Məhkəmə qərarları › İş №3(016)-19/2023

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-19/2023

12.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-19/2023 12.01.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 iştirakları ilə, xx.xx.1986-cı ildə Ağsu şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 520 və 590.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Ağsu rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 11 yanvar 2023-cü il tarixdə yaşayış məntəqələrində müəyyən edilmiş qaydanı pozmaqla odlu silahdan atəş açmış və ov tüfənginin saxlanılması və daşınması qaydalarını pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X4 izahat verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 15 radələrində evdə olan zaman qarlı hava olduğu üçün özünə məxsus olan 12 çaplı, “ETRO” markalı SA-13574 nömrəli ov tüfəngini və 3 ədəd patron götürərək çayın kənarına ov etmək məqsədi ilə getmiş, o çayın kənarında bir patron atdıqdan sonra tanımadığı Rasim adlı bir şəxs ona yaxınlaşmış onun tüfəngi ilə maraqlanmış, ondan tüfəngi alaraq atəş açmaq istəmiş, o da tüfəngi atəş açması üçün Rasimə vermiş, Rasim də atəş açmışdır. Bu vaxt polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim etmiş, silahın sənədlərinin olub olmadığını soruşmuş və onları RPŞ-nə dəvət etmişlər. Həmin vaxt Rasim kobudluq edərək polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq tüfəngi polis əməkdaşlarına verməmiş, polis əməkdaşları tüfəngi Rasimdən alaraq onları RPŞ-ə gətirmişlər. O, öz səhvini başa düşür, bir daha belə hallara yol verməyəcəyinə söz verir. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, X3 İXM-in 520 və 590.1-ci maddələri ilə qeyd olunan inzibati xətaları törətməkdə təqsiri tam sübut olunur. “İnzibati xəta haqqında” 12 yanvar 2023-cü il tarixli, MN ******* saylı protokolla müəyyən olunur ki, X4 11 yanvar 2023-cü il tarixdə yaşayış məntəqələrində müəyyən edilmiş qaydanı pozmaqla odlu silahdan atəş açmış və ov tüfənginin saxlanılması və daşınması qaydalarını pozmuşdur. Göründüyü kimi, X3 İXM-in 520 və 590.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi özünün etirafı, inzibati xəta haqqında protokol və digər iş materialları ilə təsdiq edilir. İXM-in 520-ci maddəsinə əsasən, yaşayış məntəqələrində və xüsusi olaraq ayrılmamış yerlərdə və ya xüsusi olaraq ayrılmış yerlərdə müəyyən edilmiş qaydanı pozmaqla odlu silahdan atəş açmağa görə - silah və döyüş sursatı müsadirə edilməklə və ya edilməməklə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir. İXM-in 590.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulmasına görə - silah və döyüş sursatı müsadirə edilməklə və ya edilməməklə əlli manatdan yetmiş manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 İXM-in 520 və 590.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddələrin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. X1 peşmançılığı inzibati məsuliyyəti yüngülləşdirən haldır. X3 əməlində inzibati məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, X3 törətdiyi inzibati xətaların hallarını, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, inzibati xətanın xarakterini və törədilmə şəraitini nəzərə alaraq, İXM-in 34.3-cü maddəsinə əsasən X4 barəsində İXM-in 520-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri – inzibati cərimə tətbiq olunmalıdır. İXM-in 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, X4 İXM-in 520 və 590.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, İXM-in 34.3-cü maddəsinə əsasən, daha ciddi xəta hesab edilən İXM-in 520-ci maddəsinin sanksiyası çərçivəsində barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: X4 İXM-in 520 və 590.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, daha ciddi xəta hesab edilən İXM-in 520-ci maddəsinin sanksiyası çərçivəsində 100 (yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar