Məhkəmə qərarları › İş №3(016)-186/2024

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-186/2024

17.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-186/2024 17.09.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X4 Natiq oğlunun sədrliyi, Ağabəyli Kamran Uğur oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X1 iştirakı ilə, X2 tərəfindən Azərbaycan Respublikası Ekolojiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 tərəfindən Azərbaycan Respublikası Ekolojiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayətlə Ağsu Rayon Məhkəməsinə müraciət edərək qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun işlətdiyi tamet daşlarının istehsalı sexi 2019cu ildən fəaliyyət göstərir. Sexin yerləşdiyi ərazi dörd bir tərəfdən hasarlanmışdır, ərazinin yaxınlığında heç bir yaşayış məntəqəsi, ictimai bina yerləşmir. 06 fevral 2024-cü il tarixdə AR ETSN 11 saylı Regional Ekolojiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları sexin yerləşdiyi əraziyə gəlmişdirlər və əraziyə baxış zamanı ərazinin bir tərəfində olan daş qırıntılarını nə üçün ora yığıldığını soruşmuşdular, o, da bildirmişdir ki, ərazinin bir tərəfində olan daş qırıntıları tullantı deyil, onlar təkrarən emal edilərək məhsul istehsal olunur. İdarənin əməkdaşları onunla razılaşmışdırlar və hər hansı bir nöqsan olubolmaması barədə heç bir irad bildirməmişdirlər, heç bir inzibati xəta barədə protokol tərtib etmədən çıxıb getmişdirlər. Sonradan ona poçt vasitəsilə AR ETSN 11 saylı Regional Ekolojiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərar göndərilmişdir. Həmin protokol və qərarla tanış olduqdan sonra, ona məlum olmuşdur ki, 11 saylı Regional Ekolojiya və Təbii Sərvətlər İdarəsi tərəfindən sexin ərazisinə baxış zamanı guya ərazidə bərk və qarışıq tullantıların qalaqlanması və mövcud qanunvericiliyə uyğyn olaraq daşınmadığı müəyyən edilmişdir. Əlavə olaraq bildirmişdir ki, protokol və qərarda göstərilən hallar həqiqəti əks etdirmir, ərazidə olan daş qırıntıları tullantı deyildir, həmin daş qırıntılarının ekolojiyaya heç bir zərəri yoxdur. İdarə tərəfindən tərtib edilmiş protokol və qərar qanunsuzdur və onun sahibkarlıq fəaliyyətinə əsassız müdaxilədir. Bu səbəbdən barəsində qəbul edilmiş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarı qanunsuz hesab edir və ləğv edilməsini tələb edir. Məhkəmə iclasında qərardan şikayət verən şəxs X2 şikayət ərizəsinə uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər barədə xəbərdar edilməsinə baxmayaraq Azərbaycan Respublikası Ekolojiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir və gəlməməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə İXM-nin 61.3-cü maddəsinə əsasən, tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən X2 inzibati xətanı törətməkdə təqsirli bilinərək 3500 manat cərimə olunmuşdur. - Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 şikayət ərizəsindən görünür ki, X2 şikayət ərizəsi ilə Ağsu Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin “İnzibati tənbeh vermə haqqında” 07 mart 2024-cü il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. - Ağsu Rayon Məhkəməsinin 39 may 2024-cü il tarixli, 3(016)-186/2024 saylı qərarından görünür ki, şikayət təmin edilmiş, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin “İnzibati tənbeh vermə haqqında” 07 mart 2024-cü il tarixli, MN ******* nömrəli qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. - Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin şikayəti qismən təmin edilmiş, Ağsu Rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli, 3(016)-186/2024 nömrəli qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, tərəfindən Azərbaycan Respublikası Ekolojiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, işə yenidən baxılması Azərbaycan Respublikası Ekolojiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə həvalə olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 266.2-ci maddəsinə əsasən tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə-vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. Qanunun tələbindən göründüyü kimi sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulması və ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi inzibati xətanın tərkib hissəsidir. Sözügedən tələblərin pozulması isə İXM-in 266.2-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla X2 tərəfindən istifadəsində olan ərazidə daş qırıntılarının mövcudluğu təsdiq olunur, lakin o, həmin daş qırıntılarının tulantı deyil, təkrar emal üçün həmin yerə yığıldığını qeyd etmişdir. İnzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən daş qırıntılarının tulantı deyil, təkrar emal üçün yığılıb-yığılmaması halı araşdırılmamışdır. Bu səbəbdən də tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasını iş materialları ilə müəyyən etmək mümkün olmamışdır. İXM-nin: 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsində görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 6.2-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2-ci maddəsinə görə qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 137.3-cü maddəsinə əsasən bu Məcəllənin 134.1.4-cü və 134.1.5-ci maddələrinə əsasən qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edildikdə, inzibati xəta haqqında işə bu Məcəllə ilə müəyyən edilmiş müddətlərdə yenidən baxılır. Ona görə də, X1 şikayəti qismən əsaslı olduğuna görə bu həddə təmin edilməli, Azərbaycan Respublikası Ekolojiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və işə yenidən baxılması Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Ekolojiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və işə yenidən baxılması Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Ağsu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar