Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-199/2025 17.07.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1975-ci ildə Masallı rayonu, Təkdam kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, Masallı rayonu, Təkdam kəndində qeydiyyatda olan, Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsi, Meleratorlar qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Ağsu Rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə saat 09 radələrində qeyri-rəsmi həyat yoldaşı Zərərçəkmiş şəxs döyərək ona dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X2 məhkəmə iclasında çıxış edərək göstərdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə qeyri-rəsmi həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı onu döyərək dərəcəsi təyin olunmayan xəsarətlər yetirmişdir. İXM-nin 157-ci maddəsi ilə artıq üçüncü dəfədir ki, məhkəməyə gətirilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, o, xx.xx.2025-ci il tarixində uşaqlarını görmək üçün qeyri-rəsmi həyat yoldaşı Zərərçəkmiş şəxs iş yerinə gəlmişdir və ona məlum olmuşdur ki, o, uşaqları saat 17:00 radələrində bağçadan götürdükdən sonra uşaqlar saat 22-23 radələrinə qədər Zərərçəkmiş şəxs iş yeri olan kafedə qalırlar. Həmçinin uşaqların Çaparlı kəndində, onun xəstə anasının yanında diqqətdən kənar qaldığını öyrənmiş və aralarında mübahisə yaranmışdır. Mübahisə nəticəsində o, qarşı tərəfə əl qaldırmamış və xəsarət yetirməmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, Şəxs dəfələrlə onu öldürməklə hədələmiş, xx.xx.2025-ci il tarixində iş yerinə gəldiyi zaman isə uşaqlar bağçada olmuşdur. O, ərizə yazaraq bağçaya uşaqların ondan başqa heç kəsə verilməməsini bildirmişdir. Daha sonra aralarında mübahisə yaranmış, Şəxs onu bıçaqla hədələmiş və ona sillə ilə vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun kafesində işləyir, Şəxs xx.xx.2025-ci il tarixində onun kafesinə gəlmiş, keçmiş həyat yoldaşı olan Zərərçəkmiş şəxs ilə görüşmək istədiyini bildirmişdir. O etiraz etməmiş, keçib içəridə görüşmələrini demişdir. Onlar içəridə söhbət edən zaman mübahisə yaranmış, o, müştərilərinin olduğunu, mübahisələrinə çöldə davam etmələrini bildirmiş, sonra Vüsalə və Əli çölə çıxmış və yenidən orada da mübahisə etmişlər, mübahisə zamanı o, Əlinin Vüsaləni vurduğunu görmüş və onları ayırmaq üçün yaxınlaşmış, daha sonra Əli həmin yeri tərk etmişdir. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs qeyd olunan inzibati xətanı törətməkdə təqsiri tam sübut olunur. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - “İnzibati xəta haqqında” xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 09 radələrində qeyri-rəsmi həyat yoldaşı Zərərçəkmiş şəxs döyərək ona dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. - Ağsu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(016)-122/2025 nömrəli qərarından görünür ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməklə təqsirli bilinmiş, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, daha ciddi xəta hesab edilən İXM-in 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 10 gün müddətində həbs olunması qərara alınmışdır. - Ağsu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(016)-149/2025 nömrəli qərarından görünür ki, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib, barəsində 15 gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. - Ağsu Rayon Polis X3 xx.xx.2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi üçün qəbul olunmuş qərarın surətinin Ağsu RPŞ-nin İTB-ə göndərilməsi qərara alınmışdır. Göründüyü kimi, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi, zərərçəkmiş şəxsin izahatı, şahid ifadəsi, Ağsu rayon Polis X3 qərarı, “İnzibati xəta haqqında” protokol ilə təsdiq olunur. Məhkəmə hesab edir ki, Şəxs hərəkətləri İXM-in 157-ci maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İXM-in 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə inzibati xətanın xarakterini, təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 30 (otuz) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati qaydada həbsetmənin əvvəli 17 iyul 2025-ci il tarixdən, saat 15:00-dan hesablansın. Qərarın icrası Ağsu rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №3(016)-199/2025
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-199/2025
17.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver