Məhkəmə qərarları › İş №3(016)-137/2025

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-137/2025

19.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-137/2025 19.05.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1976-cı ildə Ağsu şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, Ağsu şəhəri, 20 Yanvar küçəsi, ev 41-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Ağsu Rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmamış, ictimai qaydanı kobud şəkildə pozmuşdur. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X2 məhkəmə iclasında çıxış edərək bildirdi ki, Şəxs həbsdən yeni çıxmışdır. O, DİN-in 102 xidmətinə zəng edərək arvadının evdən getdiyini bildirmiş, polis əməkdaşları onun ünvanına getmiş, o, sərxoş halda yenidən polis əməkdaşlarının ünvanına nalayiq ifadələrlə söyüş söymüşdür. Polis əməkdaşları onu nizam intizama dəvət etmiş, lakin vətəndaş onların qanuni tələblərinə riayət etməmişdir. Bu səbəbdən, o, polis şöbəsinə gətirilmiş, barəsində inzibati xəta haqında protokol tərtib edilmişdir. Barəsində qanuni tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, polislər onun ünvanına gəlmişdir, lakin o, heç bir söyüş söyməmişdir. Onun telefonuna zəng gəlmiş, kim olduğunu bilməmiş, səhəri gün həmin nömrəyə zəng vurmuşdur. Nömrənin kimə məxsus olmasını soruşmuş, həmin şəxs ona onun zəng etdiyini bildirmişdir, bu səbəbdən o, hirslənmiş, söyüş söymüşdür, peşmandır. Dünən də həyat yoldaşı səhər saat 5-də evdən çıxmış, axşam saat 11 olanda hələ də evə gəlməmiş, telefonuna da zəng çatmamışdır. Buna görə də o, polis şöbəsinə zəng etmiş, köməklik göstərmələrini xahiş etmişdir. Həmin gün içki içmiş, lakin sərxoş olmamışdır. Polis əməkdaşları gəlmiş və onu polis şöbəsinə dəvət etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, bu ilin yanvar ayında Şəxs arvadını döyməsi barədə məlumat daxil olmuş və o, İXM-in 157-ci maddəsi ilə protokol tərtib edərək vətəndaşı məhkəməyə gətirmiş, Məhkəmənin qərarı ilə vətəndaş 15 gün müddətində inzibati qaydada həbs edilmişdir. O, həbsdən çıxdıqdan sonra, ayın 16-sı ona zəng edərək nalayiq ifadələrlə söyüş söymüşdür. O, bu barədə rəhbərliyə məlumat vermiş, rəhbərlik çağırıb izahat almasını bildirmişdir. Daha sonra ayın 18-də gecə saat 23:30 radələrində əməliyyat istintaq qrupunun üzvünə Şəxs tərəfindən zəng gəlmiş, arvadının saat 5-də evdən çıxmasını və geri qayıtmamasını bildirmiş, onlar vətəndaşdan izahat almaq üçün onun evinə getmişlər. Onlar vətəndaşın ünvanına çatanda onun sərxoş vəziyyətdə olduğunu görmüş, izahat almaq istəyərkən vətəndaş onların ünvanına nalayiq ifadələr işlədərək, söyüş söymüşdür. Daha sonra onlar vətəndaşı nizamintizama dəvət etsələr də vətəndaş onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə qeyd olunan inzibati xətaları törətməkdə təqsiri tam sübut olunur. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - “İnzibati xəta haqqında” 19 may 2025-ci il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmamış, ictimai qaydanı kobud şəkildə pozmuşdur. - “İnzibati qaydada tutma haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 23:50-də inzibati qaydada tutulmuşdur. Göründüyü kimi, Şəxs ictimai qaydanı pozması və eyni zamanda, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması şahid ifadələri, “İnzibati xəta haqqında” protokol və digər iş materialları ilə təsdiq edilir. İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddələrin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs səmimi peşmanlığı inzibati məsuliyyəti yüngülləşdirən haldır. Şəxs əməlində inzibati məsuliyyəti ağırlaşdıran hal yoxdur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətaların hallarını, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, inzibati xətanın xarakterini və törədilmə şəraitini nəzərə alaraq, İXM-in 34.3-cü maddəsinə əsasən Şəxs barəsində İXMin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri – inzibati həbs tətbiq olunmalıdır. İXM-in 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, İXM-in 34.3-cü maddəsinə əsasən, daha ciddi xəta hesab edilən İXM-in 535.1-ci maddəsinin sanksiyası çərçivəsində barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, daha ciddi xəta hesab edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 25 (iyirmi beş) gün müddətində həbs edilsin. İnzibati qaydada həbsetmənin əvvəli 18 may 2025-ci il tarixdən, saat 23:50-dən hesablansın. Qərarın icrası Ağsu rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar