Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-122/2025 29.04.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1975-ci ildə Masallı rayonu, Təkdan kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, Masallı rayonu, Təkdam kəndində qeydiyyatda olan və Ağsu şəhərində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Ağsu Rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmamış, ictimai qaydanı kobud şəkildə pozmuşdur. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X3 məhkəmə iclasında çıxış edərək bildirdi ki, Şəxs dəfələrlə keçmiş həyat yoldaşı Vüsalə xanımı narahat etmiş, onun işlədiyi yerə gedərək, onunla bağlı nalayiq ifadələr işlətmiş, işləməsinə maneçilik törətmişdir. Hətta onu döyməsi barədə İstintaq Bölməsində cinayət işi başlanılmışdır. Həmçinin azyaşlı uşaqlarını da döyüb onlara xəsarət yetirmişdir. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə xanımın işlədiyi yeməkxanaya getmiş, orda bir neçə bakal spirtli içki qəbul etdikdən sonra yenidən xanıma qarşı nalayiq ifadələr işlətmiş, onu döymək istəyən zaman orada olan vətəndaşlar tərəfindən həmin yerdən çıxarılmışdır. Bundan sonra o, çöldə, “Bolmart” adlı ərzaq mağazasının yanında ucadan nalayiq ifadələr işlədərək küçə söyüşləri söymüş, bu səbəbdən polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirilmişdir. Bu səbəbdən barəsində qanuni tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, o, həyat yoldaşı ilə barışmaq istəyir, bu məqsədlə kafeyə getmişdir. Orda Vüsalə ilə danışmış, razılaşmışlar ki, taksi ilə uşaqlar gəlsin kafeyə orda görüşsünlər. O, taksini çağırmış, Vüsalə içəri getdikdən sonra fikrini dəyişmişdir. O, kafeyə girmiş, telefonu stolun üstündən götürmək istəyəndə Vüsalə götürməməsini demiş, Kafe sahibinin oğlu da telefonu onun əlindən alaraq onu çölə çıxarmışdır. Daha sonra polis əməkdaşları gələrək onu, polis şöbəsinə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında göstərdi ki, xx.xx.2025ci il tarixdə işdə olan zaman Şəxs onun işlədiyi yerə gələrək onunla barışmaq istədiyini bildirmişdir. O, barışmaq istəmədiyini bildirərək işinə davam etmişdir. Şəxs uşaqlarla görüşmək istədiyini bildirmiş, o uşaqları bura gətirməyəcəyini, gedib bacısıgildə görməsini demiş, Şəxs onunla getmək istədiyini bildirmiş, o qorxduğu üçün onunla getməmişdir. Şəxs onunla barışacağını ya da onu öldürəcəyini bildirmiş, o qorxduğu üçün 102 xidmətinə zəng vurub şikayət etmiş, bundan sonra polis əməkdaşları gələrək onu aparmışlar. X2 rayon Polis şöbəsinə verdiyi izahatda bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 18:20 radələrində PPXB-nin sürücüsü, polis nəfəri, polis baş serjantı Ramil Cəfərovlə birlikdə Ağsu şəhəri, Vidadi küçəsində xidmət aparan zaman görmüşlər ki, Bolmart ərzaq mağazasının yanında sonradan tanıdıqları Şəxs ictimai yerdə, yəni küçədə ucadan səs-küy salaraq ünvanlı və ünvansız nalayiq küçə söyüşləri söydüyünü görüb ona yaxınlaşmış, özlərini təqdim edib, onu nizam-intizama dəvət etmişlər. Vətəndaş onların qanuni tələblərinə qəsdən məhəl qoymayaraq öz hərəkətlərinə davam etmiş və bu səbəbdən onu Ağsu RPŞ-nin növbətçi hissəsinə gətimişlər. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə qeyd olunan inzibati xətaları törətməkdə təqsiri tam sübut olunur. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - “İnzibati xəta haqqında” 29 aprel 2025-ci il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmamış, ictimai qaydanı kobud şəkildə pozmuşdur. - “İnzibati qaydada tutma haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 21:00-da inzibati qaydada tutulmuşdur. Göründüyü kimi, Şəxs ictimai qaydanı pozması və eyni zamanda, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması şahid ifadələri, “İnzibati xəta haqqında” protokol və digər iş materialları ilə təsdiq edilir. İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddələrin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs səmimi peşmanlığı inzibati məsuliyyəti yüngülləşdirən haldır. Şəxs əməlində inzibati məsuliyyəti ağırlaşdıran hal yoxdur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətaların hallarını, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, inzibati xətanın xarakterini və törədilmə şəraitini nəzərə alaraq, İXM-in 34.3-cü maddəsinə əsasən Şəxs barəsində İXMin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri – inzibati həbs tətbiq olunmalıdır. İXM-in 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, İXM-in 34.3-cü maddəsinə əsasən, daha ciddi xəta hesab edilən İXM-in 535.1-ci maddəsinin sanksiyası çərçivəsində barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, daha ciddi xəta hesab edilən İXM-in 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 10 (on) gün müddətində həbs edilsin. İnzibati qaydada həbsetmənin əvvəli 27 aprel 2025-ci il tarixdən, saat 21:00-dan hesablansın. Qərarın icrası Ağsu rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №3(016)-122/2025
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-122/2025
29.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver