Məhkəmə qərarları › İş №3(016)-136/2024

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-136/2024

28.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-136/2024 28.03.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 485.2-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Ağsu şəhəri, M.Rəsulzadə küçəsi, ev 15 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin İXM-in 485.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material baxılması üçün Ağsu Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati icraat aparılan hüquqi şəxs və səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də, məhkəmə barəsində inzibati icraat aparılan hüquqi şəxsin və səlahiyyətli orqanın nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş 28 fevral 2024-cü il tarixli “İnzibati xəta haqqında” Protokoldan görünür ki, Bakı Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, gömrük xidməti mayoru X3, Ağsu şəhəri, M.Rəsulzadə küçəsi, ev 15 ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN **********1) barəsində Ağsu şəhəri, M.Rəsulzadə küçəsi, ev 15 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına 07BH360/03ZB360 nömrəli nəqliyyat vasitəsi ilə xx.xx.2023-cü il tarixli, **********4991 sorğu nömrəli Gömrük Bəyannaməsilə Bakı Baş Gömrük idarəsində bəyan edildiyi, lakin mallar haqqında Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edilməyərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin gec verildiyi müəyyən edilmişdir. Belə ki, BBGİ-nin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-33-1100/012/003663 nömrəli raporta əsasən Şəxs MMC-nin ünvanına 07BH360/03ZB360 nömrəli nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş yüklər üçün elektron formada xx.xx.2023-cü il tarixli **********6374 nömrəli qısa idxal bəyannaməsi Azərbaycan Respublikasının gömrük ərazisinə gətirildikdən sonra bəyan edilmişdir. - Dövlət Gömrük Komitəsinin Vahid X1” informasiya resursundan “malın çatdırılması və boşaldılmasına dair çıxarışdan görünür ki, 07BH360/03ZB360 nömrəli nəqliyyat vasitəsi ilə Şəxs MMC-nin ünvanına göndərilən mallar xx.xx.2023-cü il tarixdə saat 09:21də Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postundan keçməklə Azərbaycan Respublikası Gömrük ərazisinə gətirilmişdir. - 23 fevral 2024-cü il tarixli raportdan görünür ki, Şəxs MMC-nin ünvanına 07BH360/03ZB360 nömrəli nəqliyyat vasitəsi (VÖEN **********1) ilə ölkə ərazisinə daxil olmuş **********4991 nömrəli gömrük bəyənnaməsi ilə bəyan olunan yük üçün qısa idxal bəyannaməsi tərtib olunmamışdır. - Gömrük Xidmətinin Vahid X1 informasiya resursuna baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, “RS AĞSU GROUP’’ MMC tərəfindən Bakı Baş Gömrük İdarəsində xx.xx.2023-cü il tarixli **********4991 sorğu nömrəli gömrük bəyənnaməsi ilə bəyan edilmiş mallar 07BH360/03ZB360 nömrəli nəqliyyat vasitəsi ilə xx.xx.2023-cü il tarixdə saat 09:21-də Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, gətirilmiş mallara dair xx.xx.2023-cü il tarixli, **********6374 nömrəli qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə daxil olduqdan sonra, yəni xx.xx.2023-cü il tarixdə saat 11:03-də gömrük orqanına rəsmiləşdirilmək üçün göndərilmişdir. İXM-in 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 485.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. “Malların və nəqliyyat vasitələrin gömrük sərhəddindən keçirilməsi üçün “Yaşıl dəhliz” və “digər buraxılış sistemlərində istifadə qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 920 saylı, 21 may 2016-cı il tarixli Fərmanının 2.2ci bəndinə əsasən, qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC tərəfindən İXM-in 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Şəxs MMC-nin ünvanına Rusiya Federasiyasından xx.xx.2023-cü il tarixdə daxil olan mallara dair qısa idxal bəyannaməsi gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına verilmədiyi müəyyən edilməmişdir. Beləliklə, məhkəmə iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC İXMin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 1.500 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC İXM-in 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, 1.500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar