Məhkəmə qərarları › İş №3(015)-862/2025

Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-862/2025

02.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-862/2025 02.10.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X7 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi ilə, X6 tərəfindən verilmiş Bakı şəhəri Səbail rayon DYPŞ-nin xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv olunması barədə şikayət ərizəsinə açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq, məhkəmə Müəyyən etdi: Bakı şəhəri Səbail rayon DYPŞ-nin xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 329.3, 327.7 və 333.1-ci maddələri ilə inzibati qaydada tənbeh edilmişdir. Məhkəmə iclasında iştirak edən X6 şikayəti müdafiə edib izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixində saat 04:00 radələrində şəxsi avtomibilində oturan zaman yol patrul xidmətinin əməkdaşları ona yaxışlaşaraq spirtli içki qəbul etdiyinə görə ona protokol tərtib edərək cərimə yazmışlar. Həmin vaxt o, spirtli içki qəbul etdiyi üçün “Ayıq sürücü” xidmətinə zəng edərək onun avtomobilini idarə etməsi üçün ayıq sürücü çağırmışdır. Ayıq sürücü gələnə qədər o, avtomobildə oturmuşdur. Hətta polis əməkdaşları orada olan zaman ayıq sürücü xidmətindən bir nəfər gəlmişdir. O, polis əməkdaşlarına avtomobili idarə etmədiyini bildirsə də yenə də ona əsassız olaraq pul cəriməsi və 5 cərimə balı yazmışlar. O, sərxoş vəziyyətdə avtomibil idarə etməmişdir. Ona görə də barəsində qəbul edilmiş Bakı şəhəri Səbail rayon DYPŞ-nin xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Sonuncu məhkəmə baxış iclasının vaxtı və yeri haqqında şikayət vermiş şəxsə və protokolu tərtib etmiş Bakı şəhəri Səbail rayon DYPŞ-nə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət daxil olmamış və ya belə vəsatət rədd edilməmişdir. Ona görə də, məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət vermiş şəxsi dinləyib, şikayəti araşdırıb hesab edir ki, şikayət aşağıdakılara əsasən təmin olunmalıdır. İş materiallarından görünür ki, X6 barəsində xx.xx.2025-ci il tarixdə Səbail rayon DYPŞ-nin Yol Patrul Xidmətinin inspektoru polis baş serjantı X2 tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.7, 329.3 və 333.1-ci maddələri ilə xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və həmin protokol əsasında xx.xx.2025-il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. X3 barəsində olan xx.xx.2025-il tarixli inzibati tənbeh vermə haqqında qərarın qəbul olunmasına əsas olmuş inzibati xəta haqqında protokol İXM-nin 100-cü maddəsinə əsasən tərtib olunmamışdır. Hazırki inzibati xəta haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin izahatı alınmamış, inzibati xətanın xətanın mahiyyəti, inzibati xətanın aşkar edilməsini təsdiq edən sübut mövcud deyildir. Bundan başqa, qanunvericiliyin tələbinə əsasən inzibati xəta haqqında protokol tərtib edildikdə həmin protokol əsaslı olub-olmaması ilə bağlı sübut etmə vəzifəsi protokolu tərtib edən orqanın üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsində nəzərdə tutulur ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə uyğun olaraq, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 60-cı maddəsində səlahiyyətli orqan tərəfindən bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edilməsi, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırması proseduru müəyyən edilmişdir. Həmin maddədə qeyd olunur ki, işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. Məhkəmə qeyd edir ki, inzibati xəta protokolda X3 işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə və nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə barəsinda inzibati qaydada protokol tərtib edilmişdir. İnzibati xəta hadisəsinin harada baş verməsi inzibati xəta haqqında protokoldan görünmür. İnzibati icraatın ən mühüm şərtlərindən biri xəta hadisəsinin harada və nə vaxt baş verməsinin qeyd olunmasıdır. Belə ki, əgər şəxsin işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozması halı baş verirsə bu hadisənin harada, hansı şəraitdə baş verməsi, həmin halın hansı texniki vasitələrin və ya cihazlar vasitəsilə qeydə alınması iş materialları ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 100.5-ci maddəsinə əsasən, nömrələnmiş blankda tərtib edilmiş inzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix, vaxt və yer, protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat (fiziki və ya vəzifəli şəxslərin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşadığı və olduğu yerin ünvanı, hüquqi şəxsin adı, VÖEN-i, hüquqi və faktiki ünvanları), inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi, olduğu halda şahidlərin və zərərçəkmiş fiziki şəxslərin soyadı, adı, atasının adı və onların yaşadığı və olduğu yerin ünvanı, hüquqi şəxsin adı, VÖEN-i, hüquqi və faktiki ünvanları, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları, inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar, inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirilmişdirsə və ya maddi zərər vurulmuşdursa, bu hallar barədə qeydlər və inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilir. X1 barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolda törədilmiş inzibati xətanın mahiyyəti konkret olaraq göstərilməmişdir. Həmin protokolda xətanın mahiyyəti kimi yalnız İXM-nin müvafiq maddələri qeyd edilmişdir. Eyni zamanda həmin protokolda Rauf Əliyevin idarə etdiyi avtomobili işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmasının hansı şəraitdə baş verməsi, həmin halın hansı texniki vasitələrin və ya cihazlar vasitəsilə qeyd olunması göstərilməmişdir. Bundan başqa, "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 3.1-ci maddəsinə əsasən alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkim-narkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə tibbi müayinəyə göndərilmə barədə protokolla həyata keçirilir. Həmin qanunun 3.4-cü maddəsinə əsasən müayinə aparan həkim-narkoloq bu Qaydaların əlavəsinə uyğun formada 3 nüsxədən (əsli və surəti) ibarət tibbi müayinə aktı tərtib edir. Aktda yoxlanılan şəxs barədə məlumatlar (adı, soyadı, atasının adı, doğulduğu tarix, sürücülük vəsiqəsinin nömrəsi), müayinə aparılması barədə qərar qəbul edən orqanın adı və müayinənin səbəbi göstərilir. Eyni qanunun 3.5-ci maddəsinə əsasən müayinənin nəticələri aktda qeyd olunur və aktın bir surəti müayinə edilən şəxsə, bir surəti isə onu müayinəyə təqdim etmiş vəzifəli şəxsə təqdim edilir. Həmçinin “sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” protokol hal şahidlərinin iştirakı ilə tərtib olunmalıdır. İXM-nin 69-cu maddəsinə əsasən sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər və onların sayı iki nəfərdən az ola bilməz. Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə məsuliyyət müəyyən edir. Məlum olduğu kimi nəqliyyat vasitəsini idarə etmək dedikdə ona sürücü tərəfindən hər hansı bir fiziki idarəetmə və nəqliyyat vasitəsinin hərəkətdə olması başa düşülür. Rauf Əliyev məhkəmədə qeyd edir ki, o, nəqliyyat vasitəsini idarə etməmişdir. O, sərxoş olduğundan “Ayıq sürücü” xidmətinə zəng edərək avtomobilində əyləşərək onun avtomobilini idarə etməsi üçün ayıq sürücü çağırmışdır. Bu zaman yol polisi əməkdaşları ona yaxınlaşaraq nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi barədə inzibati xəta haqqında protokol tərtib etmişlər. Bundan başqa, X3 nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi inzibati xəta haqqında protokoldan görünmür. Belə ki, Rauf Əliyevin sərxoş vəziyyətdə idarə etməsi halı baş verirsə bu hadisənin harada, hansı şəraitdə baş verməsi, orada hal şahidlərinin iştirak etməsi, həmin halın hansı texniki vasitələrin və ya cihazlar vasitəsilə aşkar olunması iş materialları ilə təsdiq olunmur. Eyni zamanda, Səbail rayon polis idarəsinə X4 xx.xx.2025-ci il tarixdə saxlanılması zamanı qeydə alınmış video görüntünün Məhkəməyə göndərilməsi barədə dəfələrlə sorğu məktubu göndərilsə də məhkəmənin həmin sorğularına cavab verilməmişdir. Göründüyü kimi, X3 işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozması, alkoqoldan istifadə olunmaqla nəqliyyat vasitəsini idarə etməsi barədə sübut mövcud deyildir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2025-ci il tarixli qərarda inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilmədiyindən şikayət əsaslıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135-ci maddəsinə uyğun olaraq, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardandır. Beləliklə, Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, şikayət təmin edilməli, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.7, 329.3 və 333.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Səbail rayon DYPŞnin xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 128-130, 134 və 135-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şikayəti təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.7, 329.3 və 333.1ci maddələri ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Səbail rayon DYPŞ-nin xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar