Məhkəmə qərarları › İş №3(015)-809/2024

Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-809/2024

01.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-809/2024 01.05.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Ağstafa rayon prokuroru Anar Cəfərovun 15 aprel 2024-cü il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərarı və və ona əlavə olunmuş material məhkəməyə daxil olmuşdur. “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 15 aprel 2024-cü il tarixli qərardan və ona əlavə olunmuş materiallardan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 22 radələrində keçmiş arvadı Zərərçəkmiş şəxs məxsus Ağstafa rayonu, Həsənsu kəndində yerləşən ərzaq mağazasına girərək aralarında yaranmış münaqişə zamanı sonuncuya məxsus ərzaq mağazasının şüşəsini sındırıb əmlakını qəsdən zədələyərək 50 manat ziyan vurmuşdur. Bununla da, Azərbaycan Respublikasının İnizbati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulan əmlakı qəsdən məhv etmə və ya zədələmə inzibati xətasını törətmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və Ağstafa rayon prokurorluğuna məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, işə baxılmasının təxirə salınması haqqında onlardan vəsatət daxil olmamış və ya belə vəsatət rədd edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsini rəhbər tutaraq inzibati xətalar haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Ona görə də məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmçinin zərərçəkmiş şəxs məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə İXM-nin 62.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 15 aprel 2024-cü il tarixli qərarı, ona əlavə olunmuş materialları nəzərdən keçirib və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarında olan “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 15 aprel 2024-cü il tarixli qərardan görünür ki, 6ix-24 nömrəli material üzrə Ağstafa rayon prokurou Anar Cəfərov tərəfindən 15 aprel 2024-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və aidiyyəti üzrə Ağstafa Rayon Məhkəməsinə göndərilmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ və X hissələri baxımından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 18.6, 43.3-1, 54.2 və 103-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 oktyabr 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ və X hissələrinin hüquqi mahiyyətindən irəli gələrək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 54.2-ci maddəsində sadalanan inzibati xətalarla yanaşı, digər inzibati xətalar haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul etmiş prokuror həmin qərarı hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün bu Məcəllənin 18.5 və 103cü maddələrinə əsasən məhkəməyə göndərməkdə haqlıdır. İXM-nin 43.1-ci maddəsinə görə həmin Məcəllənin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında işə baxmaq məhkəmənin səlahiyyətinə aiddir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. “Eviniz tikilsin” inşaat materialları mağazasından rayon prokurorluğuna daxil olmuş məktubda qeyd olunmuşdur ki, uzunluğu 2.2 metr, eni 80 sm olan qapı şüşəsinin 2024-cü il yanvar ayına orta bazar qiyməti 50 manat təşkil edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən məsuliyyətini yüngüləşdirən və həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, Şəxs barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232- 1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs (FİN:xxxxxxx, xx.xx.1986-cı il tarixində Qazaxıstan Respublikası Çimkənd kəndində anadan olmuş, subay orta təhsilli, işsiz, Ağstafa rayonu, Vurğun qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinərək vurulmuş maddi ziyanın 1 (bir) misli miqdarında, yəni 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Ağstfa rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsinə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar