Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-2/2023 06.01.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi ilə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 485.2-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC-nin İXM-in 485.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material baxılması üçün Ağsu Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati icraat aparılan hüquqi şəxs və səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də, məhkəmə barəsində inzibati icraat aparılan hüquqi şəxsin və səlahiyyətli orqanın nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş 07 dekabr 2022-ci il tarixli “İnzibati xəta haqqında” Protokoldan görünür ki, Şəxs MMC (VÖEN: **********) tərəfindən 10 noyabr 2022-ci il tarixdə “Mazımqara” gömrük postundan keçirməklə Azərbaycan Respublikasının gömrük ərazisinə Almaniyadan gələn 1 ədəd 2019-cu il buraxılışlı, “X1” markalı nəqliyyat vasitəsinin **********5897 nömrəli, 23 noyabr 2022-ci il tarixli gömrük bəyənnaməsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində bəyan edilmiş, lakin sözügedən nəqliyyat vasitəsinə dair qısa idxal bəyannaməsi həmin mallar gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada verilməmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 34/012/006056 nömrəli, xx.xx.2022-ci il tarixli raportuna əsasən, Şəxs MMC-nin ünvanına 10 noyabr 2022-ci il tarixdə Almaniya Federativ Respublikasından idxal olunan buraxılış ili 2019-cu il tarixli “WDF**********4965” şassi nömrəli “X1” markalı nəqliyyat vasitəsi üçün xx.xx.2022-ci il tarxdə “Mazımqara” gömrük postundan ölkə ərazisinə daxil olarkən qısa idxal bəyannaməsi təqdim edilməmiş və bununla da Gömrük Məcəlləsinin 113-cü maddəsinin tələbləri pozulmuşdur. Barəsində icraat aparılan şəxsin sorğu sual edilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Almaniya Federativ Respublikasından Şəxs MMC-nin ünvanına gələn buraxılış ili 2019-cu il tarixli, “X1” markalı nəqliyyat vasitəsi idxal edilmiş, Nəqliyyat vasitəsinin sərhədi keçməsi barədə sürücü məlumat vermədiyi üçün həmin nəqliyyat vasitəsinə dair tərəflərindən qısa idxal bəyannaməsi tərtib edilməmişdir. İXM-in 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 485.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. “Malların və nəqliyyat vasitələrin gömrük sərhəddindən keçirilməsi üçün “Yaşıl dəhliz” və “digər buraxılış sistemlərində istifadə qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 920 saylı, 21 may 2016-cı il tarixli Fərmanının 2.2ci bəndinə əsasən, qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC tərəfindən İXM-in 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Şəxs MMC-nin ünvanına Almaniya Federativ Respublikasından 10 noyabr 2022-ci il tarixdə idxal olunan buraxılış ili 2019-cu il tarixli “WDF**********4965” şassi nömrəli “X1” markalı nəqliyyat vasitəsinə dair qısa idxal bəyannaməsi gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına verilmədiyi müəyyən edilmişdir. Beləliklə, məhkəmə iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC İXMin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 1.500 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC İXM-in 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, 1.500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №3(016)-2/2023
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-2/2023
06.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver