Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-920/2024 13.05.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi ilə, Şəxs (MMC-nin) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Ağstafa rayon Polis şöbəsinin (RPŞ) Dövlət yol polisi Bölməsi (DYPB) tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Ağstafa rayon Polis şöbəsinin Dövlət yol polisi Bölməsi tərəfindən tərtib edilmiş 24 aprel 2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Ağstafa Rayon Məhkəməsinə göndərilmişdir. İXM-nin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Şəxs MMC-yə məxsus “MERCEDES BENZ E220 CDİ” minik markalı, **-AA-*** dövlət qeydiyyatlı nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən Ağsu-Ağdaş yolunun 214-cü kilometrliyində Ağdaş istiqamətində yolda müəyyən edilmiş hərəkət sürəti 11 km/saat həddində aşılmışdır. xx.xx.2024-cü il tarixində elektron xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat alınması üçün Şəxs MMC-yə xx.xx.2024-cü il tarixində sorğu göndərilmişdir. Lakin, inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs haqqında məlumat sorğusu daxil olan səlahiyyətli orqana (vəzifəli şəxsə) verilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında onlardan vəsatət daxil olmamış və ya belə vəsatət rədd edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 64.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında protokol tərtib edilən Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Ağstafa RPŞ-nin DYPB-nin Şəxs MMC-yə ünvanladığı sorğunun hansı səlahiyyətli vəzifəli şəxs və ya qurum tərəfindən verilməsi bəlli deyildir. Həmin sənədin təyinatını məhkəmə tərəfindən müəyyən etmək mümkün olmamış və o, kargüzarlıq qaydalarına uyğun tərtib edilməmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş qurum tərəfindən həmin sənədin mötəbərliliyinə dair sübut məhkəməyə təqdim edilməmişdir. İş materiallarında sorğunun xx.xx.2024-cü il tarixində verilməsi qeyd olunsa da, poçt göndərişinin verilməsi haqqında xəbərnamədən müəyyən edilmişdir ki, həmin sorğu xx.xx.2024-cü il tarixində poçtda qeydiyyata alınaraq xx.xx.2024-cü il tarixdə ünvan sahibinə çatdırılmış və şəxsiyyəti bəlli olmayan naməlum şəxs tərəfindən qəbul edilmişdir. Xəbərnamədən hansı sorğunun ünvana çatdırılması və naməlum şəxsin hüquqi şəxslə nə kimi bağlılığının olması bəlli deyildir. Mövcud ziddiyyətlər qeyd olunan sorğunun cəmiyyətə həqiqətən çatdırılması barədə məhkəmədə kifayət qədər əsaslı şübhələr doğurur. Belə ki, Azərbaycan Respublikası İXM-nin 57.3-cü maddəsinə əsasən ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. Bundan başqa xəbərnamə üzərindəki “SX004103218AZ” saylı poçtun göndərilməsinin identifikasiya nömrəsi “Azərpoçt" MMC-nin “http://www.azerpost.az” rəsmi saytındakı “Poçt göndərişlərinin izlənilməsi” xidməti vasitəsilə məhkəmə tərəfindən yoxlanılarkən müəyyən edildi ki, qeyd olunan sorğu haqqında bazada hər hansı bir məlumat yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli protokolda inzibati xətanın aşkar edildiyi vaxt əks etdirilməmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinin dispozitiv şərtlərinin məzmunundan görünür ki, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın bu barədə sorğusu ona daxil olduğu vaxtdan 5 gün müddətində cavab verilməməsinə görə inzibati xəta tərkibi yaranır. Yəni, müvafiq qurumun sorğusu hüquqi şəxsə çatdırıldığı vaxtdan 5 gün sonra cavab verilmədiyi təqdirdə, 5-ci günün ertəsi gün inzibati xəta törədilmiş hesab olunur. Məhkəmə qeyd edir ki, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinin tərkibini yaradır. Lakin, inzibati iş materiallarında sorğunun xx.xx.2024-cü il tarixində verilməsi qeyd olunsa da 5 gün müddət gözlənilmədən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair həmin gün, yəni xx.xx.2024-cü il tarixində İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Beləliklə, məhkəmə iş materiallarında mövcud olan şübhələri barəsində inzbati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin xeyrinə həll etməklə hesab edir ki, hüquqi şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş Şəxs MMC-yə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) və ona istinad edilən inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Ona görə də, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114-117, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №3(015)-920/2024
Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-920/2024
13.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver