Məhkəmə qərarları › İş №3(016)-219/2023

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-219/2023

26.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-219/2023 26.04.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1966-cı ildə Ağsu rayonu, Qaraqaşlı kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, Ağsu rayonu, Qaraqaşlı kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Ağsu rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmamış, ictimai qaydanı kobud şəkildə pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə özünə məxsus vaz 2107 markalı, **-HJ-*** nömrə nişanlı nəqliyyat vasitəsi ilə Ağsu şəhəri, S.Vurğun küçəsi ilə Azərbaycan küçəsinin kəsişməsində hərəkət etdiyi zaman digər nəqliyyat vasitəsinə diqqətsizliyindən toxunaraq yol nəqliyyat hadisəsini bilmədən törətmişdir. Lakin həmin zaman digər nəqliyyat vasitəsinə və heç bir şəxsə ciddi ziyan vurmadığını zənn edərək hadisə yerinə yaxınlaşan polis əməkdaşlarının hadisə yerini tərk etməməyi ilə bağlı göstərişlərinə əməl etməmiş, nəqliyyat vasitəsini idarə edərək ordan uzaqlaşmışdır. Həmin zaman həyat yoldaşı nəqliyyat vasitəsində olmuş, onu xəstəxanaya aparmalı olduğu üçün diqqətsiz olmuşdur. Əməlindən peşmandır, barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ağsu RPŞ-nin PPXB-nin polis nəfəri, polis sravisi X2 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 14:05 radələrində Ağsu şəhəri, S.Vurğun küçəsi ilə Azərbaycan küçəsinin kəsişməsində xidmətdə olarkən bir nəfər şəxsin vaz 2107 markalı, **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla idarəetməni itirərək yolun kənarında dayanan digər nəqliyyat vasitəsinə toxunaraq əzdiyini görmüş və hadisə yerindən yayınaraq qaçdığı üçün dərhal xidmətdə olan yol patrul xidmətinə məlumat vermişdir. Bu vaxt həmin nəqliyyat vasitəsinin sürücüsü onlara qarşı kobudluq etdiyi üçün həmin şəxsi nizam intizama dəvət etmişlər, vətəndaş əsəbi halda üünvansız nalayiq ifadələr işlədərək qanuni tələblərinə məhəl qoymamış, öz kobud hərəkətlərini davam etdimiş, bu səbəbdən tərəflərindən RPŞ-nə gətirilmişdir. Məhkəmə, inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə qeyd olunan inzibati xətaları törətməkdə təqsiri tam sübut olunur. “İnzibati xəta haqqında” 26 aprel 2023-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs 22 aprel 2023-cü il tarixdə Ağsu şəhəri, Vidadi küçəsində uca səslə ünvansız söyüşlər söyərək xırda xuliqanlıq hərəkətləri etmiş, polisin qanuni tələbinə qəsdən tabe olmamış, ictimai qaydanı kobud şəkildə pozmuşdur. Göründüyü kimi, Şəxs ictimai qaydanı pozması və eyni zamanda, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması özünün etirafı, şahid ifadəsi, “İnzibati xəta haqqında” protokol və digər iş materialları ilə təsdiq edilir. İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddələrin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs səmimi peşmançılığı inzibati məsuliyyəti yüngülləşdirən haldır. Şəxs əməlində inzibati məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətaların hallarını, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, inzibati xətanın xarakterini və törədilmə şəraitini nəzərə alaraq, İXM-in 34.3-cü maddəsinə əsasən Şəxs barəsində İXMin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri – inzibati cərimə tətbiq olunmalıdır. İXM-in 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, İXM-in 34.3-cü maddəsinə əsasən, daha ciddi xəta hesab edilən İXM-in 535.1-ci maddəsinin sanksiyası çərçivəsində barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, daha ciddi xəta hesab edilən İXM-in 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar