Məhkəmə qərarları › İş №3(016)-153/2023

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-153/2023

10.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-153/2023 10.03.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş şəxs X2 iştirakları ilə, xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bünyadzadə küçəsi, ev 15-də qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 227-ci maddəsi ilə inzibati xəta törətməsi barədə Ağsu rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs X2 180 manat məbləğində pulunu dələduzluq yolu ilə mənimsəmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, hal-hazırda heç bir yerdə işləmir. Bu ilin fevral ayından asan yolla pul qazanmaq məqsədi ilə iş elanları yerləşdirilmiş səhifələrə özünə məxsus mobil nömrəsini və adını Kamil kimi yerləşdirərək, müraciət edən şəxsləri aldatmaq qərarına gəlmişdir. Özünə məxsus məlumatları yerləşdirdikdən sonra bir neçə şəxs ona işlə bağlı müraciət etmişdir. O, müraciət edən şəxslərə onları Hava limanında mühafizəçi kimi işə düzəldəcəyini, bunun müqabilində onlara geyim almaq üçün 180 manat pul göndərməli olduqlarını bildirmişdir. xx.xx.2023-cü il tarixdə Ağsu rayon sakini özünü X1 təqdim edən şəxs ona elanda verilmiş işdə işləmək istədiyini, o da Vüqara işə düzəltməkdə köməklik edə biləcəyini, lakin mühafizəçi kimi işləməsi üçün geyinəcəyi geyimə görə 180 manat pul ödəməli olduğunu bildirmişdir. Vüqar onunla razılaşmış və pulu hara göndərəcəyini soruşmuşdur. O da tanışı X3 adına olan “Leobank”-a məxsus 4098 5844 6490 8225 saylı kart hesabını ona göndərmişdir. xx.xx.2023-cü il tarixdə Vüqar Babayev onun göndərdiyi kart hesabına 180 manat pul göndərmişdir. Pul onun hesabına gəldikdən sonra o kartdan pulu götürmüş, daha sonra Vüqar onunla əlaqə saxlamağa çalışsa da o, Vüqarın telefon zənglərinə cavab verməmişdir. Vüqarla heç bir tanışlığı yoxdur. Vüqarı iş elanında yerləşdirdiyi əlaqə nömrəsi vasitəsi ilə tanımışdır. Vüqar Babayevdən başqa bir nəfər şəxsi aldatsa da həmin şəxs onun barəsində 24-cü polis bölməsinə şikayət etmiş, həmin material məhkəməyə göndərilmiş, o, zərəri ödədiyindən məhkəmə aparılan araşdırmanın xitam olunması barədə qərar qəbul etmişdir. Əməlindən peşmandır, barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X5 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, o, halhazırda Ağsu rayonu Cəfərli kəndində yerləşən “Gesko” şirkəti olaraq “Süsən Aqro”-da mühafizəçi işləyir. Ailə vəziyyəti ilə əlaqədar olaraq Bakı şəhərinə köçmək zərurəti yaranmışdır. Bu səbəbdən də Bakı şəhərində özünə münasib iş axtarmaq qərarına gəlmişdir. Bundan sonra işlədiyi şirkətdə iş yoldaşı Faiq adlı şəxs ona əsgərinin Faiqə iş təklif etməsini, ona əlaqə nömrəsi verməsini bildirmişdir. Vüqar da iş yoldaşının ona verdiyi tanımadığı ***-***-**-** saylı mobil nömrənin sahibi, özünü X7 təqdim edən şəxslə əlaqə saxlamışdır. Həmin şəxs ona Bakı şəhərində yerləşən Hava limanında kadrlar şöbəsində işlədiyini, onu Hava limanına 900 manat maaş müqabilində işə götürə biləcəyini demişdir. O, bu təkliflə razılaşdıqdan sonra ona şəxsiyyət vəsiqəsinin şəklini və düzələcəyi mühafizəçi işində geyim almaq üçün həmin şəxsin “Leobank”-a məxsus 4098 5844 6490 8225 saylı kart hesabına 180 manat göndərməli olduğunu demişdir. xx.xx.2023-cü il tarixdə razılaşdıqları kimi o, həmin şəxsin “Leobank”-a məxsus 4098 5844 6490 8225 saylı kart hesabına Ağsu şəhəri, Səməd Vurğun küçəsində yerləşən “Sanif” marketdə quraşdırılmış “E-manat” elektron ödəniş terminalı vasitəsi ilə 180 manat pul ödəmişdir. Həmin gündən sonra o, həmin şəxsin ***-***-**-** saylı mobil nömrəsi ilə əlaqə saxlamağa çalışsa da telefona cavab vermədiyi üçün əlaqə saxlaya bilməmişdir. Bu səbəbdən də xx.xx.2023-cü il tarixdə aldadıldığını başa düşərək köməklik göstərilməsi üçün DİN-in 102 xidməti-zəng mərkəzinə məlumat vermişdir. Tədbir görülməsini xahiş edir. Məhkəmə, inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs yuxarıda qeyd olunan inzibati xətanı törətməkdə təqsiri tam sübut olunur. İş materiallarına əlavə edilən “İnzibati xəta haqqında” 10 mart 2023-cü il tarixli, MN 157629 nömrəli protokoldan göründüyü kimi, Şəxs X2 180 manat məbləğində nağd pulunu dələduzluq yolu ilə mənimsəmişdir. İş materiallarına əlavə edilən Ağsu rayon Polis Şöbəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə xx.xx.2023-cü il tarixli qərarı ilə Şəxs barəsində toplanmış material üzrə əməlində cinayət tərkibi olmadığından, cinayət işinin başlanılması rədd edilmiş, onun barəsində İXM-in 227-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Ağsu RPŞ-nın İTB-yə göndərilmişdir. Göründüyü kimi, Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin izahatı, Ağsu rayon Polis Şöbəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə xx.xx.2023-cü il tarixli qərarı, “İnzibati xəta haqqında” xx.xx.2023-cü il tarixli protokol və digər iş materialları ilə təsdiq olunur. İXM-in 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İXM-in 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində inzibati məsluliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə inzibati xətanın xarakterini, təhlükəlilik dərəcəsini və inzibati xəta törədən şəxsin şəxsiyyətini nəzərə alıb hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 30 (otuz) gün müddətində inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbsetmənin əvvəli 10 mart 2023-cü il tarixdən, saat 15:00-dan hesablansın. Qərarın icrası Ağsu rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar