Məhkəmə qərarları › İş №3(016)-1/2024

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-1/2024

09.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-1/2024 09.01.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X3, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Ağsu rayonu, Kələğaylı kəndində anadan olan Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, Ağsu rayonu, Kələğaylı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Ağsu rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Ağsu Rayon Məhkəməsinin 2(016)-31/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Ağsu Rayon Məhkəməsinin 2(016)-396/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə Şəxs barəsində İXM-in 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. Həmin qərardan Zərərçəkmiş şəxs apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin 3(107)-339/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şəxs barəsində İXM-in 528.1-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair inzibati xəta haqqında iş üzrə Ağsu Rayon Məhkəməsinin 2(016)- 396/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş, inzibati xəta haqqında protokol və materiallar üzrə olan inzibati xəta haqqında işin mahiyyəti üzrə yenidən araşdırılaraq baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır Ağsu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Ağsu Rayon Məhkəməsinin 2(016)-31/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs dəfn xərcləri üçün 8.900 manat, mənəvi zərərə görə 10.000 manat məbləğində pul vəsaitinin alınaraq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi barədə icra sənədi icraata daxil olmuşdur. İcraata başlamaq haqqında qərar qəbul edilmiş və borcun ödənilməsi üçün bildiriş və digər aidiyyəti sənədlər borcluya göndərilmişdir. Yaranmış borcun ödənilməsi məqsədi ilə borclunun adına əmlakının olub-olmaması barədə aidiyyəti təşkilatlara sorğu ilə müraciət edilmiş və borclunun adına borcun yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Borclu dəfələrlə şöbəyə çağırılmış, izahatı alınmışdır. Barəsində İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, maddi imkanı olmadığı üçün borcu bir dəfəyə ödəyə bilmir. Protokol tərtib edildikdən sonra Zərərçəkmiş şəxs hesabına hazıradək 5.950 manat ödəmiş, protokol tərtib edildikdən sonra da 400 manat ödəmişdir. Məhkəmə qətnaməsinin icrasında qərəzli şəkildə boyun qaçırmır və icradan yayınmır. Sadəcə qətnamə ilə müəyyən edilən pulu bir dəfəyə ödəməyə maddi imkanı olmadığından hissə-hissə ödəniş edir. Bu səbəbdən, barəsində olan protokol üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, X2 Ağsu Rayon Məhkəməsinin 2(016)-31/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs dəfn xərcləri üçün 8.900 manat, mənəvi zərərə görə 10.000 manat məbləğində pul vəsaiti alınaraq ona verilməlidir. X1 tərəfindən ödəniş ödənilmir. Bu səbəbdən, barəsində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş tədbir görülməsini xahiş etdi. Məhkəmə icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün, bu maddə ilə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in 528.1-1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İXM-in 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan normaların tələbindən görünür ki, İXM-in 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. İş materiallarından göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədini icra etməkdən imtina etməmiş, icrasına maneələr yaratmamış və bununla bağlı hər hansı bir sübut təqdim olunmamışdır. İş materiallarında olan qəbzdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə borcundan 1.000 manat ödəniş etmişdir. İXM-in 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir (8.1). İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir (8.2). İXM-in 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında başlanmış icraata xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 47-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində İXM-in 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar