Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-201/2023 06.04.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1956-cı ildə Kürdəmir rayonu, Qarasaqqal kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, Ağsu rayonu, Qarasaqqal kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Ağsu rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X2 məhkəmə iclasında bildirdi ki, xx.xx.2023-cü il tarixdə Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə oğlu Cavid «vaz 2101» markalı nəqliyyat vasitəsi ilə Ağsu şəhəri, H.Əliyev küçəsində hərəkətdə olduğu zaman o və digər oğlu Nahid də Cavidin yanında olmuşlar. Həmin zaman yol patrul xidməti əməkdaşları onları saxlamış, yaxınlaşaraq özünü təqdim edib oğlunun idarə etdiyi nəqliyyat vasitəsinin nömrə nişanının qanunvericiliyə uyğun olmadığını bildirib, bu barədə inzibati protokol tərtib ediləcəyini demişlər. Oğlu protokol tərtib edilməsini istəmədiyi üçün polislə mübahisəyə başlamış, sonra o və digər oğlu Nahid də maşından düşüb polis əməkdaşına yaxınlaşmışdır. Daha sonra polis əməkdaşları onları rayon polis şöbəsinə dəvət etmiş, o da polis şöbəsinə getməyə etiraz etməmişdir. Barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş polis baş serjantı X3 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə Ağsu şəhəri, H.Əliyev küçəsində xidmətdə olan zaman «vaz 2101» markalı, **-BB-*** nömrə nişanlı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı mövcud standartlara uyğun olmadığı üçün tərəfindən saxlanmış, o, nəqliyyat vasitəsinin sürücüsünə özünü təqdim edərək ona yol verdiyi qayda pozuntusu ilə bağlı inzibati protokol tərtib ediləcəyini izah etmiş, sürücü X4 mübahisəyə yol verməklə küçədə uca səslə danışıb onun barəsində yazılacaq protokola heç bir əsas olmadan etiraz etmişdir. Ona hüquq və vəzifələrini izah edərkən həmin şəxs yenidən mübahisəni şiddətləndirərək polisin qanuni tələblərini pozmağa başlamışdır. Bundan sonra sürücünün yanında olan iki nəfər şəxs sonradan onun qohumları olduğu məlum olan şəxslər də onlara yaxınlaşıb mübahisəyə yol verməyə başlamışlar. Onları dəfələrlə intizama dəvət etsə də onlar öz hərəkətlərini qərəzli olaraq davam etdirib küçədə olan şəxslərə qarşı da intizamsızlıq nümayiş etdirmişlər. Buna görə də həmin şəxslər polisin qanuni tələblərini pozmaqla iş ahəngini pozduqları üçün tərəfindən rayon polis şöbəsinə dəvət olunmuş, lakin onlar yenidən polisin qanuni tələblərini pozaraq rayon polis şöbəsinə gəlməkdən imtina etmişlər. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. “İnzibati xəta haqqında” 06 aprel 2023-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. İXM-in 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir (8.1). İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir (8.2). İXM-in 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İXM-in 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında başlanmış icraata xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) sübuta yetilmədiyindən, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №3(016)-201/2023
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-201/2023
06.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver