Məhkəmə qərarları › İş №3(015)-935/2023

Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-935/2023

29.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-935/2023 29.08.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X1 Rəsulovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1981-ci ildə Ağstafa rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Ağstafa Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli, 3(015)- 382/2023 saylı qərarı ilə 03 (üç) gün müddətə inzibati qaydada həbs tənbehi almış, Ağstafa şəhəri R.Əsədov küçəsi ev 10-da qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası DİN-nin Ağstafa RPŞ-dən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 16:10 radələrində rayon polis şöbəsinə dəvət olunan zaman Ağstafa şəhəri R.Alıcanov küçəsində polis şöbəsinə dəvət olunmasına etiraz edərək ucadan ünvansız nalayiq söyüşlər söymüşdür. Buna görə də onun barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs özünü təqsirli bilməyərək izahatında bildirdi ki, o, Ağstafa şəhəri R.Əsədov küçəsində ev 10-da yaşayır. xx.xx.2023-cü il tarixdə saat 16:10 radələrində rayon polis şöbəsinə dəvət olunan zaman Ağstafa şəhəri R.Alıcanov küçəsində ucadan ünvansız nalayiq söyüşlər söymüşdür. Bundan sonra polis əməkdaşları ona irad tutaraq onlarla birlikdə polis bölməsinə getməli olduğunu bildirmişlər. O da polis əməkdaşları ilə razılaşaraq heç bir narazılıq etmədən Ağstafa RPŞ-nin inzibati binasına gəlmişdir. Əməlindən peşmandır. Ona görə də qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Ağstafa Rayon Şöbəsinin Cinayət-axtarış bölməsinin (CAB) əməliyyat müvəkkili Elşad Kərimov oğlu bildirdi ki, əməliyyat müvəkkili Siracəddin Məmmədovla birlikdə xx.xx.2023-cü il tarixdə saat 16:10 radələrində Ağstafa şəhəri R.Alıcanov küçəsində Şəxs rayon polis şöbəsinə dəvət edən zaman polis şöbəsinə dəvət olunmasına etiraz edərək ucadan ünvansız nalayiq söyüşlər söymüşdür. Onu intizama dəvət etsələr də polisin qanuni tələblərinə tabe olmayaraq şöbəyə getməkdən imtina etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Ağstafa Rayon Şöbəsinin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili Siracəddin Məmmədov şahid Elşad Kərimovla eyni məzmunlu ifadə vermişdir. Məhkəmə hazırki inzibati xəta materialı üzrə aşağıdakıları qeyd edir. Göründüyü kimi, polis işçiləri ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmaması inzibati xəta kimi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-cı maddəsinə əsasən isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Lakin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, şahidlərin ifadələri və iş materialları ilə müəyyən olunur ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 16:10 radələrində rayon polis şöbəsinə dəvət olunmasına etiraz edərək Ağstafa şəhəri R.Alıcanov küçəsində ucadan ünvansız nalayiq söyüşlər söymüşdür. Bundan sonra polis əməkdaşları ona irad tutaraq onlarla birlikdə polis bölməsinə getməli olduğunu bildirmişlər. O da polis əməkdaşları ilə razılaşaraq heç bir narazılıq etmədən Ağstafa RPŞnin inzibati binasına gəlmişdir. Hazırki vəziyyətdə Şəxs polisin qanuni tələblərinə tabe olmaması sübut olunmur. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsində nəzərdə tutulur ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə qeyd edir ki, inzibati materialdan Şəxs polis əməkdaşının qanuni tələblərinə tabe olmaması faktı müəyyən olunmur. Tabe olmamaq nədə ifadə olunduğu, hansı formada nümayiş olunduğu iş materiallarında öz təsdiqini tapmır. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Bu halda, Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan hissəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, həmin maddə ilə inzibati məsuliyyətdən azad edilməlidir. Eyni zamanda iş materiallarında olan inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs Ağstafa şəhəri sakini Aygün Kazımovanın evindən oğurluq edilməsi ilə bağlı istintaq olunan cinayət işi ilə bağlı xx.xx.2023-cü il tarixdə saat 16:10 radələrində rayon polis şöbəsinə dəvət olunmasına etiraz edərək Ağstafa şəhəri R.Alıcanov küçəsində ucadan ünvansız nalayiq söyüşlər söyərək xırda xuliqanlıq etmişdir. Məhkəmə qeyd edir ki, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə şəxsin inzibati məsuliyyətinə səbəb olması təsbit edilib və İnzibati Xətalar Məcəlləsində də müvafiq məsuliyyət tədbirləri müəyyən edilib. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, Şəxs tərəfindən İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi onun özünün izahatı, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və inzibati işin digər materialları ilə tam sübut olunur və iş üzrə inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Məhkəmə hesab edir ki, Şəxs İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinməlidir. Məhkəmə Şəxs inzibati tənbehin tətbiqi ilə aşağıdakıları qeyd edir. İnzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə repressiv (tənbehləndirici) və preventiv (xəbərdaredici) xarakter daşıyır. Çünki səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterli məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən, bu icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş materiallarından görünür ki, Şəxs Ağstafa Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli, 3(015)-382/2023 saylı qərarı ilə İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib 03 (üç) gün müddətə inzibati qaydada həbs tənbehi almışdır. Məhkəmə hesab edir ki, Şəxs eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi Azərbaycan Respublikası İXM-nin 33.1.2-ci maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran haldır. Məhkəmə, Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini, xətanı törədən şəxsin ailə vəziyyətini, onun məsuliyyətini yüngülləşdirən hal, eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini isə onun məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirməklə İXM-nin Məcəllənin 6.1-ci maddəsinə əsasən, törədilmiş inzibati xətalara görə inzibati tənbeh tədbirinin həbs tənbehi tətbiq olunması işin hallarına, inzibati xətanın xarakterinə uyğundur. Eyni zamanda iş materiallarından görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 16:20də inzibati qaydada tutulmuşdur. Bu səbəbdən onun həbsdə saxlama müddətinin əvvəli həmin vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 24.1, 30.2, 53, 105, 114.1.1, 115, 117, 510 və 535.1-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, həmin maddə ilə inzibati məsuliyyətdən azad edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 03 (üç) gün müddətinə inzibati qaydada həbs edilsin. Şəxs həbsdə saxlama müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən saat 16:20-dən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağstafa rayon polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar