Məhkəmə qərarları › İş №3(015)-899/2023

Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-899/2023

17.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-899/2023 17.08.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X3 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx.xx.1973-cü ildə Ağstafa rayonununda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 157-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Ağstafa rayon polis şöbəsindən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Ağstafa şəhərində yerləşən “Nəsiboğlu” otelin yaxınlığında X2 ilə aralarında olan mübahisə zamanı dalaşaraq sonuncuya dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Buna görə də Şəxs barəsində Ağstafa rayon polis şöbəsi tərəfindən İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən inzibati xəta törətmiş Şəxs özünü təqsirli bilməyib izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 11 radələrində bacısı gilə gedən zaman yolda keçmiş qaynanası Şərqiyyə Hüseynova ilə qarşılaşmış, bu zaman Şərqiyyə Hüseynova onu söyüb təhqir etmişdir. Bele olan halda onların arasında mübahisə yaranmış, Şərqiyyə Hüseynova onu təqhir etdiyi üçün o da onu təhqir etmişdir. O, Şərqiyyəni döyməmişdir. Ona görə də qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən zərərçəkmiş şəxs X2 izahatında bildirdi ki, keçmiş gəlini Şəxs ilə aralarında tez-tez münaqişələr olur. Zeynəb heç bir səbəb olmadan onu söyüb təhqir edir, yaşadığı evin ev telefonuna zəng edərək təhqir edir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında yaşadığı evdən nəvəsi Mədinənin təxminən 2 ay əvvəl qolu qırıldığı üçün onu həkim nəzarətinə yoxlanması üçün aparmış, bu zaman Ağstafa şəhəri “Nəsiboğlu” otelin yaxınlığında keçmiş gəlini Şəxs ilə rastlaşmışdır. Onu gördüyü üçün yoluna davam etmiş, lakin Şəxs onu söyüb təhqir edərək, arxadan yaxınlaşıb saçından tutmuş, daha sonra onu boğaraq yumruq təpiklə döymüşdür. Bundan sonra tanımadıqları iki nəfər şəxs onları ayırmış, Zeynəb oradan uzaqlaşıb getmişdir. Bundan sonra o Ağstafa RPŞ-nə yaxınlaşaraq Şəxs onu döyməsi və söyüb təhqir etməsi barədə şikayət ərizəsi ilə müraciət etmişdir. Ona görə də Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. Məhkəmə hazırki inzibati xəta materialı üzrə aşağıdakıları qeyd edir. Məhkəməyə təqdim olunmuş materiallardan müəyyən olunur ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Ağstafa şəhərində yerləşən “Nəsiboğlu” otelin yaxınlığında X2 ilə aralarında olan mübahisə zamanı dalaşaraq sonuncuya dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Həmin, hadisədən sonra X2 xx.xx.2023cü il tarixdə Ağstafa RPŞ-nə ərizə verərək, həmin tarixdə keçmiş gəlini Şəxs tərəfindən döyülməsini bildirərək qarşı tərəf barəsində tədbir görülməsini xahiş etmişdir. Polis şöbəsində aparılmış araşdırma zamanı Şərqiyyə Hüseynova ekspertizadan keçirilmiş, iş üzrə alınmış ekpsert rəyində isə onun xəsarətləri yüngül olduğundan dərəcəsi təyin edilməyən xəsarətlər olduğundan toplanmış material üzrə əməldə cinayət hadisəsi olmadığından 11 avqust 2023-cü il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Ağstafa RPŞ-nin İTB-nə göndərilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, Şəxs tərəfindən İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi onun özünün və zərərçəkmiş şəxsin izahatları, cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar, ekspert rəyi, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və inzibati işin digər materialları ilə tam sübut olunur və iş üzrə inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Məhkəmə hesab edir ki, Şəxs İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinməlidir. Məhkəmə Şəxs inzibati tənbehin tətbiqi ilə aşağıdakıları qeyd edir. İnzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə repressiv (tənbehləndirici) və preventiv (xəbərdaredici) xarakter daşıyır. Çünki səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterli məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən, bu icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Məhkəmə Şəxs inzibati xətaya görə məsuliyyət məsələsinə qiymət verərək hesab edir ki, o ilk dəfə inzibati xəta törətmiş və qadındır. Bu səbəbdən Məhkəmə hesab edir ki, Şəxs tərəfindən törədilən inzibati xətaya görə daha yüngül inzibati tənbeh tətbiq edilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini, xətanı törədən şəxsin ailə vəziyyətini, onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirməklə həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, törədilmiş inzibati xətalara görə inzibati tənbeh tədbirinin cərimə tənbehi tətbiq olunması işin hallarına, inzibati xətanın xarakterinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.1, 115, 117, 118 və 157-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar