Məhkəmə qərarları › İş №3(016)-160/2023

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-160/2023

14.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-160/2023 14.03.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1980-ci ildə Ağsu rayonu, Cəlayır kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, Ağsu rayonu, Cəlayır kəndində qeydiyyatda olan və Ağsu rayonu, Ağabəyli kəndində yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Ağsu rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə polisin qanuni tələbinə qəsdən tabe olmamış, ictimai qaydanı kobud şəkildə pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, o, xx.xx.2023-cü il tarixində BDYPİ-nin X3-imtahan və X5 gələrək oğlu İsmayılın öz savadı ilə imtahan verə bilmədiyindən, onun üçün sürücülük vəsiqəsinin müəyyən pul müqabilində verilməsini tələb etmiş, lakin həmin şəxslər onunla razılaşmadığından uca səslə mübahisə etməyə başlamışdır. Bundan sonra onu nizam-intizama dəvət edərək sakitləşməyini tələb etsələr də o, əsəbləşdiyi üçün uca səslə ünvansız küçə söyüşləri söyməyə başlamışdır. Həmin şəxslər isə Ağsu Rayon Polis Şöbəsinin növbətçi hissəsinə yığaraq ərazidə xidmət aparan PPXB-nin əməkdaşlarını köməyə çağırmışlar və bir qədər keçdikdən sonra polis əməkdaşları da gəlmiş, bundan sonra o, daha da əsəbləşərək uca səslə ünvansız küçə söyüşləri söyməyə davam etmişdir. Həmin polis əməkdaşları özlərini təqdim edərək ona ictimai qaydanı pozmağını izah etmiş və onu Ağsu Rayon Polis Şöbəsinə dəvət edərək gətirmək istəmişlər. Lakin o, polis əməkdaşlarına tabe olmayaraq ordan uzaqlaşmağa başlamışdır. Bu zaman polis əməkdaşları onu tutaraq Ağsu Rayon Polis Şöbəsinə gətirmiş və növbətçi hissəyə təhvil vermişlər. O, 2-ci qrup əlildir. Əməlindən peşmandır, barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş BDYPİ-nə bilavasitə tabe olan X3imtahan və X8 baş dövlət avtomobil müfəttişi X2 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə X3-imtahan və X4 xidmətdə olan zaman bir nəfər vətəndaş şöbəyə gələrək özünü Şəxs kimi təqdim edərək uca səslə oğlu üçün sürücülük vəsiqəsini qanunsuz olaraq heç bir imtahan verilmədən özünün müəyyən etdiyi pul müqabilində verilməsini tələb edərək iş rejiminin pozulmasına səbəb olmuşdur. Vətəndaşı dəfələrlə nizam-intizama dəvət etsələr də o, məhəl qoymamış, öz qanunsuz əməllərinin davamı olaraq uca səslə ünvansız küçə söyüşləri söyməyə başlamışdır. Bundan sonra onlar Ağsu Rayon Polis şöbəsinə məlumat verərək ərazidə xidmət aparan Ağsu RPŞ-nin PPXB-nin əməkdaşlarının kömək üçün gəlməsini xahiş etmişdir. Həmin polis əməkdaşları gəldikdən sonra da vətəndaş öz qanunsuz əməllərinin ardı olaraq uca səslə ünvansız küçə söyüşləri söyməyə davam etmişdir. Köməyə gələn polis əməkdaşları özlərini təqdim etdikdən sonra vətəndaşa ictimai qaydanı kobud formada pozduğunu izah etmiş, onu Ağsu RPŞ-yə dəvət etmişlər. Lakin vətəndaş tabe olmayaraq ordan uzaqlaşmaq istəmiş, bundan sonra Ağsu RPŞ-nin PPXBnin nümayəndələri həmin şəxsi saxlamış və Ağsu RPŞ-yə gətirərək növbətçi hissəyə təhvil vermişlər. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə qeyd olunan inzibati xətaları törətməkdə təqsiri tam sübut olunur. “İnzibati xəta haqqında” 14 mart 2023-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs 14 mart 2023-cü il tarixdə polisin qanuni tələbinə qəsdən tabe olmamış, ictimai qaydanı kobud şəkildə pozmuşdur. Göründüyü kimi, Şəxs ictimai qaydanı pozması, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması özünün etirafı, şahid ifadəsi, “İnzibati xəta haqqında” protokol və digər iş materialları ilə təsdiq edilir. İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddələrin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs səmimi peşmançılığı inzibati məsuliyyəti yüngülləşdirən haldır. Şəxs əməlində inzibati məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətaların hallarını, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, inzibati xətanın xarakterini və törədilmə şəraitini nəzərə alaraq, İXM-in 34.3-cü maddəsinə əsasən Şəxs barəsində İXMin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri – inzibati cərimə tətbiq olunmalıdır. İXM-in 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, İXM-in 34.3-cü maddəsinə əsasən, daha ciddi xəta hesab edilən İXM-in 535.1-ci maddəsinin sanksiyası çərçivəsində barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, daha ciddi xəta hesab edilən İXM-in 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar