Məhkəmə qərarları › İş №3(016)-202/2025

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-202/2025

20.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-202/2025 20.07.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, ev 38, mənzil 58-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Ağsu Rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmamış, ictimai qaydanı kobud şəkildə pozmuşdur. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X2 məhkəmə iclasında çıxış edərək bildirdi ki, xx.xx.2025-ci il tarixində vətəndaş Şəxs Ağsu şəhəri, Heydər Əliyev prospektində istifadəsində olan kamazla əks istiqamətli yola çıxaraq təhlükəli vəziyyət yaratmış, bu zaman polis əməkdaşları avtomobillə onu saxlamışlar. Şəxs polis əməkdaşlarının onlarla getmək tələbinə qarşı çıxmış, müqavimət göstərərək polis əməkdaşları ilə getməkdən imtina etmişdir. Daha sonra polis əməkdaşları tərəfindən Ağsu Rayon Polis Şöbəsinə gətirilmiş, barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilmişdir. İnzibati qaydada həbs olunmasını xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, özünü təqsirli bilir, həmin gün yolun əks istiqamətinə çıxaraq qəza şəraiti yaratmış, lakin qəza baş verməmişdir. Qarşıdan gələn avtomobil mülki avtomobil olmuş, onların polis əməkdaşları olduğunu bilməmişdir. O üzr istəmək üçün avtomobilindən düşmüş, lakin polis əməkdaşları ona qarşı nalayiq ifadələr işlətmiş və o bunu qəbul etməmişdir. Əməlindən peşmandır, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, xx.xx.2025ci il tarixdə Əİ-qrupunda olduğu zaman Ağsu RPŞ-nin TQ-nun baş təhqiqatçısı polis polkovnik leytenantı Vüsal Hüseynovun NH-yə verdiyi məlumat əsasında Əİ-qrupunun üzvləri CAB-ın əməliyyat müvəkkili polis leytenantı Əliağa Vahidov və TQ-nun təhqiqatçısı polis kapitanı Elnur Əzizov ilə birlikdə Ağsu şəhəri, H.Əliyev prospektinə getmişlər, onlar oraya gəldikdən sonra bir nəfər şəxsin Vüsal Hüseynov ilə mübahisə etdiyini və ona müqavimət göstərdiyini görmüşlər. Onlara yaxınlaşıb özlərini təqdim etmiş və həmin şəxsə bu etdiyi hərəkətlərin inzibati məsuliyyət olduğunu bildirmiş, onu nizam-intizama dəvət etsələr də, həmin şəxs ictimai yerdə öz hərəkətlərinə davam edərək onların qanuni tələblərinə kobudcasına tabe olmayaraq yüksək səslə polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işləməyə başlamışdır. Təkrar olaraq ona sakit olmasını və söyüş söyməməsini bildirsələr də, o qərəzli olaraq öz hərəkətlərini davam etdirərək ictimai qaydanı pozmaqla yanaşı onların qanuni tələblərini yerinə yetirməkdən yayınmışdır. Onlar həmin şəxs barəsində qanuni tədbir görülməsi üçün RPŞ-ə dəvət edərək gətirmişlər. O, davamlı olaraq öz əməllərinə davam edərək RPŞ-nin NH-nin iş rejimini pozaraq RPŞ-nin inzibati binasında nalayiq söyüşlər söyməyə davam etmişdir. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə qeyd olunan inzibati xətaları törətməkdə təqsiri tam sübut olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “İnzibati xəta haqqında” 20 iyul 2025-ci il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmamış, ictimai qaydanı kobud şəkildə pozmuşdur. - xx.xx.2025-ci il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 02:30-da inzibati qaydada tutulmuşdur. Göründüyü kimi, Şəxs ictimai qaydanı pozması və eyni zamanda, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması özünün etirafı, “İnzibati xəta haqqında” protokol və digər iş materialları ilə təsdiq edilir. İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddələrin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs səmimi peşmançılığı inzibati məsuliyyəti yüngülləşdirən haldır. Şəxs əməlində inzibati məsuliyyəti ağırlaşdıran hal yoxdur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətaların hallarını, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, inzibati xətanın xarakterini və törədilmə şəraitini nəzərə alaraq, İXM-in 34.3-cü maddəsinə əsasən Şəxs barəsində İXMin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri – inzibati həbs tətbiq olunmalıdır. İXM-in 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, İXM-in 34.3-cü maddəsinə əsasən, daha ciddi xəta hesab edilən İXM-in 535.1-ci maddəsinin sanksiyası çərçivəsində barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, daha ciddi xəta hesab edilən İXM-in 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 08 (səkkiz) gün müddətində həbs edilsin. İnzibati qaydada həbsetmənin əvvəli 20 iyul 2025-ci il tarixdən, saat 02:30-dan hesablansın. Qərarın icrası Ağsu rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar