Məhkəmə qərarları › İş №3(016)-110/2024

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-110/2024

26.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-110/2024 26.02.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşi Fayıq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Göyçay şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləyən, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Ağsu rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmamış, ictimai qaydanı kobud şəkildə pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, o, xx.xx.2024-ci il taixdə tanışı Rafiq Umudova məxsus lakin “Vaz 2106” markalı, **-GG- *** dövlət qeydiyyat nişanlı avtomaşınla Ağsu rayonuna gəlmişdir. Rafiq Umudovun idarə etdiyi avtomaşının içərisində bir qədər yeyib içmişlər, həmin vaxt o və tanışı Rafiq Umudov spirtli içki olan “araq” qəbul etmiş, daha sonra Ağsu rayon ərazisində Rafiq Umudov yol nəqilyyat hadisəsi törətmiş və hadisə yerindən avtomaşını sürərək çıxıb getmişdir. Bir qədər sonra Ağsu rayonu, Kalva kənd ərazisində YPX-nin əməkdaşları Rafiq Umudovun idarə etdiyi avtomaşına saxla işarəsi vermiş, Rafiq Umudov avtomaşını sərxoş idarə etdiyi üçün eyni zamanda yol nəqilyyat hadisəsi törətdiyi üçün eləcə də idarə etdiyi avtomaşına və özlərinə aid heç bir sənədin olmadığına görə onları və avtomaşını yol polis əməkdaşları Ağsu RPŞ-nə gətirmək istəyən zaman o və tanışı Rafiq Umudov sərxoş olduqları üçün özlərindən aslı olmadan ucadan səs-küy salaraq bir qədər ünvansız nalayiq küçə söyüşləri söyməyə başlamışlar polis əməkdaşları onları nizam-intizama dəvət etsələr də onlar polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, polis şöbəsinə getməkdən imtina etmişlər. Bir qədər keçdikdən sonra digər polis əməkdaşları onların yanına gələrək onu və tanışı X3 RPŞ-nə gətirmişlər. O, həmin vaxt sərxoş olmuş etdiyi hərəkətləri bilməmişdir. Öz səhvini başa düşür, birdə belə səhvlərə yol verməyəcəyinə söz verir. Əməlindən peşmandır, barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə, inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə qeyd olunan inzibati xətaları törətməkdə təqsiri tam sübut olunur. “İnzibati xəta haqqında” 24 fevral 2024-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs 24 fevral 2024-cü il tarixdə polisin qanuni tələbinə qəsdən tabe olmamış, ictimai qaydanı kobud şəkildə pozmuşdur. xx.xx.2024-cü il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 19:00-da tutulmuşdur. Göründüyü kimi, Şəxs ictimai qaydanı pozması və eyni zamanda, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması özünün etirafı, “İnzibati xəta haqqında” protokol və digər iş materialları ilə təsdiq edilir. İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 510 və 535-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddələrin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs səmimi peşmançılığı inzibati məsuliyyəti yüngülləşdirən haldır. Şəxs əməlində inzibati məsuliyyəti ağırlaşdıran hal yoxdur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətaların hallarını, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, inzibati xətanın xarakterini və törədilmə şəraitini nəzərə alaraq, İXM-in 34.3-cü maddəsinə əsasən Şəxs barəsində İXMin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri – inzibati həbs tətbiq olunmalıdır. İXM-in 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, İXM-in 34.3-cü maddəsinə əsasən, daha ciddi xəta hesab edilən İXM-in 535.1-ci maddəsinin sanksiyası çərçivəsində barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, daha ciddi xəta hesab edilən İXM-in 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 10 (on) gün müddətində həbs edilsin. İnzibati qaydada həbsetmənin əvvəli 24 fevral 2024-cü il tarixdən, saat 19:00-dan hesablansın. Qərarın icrası Ağsu rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar