Məhkəmə qərarları › İş №3(015)-923/2024

Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-923/2024

03.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-923/2024 03.05.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1970-ci ildə Ağstafa rayonunun Eynallı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Ağstafa rayonunun Eynallı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala Ağstafa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağstafa rayon Polis şöbəsindən (RPŞ-dən) material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 09:50 radələrində Ağstafa İcra Hakimiyyətinin qarşısında ucadan nalayiq ifadələr işlədərək polisin tələbinə tabe olmamışdır. Buna görə də Şəxs barəsində xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağstafa RPŞ-nin X1 (İTB-nin) sahə rəisi, polis baş leytenantı X3 tərəfindən İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən inzibati xəta törətmiş Şəxs özünü qismən təqsirili bilərək izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə Ağstafa rayon İcra Hakimiyyətinin qarşısında olan zaman Məzahir adlı şəxs tərəfindən evi ilə bağlı təhqir edildiyindən özünü cilovlaya bilməyib əsəbləşib ucadan nalayiq ifadələr işlətmişdir. Bundan sonra polis əməkdaşları irad tutaraq ona polis şöbəsinə getməli olduğunu bildirmişlər. O, həmin zaman polis əməkdaşları tərəfindən Ağstafa RPŞ-nin inzibati binasına gətirilmişdir. Ona görə də qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, Ağstafa rayon İcra hakimiyyətində mühafizə polisi əməkdaşı vəzifəsində çalışır. xx.xx.2024-cü il tarixdə saat 09:20 radələrində Ağstafa rayon İcra Hakimiyyətində xidmətdə olan zaman tanımadığı iki nəfər şəxsin ucadan səs-küy salaraq ictimai qaydanın və ictimai təhlükəsizliyin pozulmasına şahid olmuşdur. Həmin zaman Ağstafa RPŞ-nə məlumat verərək tanımadığı iki nəfər şəxsin ucadan səs-küy salmasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, Ağstafa rayon prokurorluğunda mühafizə polisi əməkdaşı vəzifəsində çalışır. xx.xx.2024-cü il tarixdə saat səhər 09 radələrində Ağstafa rayonu, Eynallı kənd sakinləri Şəxs və X6 rayon prokurorluğuna gələrək Eynallı kəndində yerləşərən fərdi yaşayış evlərinin təmirindən narazı olduqlarını bildirib rayon rəhbərliyinin ünvanına nalayiq ifadələr səsləndirmişlər. Tərəfindən dəfələrlə onlara xəbərdarlıq edilməsinə baxmayaraq həmin şəxslər yüksək səslə müxtəlif nalayiq ifadələr səsləndirərək prokurorluğun fəaliyyətinə mane olmuşlar. Həmin şəxslər rayon prokurorluğunun qarşısında olarkən də yüksək səs tonu ilə nalayiq ifadələr işlədib ətrafdakı insanları narahat edərək ictimai asayişi pozmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirdi ki, Ağstafa RPŞ-nin Postpatrul xidmətinin manqa komandiri vəzifəsində çalışır. xx.xx.2024-cü il tarixdə təxminən saat 09:50 radələrində Ağstafa şəhəri ərazisində xidmətdə olan zaman İcra hakimiyyətinin inzibati binasının qarşısında tanımadığı iki nəfər qadının ucadan səs-küy salaraq söyünclər söydüyünü eşitmiş, özünü təqdim edərək intizama dəvət etmiş lakin onlar qanunun tələbinə qəsdən tabe olmamışlar. Həmin qadınları Ağstafa RPŞ-nə dəvət edərkən oradan uzaqlaşmaq istəmişlər, lakin onları tutaraq Ağstafa RPŞ-nə gətirmişlər. Ağstafa RPŞ-nə gətirilən zaman müəyyən olunmuşdur ki, həmin qadınlar Eynallı kənd sakinləri Şəxs və bacısı X5r. Məhkəmə hazırki inzibati xəta materialı üzrə aşağıdakıları qeyd edir. Göründüyü kimi, polis işçiləri ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmaması inzibati xəta kimi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Lakin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və iş materialları ilə müəyyən olunur ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 09:50 radələrində İcra hakimiyyətinin qarşısında ucadan nalayiq söyünclər söyərək polisin tələbinə tabe olmamışdır. Bundan sonra polis əməkdaşları ona irad tutaraq onlarla birlikdə polis şöbəsinə getməli olduğunu bildirmişlər. O, polis əməkdaşlarına qarşı narazılıq etməmiş onlarla birlikdə Ağstafa RPŞ-nin inzibati binasına gəlmişdir. Hazırki vəziyyətdə Şəxs xx.xx.2024-cü il tarixdə Ağstafa şəhərində polisin qanuni tələblərinə tabe olmaması sübut olunmur və tabe olmamağın nədə ifadə olunduğu, hansı formada nümayiş olunduğu iş materiallarında öz təsdiqini tapmır. Azərbaycan Respublikası İXM-nin 53.0.1-ci və 53.0.2-ci maddələrinə görə, inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Bu halda, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağstafa RPŞ-nin İTB-nin polis sahə rəisi polis baş leytenantı X3 tərəfindən tərtib olunmuş 03 may 2024-cü il tarixli MN ******* №-li inzibati protokola əsasən Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan hissəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, həmin maddə ilə inzibati məsuliyyətdən azad edilməlidir. Eyni zamanda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, iş materiallarında olan inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs ictimai qaydanı pozaraq xx.xx.2024-cü il tarixdə Ağstafa rayon İcra hakimiyyətinin qarşısında ucadan nalayiq söyünclər söyərək polisin tələbinə tabe olmamışdır. Məhkəmə qeyd edir ki, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə şəxsin inzibati məsuliyyətinə səbəb olması təsbit edilib və İnzibati Xətalar Məcəlləsində də müvafiq məsuliyyət tədbirləri müəyyən edilib. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, Şəxs tərəfindən İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi onun özünün izahatı, raport, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol, inzibati işin digər materialları ilə tam sübut olunur və iş üzrə inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Məhkəmə hesab edir ki, Şəxs İXM-nin 510-cu maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs səmimi peşmançılığını İXM-nin 32.1.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini, xətanı törədən şəxsin cavanlığını, onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirməklə həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, törədilmiş inzibati xətalara görə inzibati tənbeh tədbirinin cərimə tənbehi tətbiq olunması işin hallarına, inzibati xətanın xarakterinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 53, 105, 114.1.1, 115, 117, 118, 510 və 535.1-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 50 (əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, həmin maddə ilə inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar