Məhkəmə qərarları › İş №3(016)-2/2025

Ağsu Rayon Məhkəməsi Qərardad — İş №3(016)-2/2025

08.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağsu rayonu İş № 3(016)-2/2025 08.01.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Nümayəndə3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 578.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Nəzarəti Baş İdarəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Nəzarəti Baş İdarəsi tərəfindən Şəxs MMC barəsində İXM-in 578.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Ağsu Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında çıxış edərək bildirdi ki, Qazaxıstan Respublikası vətəndaşı Dana Akhmetovanın inzibati xəta törətməsi məlum olmuş, o, Dövlət Miqrasiya Xidmətinə dəvət olunmuş izahatı alınmışdır. Məlum olmuşdur ki, əcnəbi vətəndaş icazəsi olmadan Şəxs MMC-də əmək fəaliyəti ilə məşğul olmuşdur. Onun barəsində İXM-in 575.1.4-cü maddəsi ilə “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edilərək 400 manat cərimə edilmiş, cəriməni ödədikdən sonra ölkəni tərk etmişdir. Daha sonra Şəxs MMC barəsində İXM-in 578.1-ci maddəsi ilə prortokol tərtib olunmuş və baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsndə İXM-in 578.1-ci maddəsində nəzərdə tutulmuş tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında çıxış edərək bildirdi ki, Şəxs MMC barəsində İXM-in 578.1-ci maddəsi ilə tərtib edilmiş protokol əsassızdır. Belə ki, qanunvericiliyin tələbinə əsasən inzibati məsuliyyətə səbəb olan əməl - hərəkət və ya hərəkətsizlik olmalıdır. Hazırkı halda iddia olunan halın MMC ilə heç bir əlaqəsi yoxdur. Latın əlifbasında yazmağı bacarmayan Dana Akhmetovanın 2 sətirlik kiril əlifbası ilə yazılmış izahatı ilə MMC haqqında inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz. Heç bir mötəbərliliyi olmayan qərəzli izahat sübut sayıla bilməz. Hər bir sübut özlüyündə əhəmiyyətli məlumat daşıyaraq iş üzrə hər hansı faktı təsdiq və ya inkar etməklə onda əks olunan informasiya ilə yerinə yetirilir. Bu o deməkdir ki, hər bir sübut informativ məzmuna malikdir. Lakin Dana xanımın qeyri-müəyyən və qeyri-dəqiq izahatı (son bir ildə, saat 09:00-dan-17:00-dək) özlüyündə nəyinki informativ məzmuna malik deyil, yanlışdır və iftiradır. Digər tərəfdən, təqdim olunmuş sənədlərdən görünür ki, MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən İXM-də nəzərdə tutulmuş hüquq və vəzifələr izah edilməmiş, MMC-nin nümayəndəsinin izahatı alınmamış, bundan başqa həmin protokol MMC-yə təqdim edilməmişdir. Göstərilənlərə əsasən, MMC barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs MMC barəsində İXM-in 578.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə material yenidən araşdırılması üçün Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Nəzarəti Baş İdarəsinə göndərilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 21 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC Qazaxıstan Respublikası vətəndaşı, xx.xx.1988-ci il təvəllüdlü Dana Akhmetovanın iş icazəsi olmadan mühasib vəzifəsində əmək fəaliyyətinə cəlb olunması səbəbindən MMC barəsində İXM-in 578.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərarından görünür ki, Dana Akhmetova İXM-in 575.1.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilməklə, 120 gün ərzində ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılması və Azərbaycan Respublikasına gəlmək hüququnun 5 il müddətinə məhdudlaşdırılması qərara alınmışdır. İXM-in 578.1-ci maddəsinə əsasən, işəgötürən tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə - vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir. İXM-in 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 124.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. İXM-in 124.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. İşdən görünür ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Nəzarəti Baş İdarəsinin baş inspektoru X1 Şəxs MMC barəsində “İnzibati xəta haqqında” protokol tərtib edərkən Qazaxıstan Respublikası vətəndaşı Dana Akhmetovanın izahatı ilə kifayətlənmiş, Şəxs MMC-nin nümayəndəsinin izahatını almamış, Dana Akhmetovanın MMC-də iş icazəsi olmadan mühasib vəzifəsində əmək fəaliyyətinə cəlb olunmasını təsdiq edən sübutlar olmadan, yalnız Dana Akhmetovanın izahatına əsaslanaraq MMC barəsində protokol tərtib etmişdir. Bütün bunlar isə onu göstərir ki, səlahiyyətli vəzifəli şəxs “İnzibati xəta haqqında” protokol tərtib edərkən səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan protokol tərtib etmişdir. Ona görə də, məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, Şəxs MMC barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. İXM-in 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.4-cü maddəsinə əsasən, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.6-cı maddəsinə əsasən, isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC barəsində İXM-in 578.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə material yenidən araşdırılması üçün Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Nəzarəti Baş İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində İXM-in 578.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə material yenidən araşdırılması üçün Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Nəzarəti Baş İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar