Məhkəmə qərarları › İş №3(015)-842/2023

Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-842/2023

02.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-842/2023 02.08.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X3 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1994-cü ildə Gürcüstan Respublikasında doğulmuş, Gürcüstan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, müvəqqəti olaraq Ağstafa rayonu Qaçaq Kərəm kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 510-cu maddəsi ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası DİN-nin Ağstafa RPŞ-dən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə axşam saatlarında Ağstafa şəhəri Nüsrət Kəsəmənli küçəsində səs-küy salaraq xırda xuliqanlıq hərəkətləri etmişdir. Buna görə də onun barəsində İXM-nin 510-cu maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirdi ki, zərərçəkmiş şəxsin valideyni telefonla danışarkən ona təhqiredici ifadə işlətmişdir. O qadın olduğu üçün ona heç nə deməmiş, oğlu Sürəddinə zəng etmişdir. Qardaşı ona nalayiq ifadə işlədib telefonu söndürmüşdür. Bundan sonra onların evinə getmiş, həmin zaman evdən zərərçəkmiş şəxs X2 həyətə çıxmış, ona nalayiq ifadələr işlətmiş, həmçinin Aytacın atdığı daş onun avtomobilinə dəymişdir. Sonra avtomobilə minib oradan uzaqlaşmışdır. Etdiyi əməldən peşimandır. Ona görə də qeyd etdiklərini nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, qardaşı Sürəddin ilə Elşənin arasında mühabisə telefon zəngi vasitəsilə başlayıb. Bir-birlərinə nalayiq ifadələr işlətmişlər. Elşən qardaşına deyib ki çıx çölə gəlirəm. Həmin vaxtı anası ona zəng edərək mübahisə barədə məlumat vermişdir ki, gəlsin qardaşı dalaşır. O da işdən evə gəlmişdir. Qardaşına deyib ki sən çıxma mən özüm çıxacam ki görüm nə istəyir. Maşından düşən kimi Elşən onun qolundan tutmuşdur ki, sən kimsən məniş qarşıma çıxırsan. Bundan sonra qardaşı ilə bacısı da çölə çıxmışdır. Qardaşı ilə Elşəngil itələşəndə onları ayırmışlar. Elvin gəlib bacısını vuranda, o yerdən daş götürüb atmış, daş maşına dəymişdir. X5 adlı polis əməkdaşının maşınına minərək getmiş, arxası ilə onun qardaşı Elvin də getmişdir. Bundan sonra qardaşı Sürəddin hadisə barədə 102 xidmətinə zəng edərək məlumat vermişdir. Ona görə də Elşənin inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. İş materiallarında olan 07 may 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs hərəkətləri ətrafa kənar şəxslərin toplaşmağına, ictimai qayda kobud sürətdə pozulmağına və cəmiyyətə açıqca hörmətsizlik ifadə olunması ilə müşayiət olunması sübuta yetirilmədiyindən onun barəsində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsi üzrə cinayət işi başlanılması rədd edilmiş, onun əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tərkib əlamətləri olduuğuna görə onun barəsində həmin maddə ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın sürəti Ağstafa RPŞ-nin İTB-nə göndərilmişdir. Məhkəmə qeyd edir ki, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə, eyni zamanda polis işçiləri ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə şəxsin inzibati məsuliyyətinə səbəb olması təsbit edilib və İnzibati Xətalar Məcəlləsində də müvafiq məsuliyyət tədbirləri müəyyən edilib. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatları və iş materialları ilə müəyyən olunur ki, Şəxs xx.xx.2023-cü il tarixdə axşam saatlarında Ağstafa şəhəri Nüsrət Kəsəmənli küçəsində səs-küy salaraq xırda xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, Şəxs tərəfindən İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi onun özünün, şikayət vermiş şəxsin izahatları, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və inzibati işin digər materialları ilə tam sübut olunur və iş üzrə inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Məhkəmə hesab edir ki, Şəxs İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinməlidir. Məhkəmə Şəxs inzibati tənbehin tətbiqi ilə aşağıdakıları qeyd edir. İnzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə repressiv (tənbehləndirici) və preventiv (xəbərdaredici) xarakter daşıyır. Çünki səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterli məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən, bu icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Məhkəmə Şəxs inzibati xətaya görə məsuliyyət məsələsinə qiymət verərək hesab edir ki, o, ilk dəfə olaraq inzibati xəta törətmiş, həmçinin etdiyi əməldən səmimi peşiman olmuşdur. Bu səbəbdən Məhkəmə hesab edir ki, Şəxs tərəfindən törədilən inzibati xətaya görə daha yüngül inzibati tənbeh tətbiq edilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini, xətanı törədən şəxsin ailə vəziyyətini, onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirməklə həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, törədilmiş inzibati xətalara görə inzibati tənbeh tədbirinin cərimə tənbehi tətbiq olunması işin hallarına, inzibati xətanın xarakterinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 24.1, 114.1.1, 115, 117, 510 və 535.1ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 100 (yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar