Məhkəmə qərarları › İş №3(015)-928/2024

Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-928/2024

07.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-928/2024 07.05.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Ağstafa Rayon Məhkəməsi, hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Nağıyev Sənan Tahir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1994-cı ildə Ağstafa rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Ağstafa rayon Polis şöbəsindən (RPŞ) material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, ərazidə ictimai asayişi mühafizə edən Ağstafa rayon Polis şöbəsinin Post-patrul Xidmətinin (PPX) polis əməkdaşları xx.xx.2024-cü il tarixdə, axşam saat 00:58 radələrində Ağstafa rayonunda yerləşən “Kamiloğlu” inşaat materialları mağazasının qarşısında VAZ 2106 markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını görmüşlər. Onlar xidməti avtomobillərini həmin avtomobilin yanında saxlayaraq özlərini təqdim edib sürücüdən avtomobili burada nə üçün saxladığını soruşduqda həmin şəxsdən kəskin spirtli içki qoxusu gəldiyi üçün qeyd olunan ünvana xidmətdə olan Ağstafa RPŞ-nin Dövlət yol polisi bölməsinin (DYPB) Yol-patrul xidmətinin (YPX) əməkdaşlarını dəvət etmişlər. Həmin vaxt avtomobili idarə edən şəxs və sərnişin qismində olan şəxslər üzərlərində olan mobil telefon vasitəsilə polis əməkdaşlarını çəkməyə başlamışlar. Onlara mobil telefon vasitəsilə çəkiliş aparılmamasını bildirilsə də həmin şəxslər öz hərəkətlərini davam etdirərək “hər şeyi qeydə alın” ifadəsini işlədərək səs-küy salıb ucadan nalayiq ifadələr işlətməyə başlamışlar. Daha sonra avtomobili qeyd olunan ünvana yaxınlaşan Ağstafa RPŞ-nin DYPB-nin YPX-nin əməkdaşlarına təhvil verərkən sərnişin Şəxs və avtomobilin içərisində olan sərnişinlər və sürücü ucadan nalayiq ifadələr işlədərək polisin xidməti fəaliyyətinə müdaxilə etdiyi və polisin qanuni tələbinə tabe olmadığı üçün onları həmin tarixdə saat 01:20-də Ağstafa RPŞ-nə gətirmişlər. Buna görə də Şəxs barəsində xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağstafa RPŞ-nin sahə rəisi polis, kapitanı X5 tərəfindən İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir Məhkəmə baxışı iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli hesab edərək bildirdi ki, xx.xx.2024-cü il tarixində dostları X4 və X2 ilə birlikdə Ağstafa rayonu, H.Əliyev prospektində yerləşən “Kamiloğlu inşaatın” mağazasının qarşısında X1 məxsus olan VAZ 2106 markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobildə əyləşmişlər. Polislər onlara yaxınlaşıb özlərini təqdim edərək nə üçün burada dayandıqlarını soruşmuşlar. Bu zaman onlardan spirtli içki qoxusu gəldiyi üçün polis əməkdaşları yol-patrul xidmətini çağırmışlar. Həmin vaxt bu hərəkətlərinə görə orada olan polislərə narazılığını bildirmişlər. Sonradan yol-patrul xidmətinin əməkdaşları həmin yerə gələrək onları rayon polis şöbəsinə aparmışlar. Ona görə də qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ağstafa rayon Polis şöbəsinin Post- Patrul Xidməti Bölüyünün (PPXB) polis nəfəri X3 ifadəsində göstərdi ki, həmin Bölüyün polis nəfəri X6 ilə birlikdə xx.xx.2024-cü il tarixdə Ağstafa şəhəri 4 nömrəli postda xidmətdə olarkən Ağstafa şəhəri, H.Əliyev prospektində “Kamiloğlu” inşaat materialları mağazasının qarşısında VAZ 2106 markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olan zaman onları saxlatmışdır. Həmin vaxt avtomobilin içərisində üç nəfər şəxsin olduğunu görmüşlər. Sükan arxasında olan şəxs heç bir səbəb olmadan özünü qeyri-səmimi apararaq onlarla söhbət etməyə başlamış, sürücünün yanında əyləşən şəxs isə mobil telefon ilə çəkiliş aparmışdır. Onlar avto patrul maşınından düşərək yaxınlaşıb özlərini onlara təqdim etmişlər. Həmin vaxt onlardan kəskin spirt qoxusu gəldiyini hiss edərək radiostansiya vasitəsilə ərazidə xidmət aparan yol-patrul xidməti əməkdaşlarını dəvət etmişlər. Bu zaman həmin şəxslər narazılığını bildirirərək səs-küy salıb ucadan nalayiq ifadələr işlətmişlər, həmçinin orada olan polis əməkdaşlarının qanun tələblərinə tabe olmayaraq öz əməllərini davam etdirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ağstafa rayon Polis şöbəsinin polis nəfəri şahid Toğrul Mansırlı eyni məzmunlu ifadə verdi. Məhkəmə hazırki inzibati xəta materialı üzrə aşağıdakıları qeyd edir. Göründüyü kimi, polis işçiləri ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmaması inzibati xəta kimi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Lakin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və iş materialları ilə müəyyən olunur ki, Şəxs xx.xx.2024-cü il tarixdə, təxminən axşam saat 00:58 radələrində Ağstafa rayonunda yerləşən “Kamiloğlu” inşaat materialları mağazasının qarşısında VAZ 2106 markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını görmüşlər. Onlar xidməti avtomobillərini həmin avtomobilin yanında saxlayaraq özlərini təqdim edib sürücüdən avtomobili burada nə üçün saxladığını soruşduqda həmin şəxsdən kəskin spirtli içki qoxusu gəldiyi üçün qeyd olunan ünvana xidmətdə olan Ağstafa RPŞ-nin Dövlət yol polisi bölməsinin (DYPB) Yol-patrul xidmətinin (YPX) əməkdaşlarını dəvət etmişlər. Həmin vaxt avtomobili idarə edən şəxs və sərnişin qismində olan şəxslər üzərlərində olan mobil telefon vasitəsilə polis əməkdaşlarını çəkməyə başlamışlar. Onlara mobil telefon vasitəsilə çəkiliş aparılmamasını bildirilsə də həmin şəxslər öz hərəkətlərini davam etdirərək “hər şeyi qeydə alın” ifadəsini işlədərək səs-küy salıb ucadan nalayiq ifadələr işlətməyə başlamışlar. Daha sonra avtomobili qeyd olunan ünvana yaxınlaşan Ağstafa RPŞ-nin DYPB-nin YPX-nin əməkdaşlarına təhvil verərkən sərnişin Şəxs və avtomobilin içərisində olan sərnişinlər və sürücü ucadan nalayiq ifadələr işlədərək polisin xidməti fəaliyyətinə müdaxilə etdiyi və polisin qanuni tələbinə tabe olmadığı üçün onları həmin tarixdə saat 01:20-də Ağstafa RPŞ-nə gətirilmişdir. Lakin hazırki vəziyyətdə Şəxs polisin qanuni tələblərinə tabe olmaması sübut olunmur. Belə ki, tabe olmamağın nədə ifadə olunduğu, hansı formada nümayiş olunduğu iş materiallarında öz təsdiqini tapmır. Azərbaycan Respublikası İXM-nin 53.0.1-ci və 53.0.2-ci maddələrinə görə, inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Bu halda, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağstafa RPŞ-nin sahə rəisi polis, kapitanı X5 tərəfindən tərtib olunmuş 07 may 2024-cü il tarixli MN ******* №-li inzibati protokola əsasən Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan hissəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, həmin maddə ilə inzibati məsuliyyətdən azad edilməlidir. Eyni zamanda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, iş materiallarında olan inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs ictimai qaydanı pozaraq xx.xx.2024-cü il tarixdə Ağstafa şəhər ərazisində ucadan ünvansİz nalayiq ifadələr işlədib və polisə müqavimət göstərmişdir. Məhkəmə qeyd edir ki, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə şəxsin inzibati məsuliyyətinə səbəb olması təsbit edilib və İnzibati Xətalar Məcəlləsində də müvafiq məsuliyyət tədbirləri müəyyən edilib. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, Şəxs tərəfindən İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi onun özünün izahatı, raport, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və inzibati işin digər materialları ilə tam sübut olunur və iş üzrə inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Məhkəmə hesab edir ki, Şəxs İXM-nin 510-cu maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini, xətanı törədən şəxsin cavanlığını, onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirməklə həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, törədilmiş inzibati xətalara görə inzibati tənbeh tədbirinin cərimə tənbehi tətbiq olunması işin hallarına, inzibati xətanın xarakterinə uyğundur. İnzibati xəta haqqında işin materiallarında olan xx.xx.2024-cü il tarixli, 126 №-li tibbi müayinə aktından görünür ki, Şəxs müayinə olunarkən alkoqol sərxoşluğu vəziyyətində olmamışdır. Məhkəmə Şəxs səmimi peşmançılığını İXM-nin 32.1.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. Eyni zamanda iş materiallarından görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə tutulmuşdur. Məhkəmə hesab edir ki, onun tutulduğu 01 (bir) gün müddət nəzərə alınaraq ona təyin olunmuş cərimə cəzası yüngülləşdirilməlidir. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən, məhkəmə baxışınadək həbsdə saxlanılan məhkuma cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 53, 105, 114.1.1, 115, 117, 118, 510 və 535.1-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 30 (otuz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, həmin maddə ilə inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar