Məhkəmə qərarları › İş №3(016)-208/2025

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-208/2025

25.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-208/2025 25.07.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Ağsu rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, işsiz, Ağsu rayonu, Daşdəmirbəyli kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 510 və 535-ci maddələri ilə inzibati xəta törətməsinə dair Ağsu rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmamış, ictimai qaydanı kobud şəkildə pozmuşdur. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X2 məhkəmə iclasında çıxış edərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə onun icraatına Şəxs Ağsu rayonu, Daşdəmirbəyli kəndində zibilxanada yanğın törətməsi ilə bağlı raport daxil olmuşdur. Polis əməkdaşları ona yaxınlaşaraq nə üçün yanğın törətdiyini soruşmuşlar, o isə əsəbi halda nalayiq ifadələrlə cavab vermişdir. Polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də, o, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bbu səbəbdən barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, o, Ağsu rayonu ərazisində olan zibil tullantılarının atıldığı yerlərdə dəmir metallarını satmaq üçün toplayır. xx.xx.2025-ci il tarixdə Ağsu rayonu, Daşdəmirbəyli kəndində zibil tullantılarının atılması üçün təyin olunmuş zibilxanada dəmir metalları toplayan zaman zibilxanada olan kağız parçalarını yandırırmış ki, dəmir metalları asanlıqla toplasın. Daha sonra həmin yerdə yanğın hadisəsi baş vermişdir. Bu zaman baş vermiş yanğın hadisəsi ilə əlaqədar olaraq həmin əraziyə bir nəfər polis əməkdaşı yaxınlaşıb ondan nə üçün yanğın hadisəsi törətdiyini soruşub barəsində protokol tərtib olunacağı bildirərək onu Rayon Polis Şöbəsinə gətirmişdir. Əməlindən peşmandır, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə, inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə qeyd olunan inzibati xətaları törətməkdə təqsiri tam sübut olunur. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - “İnzibati xəta haqqında” 25 iyul 2025-ci il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə polisin qanuni tələbinə qəsdən tabe olmamış, ictimai qaydanı kobud şəkildə pozmuşdur. - “İnzibati qaydada tutma haqqında” 24 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 16:30-da inzibati qaydada tutulmuşdur. Göründüyü kimi, Şəxs ictimai qaydanı pozması və eyni zamanda, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması özünün etirafı və “İnzibati xəta haqqında” protokol və digər iş materialları ilə təsdiq edilir. İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddələrin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs səmimi peşmançılığı inzibati məsuliyyəti yüngülləşdirən haldır. Şəxs əməlində inzibati məsuliyyəti ağırlaşdıran hal yoxdur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətaların hallarını, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, inzibati xətanın xarakterini və törədilmə şəraitini nəzərə alaraq, İXM-in 34.3-cü maddəsinə əsasən Şəxs barəsində İXMin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri – inzibati cərimə tətbiq olunmalıdır. İXM-in 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İXM-in 31.4-1-ci maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, İXM-in 34.3-cü maddəsinə əsasən, daha ciddi xəta hesab edilən İXM-in 535.1-ci maddəsinin sanksiyası çərçivəsində barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, daha ciddi xəta hesab edilən İXM-in 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 150 (bir yüz əlli) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov İş № 3(016)-208/2025 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU Ağsu şəhəri 10 aprel 2025-ci il Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsi barədə Ağsu rayon Polis Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxılır. Məhkəmə iclası saat 16:20-də başlandı. Sədrlik edən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsi barədə Ağsu rayon Polis Şöbəsindən daxil olmuş materiala baxıldığını elan edir. Sədrlik edənin göstərişinə əsasən məhkəmə iclas katibi məruzə edərək bildirir ki, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında iştirak edirlər. Sədrlik edən proses iştirakçılarının şəxsiyyətini müəyyən edir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X2: - Ağsu RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs: - xx.xx.1986-cı il tarixdə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, işsiz, Ağsu rayonu, Daşdəmirbəyli kəndində qeydiyyatda olmaqla yaşayan. Sədrlik edən İXM-in 113.2.5-ci maddəsinə əsasən, proses iştirakçılarına hüquq və vəzifələrini izah edir. X2: hüquq və vəzifələrim aydındır. Şəxs: hüquq və vəzifələrim aydındır. Sədrlik edən məhkəmə iclasının audio və video yazısının aparılması barədə proses iştirakçılarını xəbərdar edir. Sədrlik edən İXM-in 113.2.6-cı maddəsinə əsasən, proses iştirakçılarından İXM-in 107 və 108-ci maddələrində nəzərdə tutulmuş hakimə etiraz etmənin əsaslarını və qaydasını izah etməklə hakimə və iclas katibinə etirazın olub-olmamasını soruşur. Etiraz daxil olmadı. Sədrlik edən proses iştirakçılarından vəsatətlərinin olub-olmamasını soruşur. Vəsatət daxil olmadı. Şəxs müdafiəçi tutmaq hüquqları izah olunur. Şəxs: Təqdim edilən vəkilə ehtiyacım yoxdur. Vəkildən imtina etməyim maddi vəziyyətimlə əlaqədar deyildir. Öz hüquqlarımı özüm müdafiə edəcəm. Sədrlik edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxsə izahat verməyi təklif edir. İnzibati xəta haqqında protokol tərtib etmiş X2 izahat verərək göstərdi ki, xx.xx.2025-ci il tarixdə onun icraatına Şəxs Ağsu rayonu, Daşdəmirbəyli kəndində zibilxanada yanğın törətməsi ilə bağlı raport daxil olmuşdur. Polis əməkdaşları ona yaxınlaşaraq nə üçün yanğın törətdiyini soruşmuşlar, o isə əsəbi halda nalayiq ifadələrlə cavab vermişdir. Polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də, o, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığı üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Suallar daxil olmadı. Sədrlik edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin mahiyyətini izah edir və elan olunmuş həmin maddələr ilə özünü təqsirli bilib-bilməməsi haqqında fikrini soruşur. Şəxs: İXM-in 510 və 535.1-ci maddələri ilə özümü təqsirli bilirəm. Sədrlik edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsə izahat verməyi təklif edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, mən Ağsu rayonu ərazisində olan zibil tullantılarının atıldığı yerlərdə dəmir metallarını satmaq üçün toplayıram. xx.xx.2025-ci il tarixdə Ağsu rayonu, Daşdəmirbəyli kəndində zibil tullantılarının atılması üçün təyin olunmuş zibilxanada dəmir metalları toplayan zaman zibilxanada olan kağız parçalarını yandırdım ki, dəmir metalları asanlıqla toplayım. Daha sonra həmin yerdə yanğın hadisəsi baş verdi. Bu zaman baş vermiş yanğın hadisəsi ilə əlaqədar olaraq həmin əraziyə bir nəfər polis əməkdaşı yaxınlaşıb mənə nə üçün yanğın hadisəsi törətdiyini bildirib mənim barəmdə protokol tərtib olunacağı bildirərək məni Rayon Polis Şöbəsinə gətirdi Suallar daxil olmadı. Sədrlik edən məhkəmə araşdırılmasının tamamlanıb-tamamlanmaması barədə proses iştirakçılarının fikrini soruşur. X2: məhkəmənin mülahizəsinə buraxıram. Şəxs: məhkəmənin mülahizəsinə buraxıram. Sədrlik edən iş üzrə araşdırmanın başa çatdığını elan edir. Sədrlik edən yekun məhkəmə qərarının çıxarılması üçün müşavirə otağına gedir. Sədrlik edən müşavirə otağından qayıtdıqdan sonra qərarı elan edir. Sədrlik edən qərardan şikayət vermə qaydasını və müddətini, eyni zamanda işdə iştirak edən şəxslərə protokolla tanış olmaq və ona dair qeydlər vermək hüquqlarını izah edir. Məhkəmə iclası saat 16:30-da qurtardı. Protokol 25 iyul 2025-ci il tarixdə tərtib olundu. Hakim: Məhkəmə iclas katibi:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar