Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-154/2024 26.04.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, Ağsu Rayon Prokurorunun köməkçisi X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, fərdi sahibkar, ünvan 1 ünvanda yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 198.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Ağsu rayon Prokurorluğundan daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 30 mart 2024-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində İXM-in 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Ağsu Rayon Prokurorunun köməkçisi X2 məhkəmə iclasında çıxış edərək bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Ağsu rayon Qasımbəyli kəndi ərazisində yerləşən özünə məxsus fermanın həyətində kley çəlləyinin kəsilməsi işlərinin icrası zamanı texniki təhlükəsizlik və ya əməyin mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi ona həvalə olunduğu halda, həmin qaydaları pozmaqla çəlləyin yanar mayelərdən təmizlənməsi, çəlləyin içərisinin yuyulması və bununla da təhlükəsizlik tədbirlərinin təmin olunması tələblərinə əməl etməməsi, kley çəlləyinin partlaması nəticəsində ehtiyatsızlıqdan bağban Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurmuş, bununla da İXM-in 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında çıxış edərək bildirdi ki, Elvin Həsənov ailəsi ilə birlikdə ona məxsus həyətdə işləyir. Ailəsinə baxır və əmək haqqı verir. Ferma ərazisində qoyunçuluq fəaliyyəti ilə məşğul olur. Zərərçəkmiş şəxs ehtiyatsızlıq edərək çəlləyin qapağını açmağı unutduğu və içərisində qaz yarandığı üçün laqondanı yaxınlaşdıran zaman baş vermiş partlayış nəticəsində xəsarət almışdır. Hadisə baş verən zaman Elvinin yoldaşı ona zəng edərək xəsarət aldığını bildirmişdir. Elvin Həsənov ona məxsus həyətdə “çoban” vəzifəsində deyil, “bağban” vəzifəsində çalışır və o, Elvin Həsənova çəllək düzəldilməsi barədə hər hansı bir tapşırıq verməmişdir. Göstərilənlərə əsasən, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, o, çəlləyi heyvanlara yem vermək üçün kəsib düzəltmək istəmiş, bir qədər fikirli olduğu üçün ehtiyatsızlıq etmiş və xəsarət almışdır. Şəxs yem qabı düzəltmək üçün ona heç bir tapşırıq verməmişdir. Anar həmin gün orda olmamışdır. Belə ki, Anar ona iş vermiş, ailəsinə baxır. O da bunların qarşılığını vermək üçün heyvanlar üçün yem qabı düzəltmək istəmişdir. Baş vermiş hadisə ilə əlaqədar heç kimdən şikayət və tələbi yoxdur. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs barəsində İXM-in 198.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarından olan xx.xx.2023-cü il tarixli Əmək müqaviləsindən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdən müddətsiz olaraq bağban kimi işə başlamışdır. İş materialına əlavə edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MTE və PA birliyi X5 17 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol dirsək sümüyünün yuxarı 1/3-nin qapalı yerdəyişmiş sınığı küt-bərk əşyanın təsirindən törənmişlər. Törənmə müddəti qərarın təsviri hissəsində göstərilən tarix və şəraitə yəni, xx.xx.2024-cü il tarixdə əmələ gəlmələri inkar edilmir və dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. İş materialına əlavə edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/900 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar “Tikinti norma və qaydaları İİİ-4-80. 4-cü fəsil. Tikintidə Təhlükəsizlik texnikası qaydaları”-nın 6.3, 6.6 bəndlərinin və “Xalq təsərrüfatı obyektlərində qaynaq və digər odlu işlər apararkən yanğın təhlükəsizliyi qaydaları”-nın 19-cu bəndinin tələbləri pozulmuşdur ki, bu da kley çəlləyinin partlamasının texniki səbəbi olmuşdur. Ağsu rayonu, Qasımbəyli kənd ərazisində yerləşən fermanın həyətində kley çəlləyinin kəsilməsi işləri ilə əlaqədar çəllək yanar mayelərdən təmizlənmədiyinə, çəlləyin içərisi yuyulmadığına və bununla da təhlükəsizlik tədbirləri təmin olunmadığına görə “Tikinti norma və qaydaları İİİ-4-80. 4-cü fəsil. Tikintidə Təhlükəsizlik texnikası qaydaları”-nın 6.3, 6.6 bəndlərinin “Xalq təsərrüfatı obyektlərində qaynaq və digər odlu işlər apararkən yanğın təhlükəsizliyi qaydaları”-nın 19-cu bəndinin tələbləri texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxslər tərəfindən pozulmuşdur. İş materialına əlavə edilən Ağsu Rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplamış materiallar üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmiş, Şəxs əməlində İXM-in 198.3-cü maddəsinin tərkib əlamətləri olduğundan, barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq, baxılmasından ötrü Ağsu Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə, təxminən saat 11 radələrində işlədiyi həyətdə heyvanlar üçün yem qabı hazırlamaq məqsədilə böyük kley çəlləyini laqonda ilə kəsməyə çalışmışdır. İşə başlamamışdan əvvəl profilaktik tədbirlər məqsədilə çəlləyin qapağını açmalı olduğu halda, diqqətsizlik edərək qapağı açmağı unutduğundan, laqondanı yaxınlaşdıran zaman partlayış baş vermiş, nəticədə, dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarət almasına səbəb olmuşdur. O, Ağsu rayon mərkəzi xəstəxanasına çatdırılmış, ilkin tibbi müdaxilələrdən sonra evə buraxılmışdır. Onunla ferma sahibi Şəxs arasında rəsmi əmək müqaviləsi var. Əmək Müqaviləsindən görünür ki, Elvin Abbasov “bağban” vəzifəsində işləyir. O, ferma sahibi Şəxs heç bir tapşırıq almadan, sadəcə Anarın etdiyi yaxşılıqların qarşılığını vermək məqsədilə həyətdə olan çəlləkdən yem qabı hazırlamaq istəmiş, nəticədə, Elvin Abbasovun xəsarət almasına səbəb olan hadisə baş verimişdir. Göründüyü kimi, Zərərçəkmiş şəxs Şəxs hər hansı bir tapşırıq almadan, özbaşına yem qabı hazırlamaq qərarına gəlmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs İXM-in 198.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsində təqsirli olması məhkəmə iclasında öz təsdiqini tapmadığından, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in: 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 53.1, 53.1.1 və 53.1.2-ci maddələrinə əsasən, inzibati xəta hadisəsi, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində İXM-in 198.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №3(016)-154/2024
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-154/2024
26.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver