ünvan 2 ünvanında birgə yaşadıqları evdə anası X4 ilə aralarında yaranmış mübahisə zamanı sonuncunu əli ilə vuraraq döymüş, bundan sonra küçədə anasının ünvanına nalayiq ifadələr işlədərək səs-küy salmışdır. Daha sonra onlar onu Ağstafa RPŞ-nə gətirərək növbətçi hissəyə təhvil vermişlər. Həmin zaman polis əməkdaşları ora gəlmiş və polis əməkdaşlarına heç bir müqavimət göstərmədən onlarla birlikdə Ağstafa RPŞ-nin inzibati binasına gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 və X1 RPŞ-nın İTB-nin polis sahəsi rəisi X9 ilə eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 22 radələrində ünvan 4 ünvanında birgə yaşadıqları evdə anası X4 ilə aralarında yaranmış mübahisə zamanı sonuncunu əli ilə vuraraq döymüş, bundan sonra küçədə anasının ünvanına nalayiq ifadələr işlədərək səs-küy salmışdır. Daha sonra polis əməkdaşları onu Ağstafa RPŞ-nə gətirərək növbətçi hissəyə təhvil vermişlər. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 26 iyul 2025-ci il tarixli, 297 nömrəli rəyinə əsasən X2 bədəninin səthində aşkar edilmiş xəsarətlər – sağ almacıq nahiyyəsində şişkinlik və qançır küt əşyanın təsirindən törənmişdir. Qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni, xx.xx.2025-ci il tarixdə əllə vurma nəticəsində əmələ gələ bilər. Məhkəmə hazırki inzibati xəta materialı üzrə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-cı maddəsinə əsasən isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və iş materialları ilə müəyyən olunur ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 22 radələrində ünvan 4 ünvanında polis əməkdaşları onu nizam-intizama dəvət etdikdə onların qanuni tələblərinə tabe olmuşdur. Hazırki vəziyyətdə Şəxs polisin qanuni tələblərinə tabe olmaması sübut olunmur. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsində nəzərdə tutulur ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə qeyd edir ki, inzibati materialdan Şəxs polis əməkdaşının qanuni tələblərinə tabe olmaması faktı müəyyən olunmur. Tabe olmamağın nədə ifadə olunduğu, hansı formada nümayiş olunduğu iş materiallarında öz təsdiqini tapmır. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Bu halda, Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan hissəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, həmin maddə ilə inzibati məsuliyyətdən azad edilməlidir. Eyni zamanda iş materiallarında olan inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 22 radələrində ünvan 2 ünvanında birgə yaşadıqları evdə anası X4 ilə aralarında yaranmış mübahisə zamanı sonuncunu əli ilə vuraraq döymüş, bundan sonra küçədə anasının ünvanına nalayiq ifadələr işlədərək səs-küy salmışdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, Şəxs tərəfindən İXM-nin 510 və 157-cı maddələri ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi onun özünün izahatı, raport, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol, şahid ifadələri, zərərçəkmiş şəxsin izahatı, ekspert rəyi və inzibati işin digər materialları ilə tam sübut olunur və iş üzrə inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də, Məhkəmə hesab edir ki, Şəxs İXM-nin 510 və 157-cı maddələri ilə məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə Şəxs inzibati tənbehin tətbiqi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs ilk dəfə inzibati xəta törətmişdir və həmin hal onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirilir. İş materiallarında onun məsuliyyətini ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, ədalətlilik prinsipinin inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biri kimi qəbul etməklə və Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini, xətanı törədən şəxsin ailə vəziyyətini, onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirməklə həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, törədilmiş inzibati xətalara görə inzibati tənbeh tədbirinin həbs tənbehi tətbiq olunması işin hallarına, inzibati xətanın xarakterinə uyğundur. Məhkəmə eyni zamanda hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati qaydada həbs olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Eyni zamanda iş materiallarından görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə inzibati qaydada tutulumuş, xx.xx.2025-ci il tarixdə iltizam alınaraq azad olunmuş, xx.xx.2025-ci il tarixdə saat 21:45-də yenidən tutulmuşdur. Məhkəmə hesab edir ki, Şəxs 26 iyul 2025ci il tarixdən 27 iyul 2025-ci il tarixədək inzibati qaydada tutulduğu 1 (bir) gün müddət ona təyin olunmuş inzibati qaydada həbs tənbehdən çıxılmalı, həbsdə saxlama müddətinin əvvəli 27 iyul 2025-ci il tarixdən saat 21:45-dən hesablanmalı, həmin müddətdə Ağstafa rayon X7 Saxlama Yerində saxlanılsın. Belə ki, Azərbaycan Respublikası İXM-nin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 37, 114.1.1, 115, 117, 157, 510 və 535.1-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, həmin maddə ilə inzibati məsuliyyətdən azad edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 10 (on) gün, İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 25 (iyirmi beş) gün müddətə inzibati qaydada həbs edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Şəxs qəti olaraq 25 (iyirmi beş) gün müddətə inzibati qaydada həbs edilsin. Şəxs 26 iyul 2025-ci il tarixdən 27 iyul 2025-ci il tarixədək inzibati qaydada tutulduğu 1 (bir) gün müddət ona təyin olunmuş 25 (iyirmi beş) gün müddətə inzibati qaydada həbs tənbehdən çıxılaraq üzərində 24 (iyirmi dörd) gün müddətə inzibati qaydada həbs tənbehi saxlanılsın. Şəxs həbsdə saxlama müddətinin əvvəli 27 iyul 2025-ci il tarixdən saat 21:45-dən hesablansın. Şəxs həmin müddətdə Ağstafa rayon X7 Saxlama Yerində saxlanılsın. Qərar dərhal icra olunsun. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağstafa rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Heyran Mürsəlova
Məhkəmə qərarları › İş №3(015)-803/2025
Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-803/2025
28.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver