Məhkəmə qərarları › İş №3(016)-215/2023

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-215/2023

25.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-215/2023 25.04.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X2, Zərərçəkmiş şəxs X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 iştirakları ilə, xx.xx.1987-ci ildə Ağsu rayonu, Bico kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Ağsu rayonu, Bico kəndində qeydiyyatda olan və yaşayan, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Ağsu rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 xx.xx.2023-cü il tarixdə vətəndaş X5 döyərək dərəcəsi təyin olunmayan xəsarətlər yetirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X7 izahat verərək göstərdi ki, X10 onun həyat yoldaşıdır. Onunla 2012-ci ildə ailə həyatı qurmuşlar, evliliklərindən 2 uşaqları olmuşdur. Evlilik müddətində münasibətləri normal olmuşdur, aralarında ədavət və düşmənçilik olmamışdır. xx.xx.2023-cü il tarixdə təxminən saat 18 radələrdə yaşadığı evin həyətində olarkən, 2014-cü il təvəllüdlü oğlu X11 ağlayaraq yanına qaçaraq gəlmişdir. O, Kənandan nə üçün ağlayırsan soruşmuş, Kənan anasının onu ağlatdığını demişdir. Həmin vaxt həyat yoldaşı Fidan da Kənanın arxasınca yanına tərəf gəlmişdir. O, həyat yoldaşı Fidana oğlu Kənanı nə üçün ağladırsan demişdir. Bu zaman Fidan ona Kənanın dərslərinə hazırlaşmadığını, bütün gün telefonla oynadığını demişdir. O, Kənana dərslərini oxumasını bildirmişdir. Həmin vaxt Fidan, Kənanın üzərinə gedərək onu evə aparmaq istəmişdir. O, Kənanın ağladığını görmüş və Fidanın sol qolundan tutub aralamaq istəmiş, lakin aralayan zaman Fidanın ayağı sürüşərək yerə yıxılmışdır. Bundan sonra Fidan ayağa qalxaraq evə qayıdıb getmişdir. Üzərindən bir qədər sonra o, Kənan ilə evə gəlmişlər. Fidan artıq onunla yaşamaq istəmədiyini və ata evinə çıxıb getmək istədiyini bildirmişdir. O, Fidanın dediklərini ciddi qəbul etməmiş və ona getmək istəyirsən gedə bilərsən yolun açıqdır demişdir. xx.xx.2023-cü il tarixdə təxminən saat 05 radələrdə yuxudan oyanmış və Fidanın özünə məxsus əşyalarını yığdığını görmüşdür. Ona nə etmək istədiyini soruşmuş, Fidan ona getmək istədiyini bildirmişdir. Bundan sonra evdən çıxıb getmişdir. Barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X10 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, X7 onun həyat yoldaşıdır. Onunla 2012-ci ildə ailə həyatı qurmuşlar, evliliklərindən 2 uşaqları olmuşdur. Evlilik müddətində aralarında bir neçə dəfə münaqişələri olmuşdur, ədavət və düşmənçilikləri olmamışdır. Həyat yoldaşı Yunus mütəmadi olaraq spirtli içki qəbul edir və buna görə də aralarında səbəbsiz yerə söz söhbətləri olmuşdur. Sonuncu dəfə xx.xx.2023cü il tarixdə təxminən saat 18 radələrdə yaşadıqları evdə olarkən 2014-cü il təvəllüdlü oğlu X6 dərslərinə hazırlaşması üçün yanına çağırmışdır. Həmin vaxt oğlu Kənanın əlində həyat yoldaşına məxsus telefonun olduğunu görmüşdür. Bu zaman Kənana həmin telefonu kənara qoyub yanına gəlməsini demişdir. Həmin vaxt Kənan həyətə qaçaraq Yunusin yanına getmişdir. O, Kənanın arxasınca gedərək onu gətirmək istədikdə, həyat yoldaşı həmin vaxt ona uşaqdan aralı dur deyərək sol qolundan tutaraq itələmişdir. O, yerə yıxılmış və bədəninin müxtəlif yerləri xəsarət almışdır. Bundan sonra o, təkrar ayağa qalxaraq uşağı evə aparıb dərslərinə hazırlaşdırmaq istədiyini dedikdə Yunus ona imkan verməmiş və onun ünvanına nalayiq ifadələr işlədərək söyüb təhqir etmişdir. Daha sonra o, yaşadığı evə qayıtmışdır. Üzərindən bir qədər sonra Yunus də evə gəlmişdir. Ona, səni iti qovan kimi evdən qovacam demişdir. O, Yunusə qalmaq istəmədiyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə təxminən saat 05 radələrdə yaşadığı evdən çıxaraq kənd ərazisində olan Bico-Sumqayıt sərnişin daşıyan nəqliyyat vasitəsinə əyləşərək Sumqayıt şəhərinə ata evinə getmişdir. Olanlar barədə atası X1 demişdir. Bu səbədən, onun barəsində daha ciddi inzibati tənbeh tədbirinin görülməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, X12 qeyd olunan inzibati xətanı törətməkdə təqsiri tam sübut olunur. “İnzibati xəta haqqında” xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli protokoldan görünür ki, X14 xx.xx.2023-cü il tarixdə yaşadığı evdə vətəndaş X5 döyərək xəsarət yetirmişdir. MTE və PA Birliyinin Göyçay rayon şöbəsinin 35 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, X4 məhkəmə tibb müayinəsi zamanı bədən səthində aşağıdakı xəsarətlər vardır: sağ saidin orta 1/3-nin iç-yan səthlərində qançırlar, sağ saidin yuxarı-orta 1/3-i və hər iki baldırın yuxarı 1/3-nin ön hissəsində sıyrıqlar küt-bərk əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddəti qərarda göstərilən tarixə və şəraitə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gəlməsi inkar olunmur. Sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin olunmur. İş materialına əlavə edilən Ağsu rayon X9 Qrupunun xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, X3 əməlində cinayət tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət işinin başlanılması rədd edilmiş, X14 barəsində İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti Ağsu Rayon Polis Şöbəsinin İTB-yə göndərilmişdir. Göründüyü kimi, X3 İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatı, Ağsu rayon X9 Qrupunun qərarı və “İnzibati xəta haqqında” protokol ilə təsdiq olunur. Buna görə də, məhkəmə hesab edir ki, onun hərəkətləri İXM-in 157-ci maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İXM-in 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. X3 əməlində inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə inzibati xətanın xarakterini, təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, X7 barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: X7 İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar