Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-120/2023 14.02.2023 AĞSU RAYON MƏHKƏMƏSİ X17 Natiq oğlunun sədrliyi, X14 oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Ağsu RPŞ-nin İTB-nin sahə rəisi X4, İnzibati xəta törətmiş Şəxs Afqan oğlunun iştirakı ilə xx.xx.1981-ci ildə Tərtər rayonunda anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, Ağdam rayonu, Şurabad qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs Afqan oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Ağsu rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağsu rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs Afqan oğlu xx.xx.2023-cü il tarixdə, saat 11:30 radələrində BDYPİ-nin Ağsu rayon Qeydiyyat İmtahan və Texniki baxış şöbəsində ictimai yerdə ünvansız nalayiq söyüşlər söyərək polisin qanuni tələbinə tabe olmamış və qanunsuz olaraq narkotik maddə qəbul etmişdir. Bu barədə Ağsu RPŞ-nin İTB-nin sahə rəisi X10 tərəfindən xx.xx.2023-cü il tarixdə MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Ağsu RPŞ-nin İTB-nin sahə rəisi X10 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək məhkəmədən Şəxs Afqan oğlu barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İnzibati xəta törətmiş şəxs Şəxs Afqan oğlu izahat verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 11:30 radələrində özünə məxsus olan **-TT-*** nömrəli avtomobili texniki baxışdan keçirtmək üçün BDYPİ-nin Ağsu rayon Qeydiyyat İmtahan və Texniki baxış şöbəsinə getmişdir. Həmin vaxtda orada növbədə dayanan avtomobillərin sayı çox olduğuna görə o və hərbçi oğlu işə tələsdiklərinə görə polis əməkdaşlarına yaxınlaşmış və onlara onu növbədən kənar yola salmağı bildirmişdir. O, onlara şəhid qardaşı olduğunu bildirmiş, lakin onlar da gözlə demişlər. Həmin vaxtı əsəbi olduğu üçün ünvansız küçə söyüşləri söymüşdür. Bundan sonra açıqca hörmətsizlik ifadə edən hərəkətlər etdiyi və inzibati xəta törətdiyi ona izah edilmiş, lakin o, polis əməkdaşlarına tabesizlik etmişdir. Noarkotik vasitə qəbul etməsinə gəldikdə isə o, narkotiv vasitə aludəçisi deyil, istifadə də etmir, ola bilər əvvəllər nə vaxtsa qəbul edib, lakin son dövlər ümumiyyətlə narkotik vasitə qəbul etməmişdir. Etdiyi əməldən çox peşmandır, polislərdən və narahat etdiyi vətəndaşdan üzr istəyir, bir daha belə hallara yol verməyəcəyini və barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında X6 izahat verərək bildirdi ki, BDYPİ-nin Ağsu rayon Qeydiyyat İmtahan və Texniki baxış şöbəsində Şəxs Afqan oğlu xx.xx.2023-cü il tarixdə saat 11:30 radələrində özünə məxsus olan **-TT-*** nömrəli avtomobili texniki baxışdan keçirtmək üçün BDYPİ-nin Ağsu rayon Qeydiyyat İmtahan və Texniki baxış şöbəsinə gəlmişdir. Həmin vaxtda orada növbədə dayanan avtomobillərin sayı çox olduğuna görə o və hərbçi oğlu işə tələsdiklərinə görə polis əməkdaşlarına yaxınlaşaraq onu növbədən kənar yola salmağı bildirmişlər. Lakin imtina cavabını aldıqdan sonra onlar idarənin gündəlik iş rejimini pozmuş, etdiyi əmələ haqq qazandırmağa çalışmışdır. Həmin şəxsi dəfələrlə nizam intizama dəvət etsələr də polisin qanuni tələblərinə əməl etməmişdir. Ona görə də şəxs Ağsu rayon RPŞ-nə gətirilmişlər. Məhkəmə iclasında X2 Yaşar Xanoğlan oğlu ilə eyni məzmunlu izahat verdilər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - MN seriyalı, ******* nömrəli xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs Afqan oğlu xx.xx.2023-cü il tarixdə, saat 11:30 radələrində BDYPİ-nin Ağsu rayon Qeydiyyat İmtahan və Texniki baxış şöbəsində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq poliis əməkdaşlarını söyüb təhqir etmiş narkotik maddə qəbul etmiş və İXM-nin 206-cı, 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. - xx.xx.2023-cü il tarixli X5 Mərkəzi tərəfindən keçirilən müayinənin nəticəsindən görünür ki,X7 marixuana qəbul etmişdir. Məhkəmə, iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Afqan oğlunun İXM-in 206cı, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsiri özünün etirafedici izahatından başqa, inzibati xəta haqqında protokollar, digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-nin 206, 510 və 535.1-ci maddələri ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, həmçinin Şəxs Afqan oğlunun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə Şəxs Afqan oğlu inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Belə ki, İXM-nin: 12-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddənin “Qeyd”inə əsasən satış məqsədi olmadan hazırladığı, əldə etdiyi, saxladığı, daşıdığı və ya göndərdiyi şəxsi istehlak miqdarında narkotik vasitələri, psixotrop maddələri könüllü surətdə təhvil verən şəxs bu maddədə nəzərdə tutulan hərəkətlərə görə inzibati məsuliyyətdən azad edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Afqan oğlunun üzərində narkotik vasitə aşkar edilməsə də, o narkotik vasitə olan marixuana qəbul etmişdir. Bu səbəbdən o, müayinə olunması üçün Azərbaycan Respublikasının İnvitro MMC-nin X5 Mərkəzinə göndərilmiş və müayinə zamanı onun sidiyində narkotik vasitə olan “Marixuana” aşkar olunmuşdur. İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və İXM-in 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Afqan oğlu 14 fevral 2023-cü tarixdə ictimai yerdə ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək nalayiq ifadələr işlətmiş, bununla da cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq nümayiş etdirmiş, müəssisənin iş fəaliyyətini pozmuş, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verməklə İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda X1 hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokollar və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs Afqan oğlu 14 fevral 2023-cü il tarixdə ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs Afqan oğlunun hərəkətlərində ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən yol polis xidməti əməkdaşının qanuni tələbinə tabe olmama kimi halların, yəni İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin də olması barədə nəticəyə gəlməyə əsas verir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs Afqan oğlunun təqsirini etiraf edib peşman olmasını, polisin qanuni tələblərinə qəsdən tabe olmamaya görə polisdən üzr istəməsini, ailəli olmasını, şəhid qardaşı olmasını İXM-nin 32-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs Afqan oğlunun əməlində İXM-nin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. İXM-in: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. 31.4-1. İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə, Şəxs Afqan oğlu barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları nəzərə alır və hesab edir ki, X11 İXM-in 206, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinməli və barəsində İXM-in 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tədbiri, yəni İXM-in 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs Afqan oğlunu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Şərh olunanlara əsaslanaraq və İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Afqan oğlu Azərbaycan Respublikası İXM-nin 206, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №3(016)-120/2023
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-120/2023
14.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver