Məhkəmə qərarları › İş №3(016)-223/2025

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-223/2025

06.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-223/2025 06.08.2025 AĞSU RAYON MƏHKƏMƏSİ X7 Natiq oğlunun sədrliyi, Cəbrayılova Könül Alov qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Ağsu Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1985-ci ildə Salyan rayonunda anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Salyan rayonu, Şorsulu kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510 və 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Ağsu rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağsu rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs spirtli içkinin təsiri altında ünvansız küçə söyüşləri söyərək polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymamışdır. Bu barədə Ağsu RPŞ-nin İTB-nin sahə rəisi polis leytenantı X4 tərəfindən xx.xx.2025ci il tarixdə MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Ağsu RPŞ-nin İTB-nin sahə rəisi polis leytenantı X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək məhkəmədən protokolun təmin edilməsini xahiş etmiş və Şəxs barəsində tətbiq ediləcək inzibati tənbehin ən ağır cəzasının tədbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahat verərək göstərdi ki, o, Ağsu rayonu İlxıçı kəndi ərazisində yerləşən “Nortwech” tikinti şirkətində operator vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixdə İlxıçı kəndində yerləşən kafedə yeyib içib bir qədər spirtli içki qəbul etmişdir. Həmin vaxtı onunla birlikdə yeyib içən X5 ilə kafedən çıxdıqdan sonra özünə məxsus olan Hundai Elantra markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Rauf Babayev ilə birlikdə "Ağsu dolaylarına çay içməyə getmişdirlər. "Ağsu dolaylarında” bir qədər getdikdən sonra Ağsu dolaylarında xidmət aparan polis əməkdaşları onlara saxla işarəsi vermişdir. O da idarə etdiyi avtomobili saxlamışdır. Avtomobili saxladıqdan sonra polis əməkdaşları yanına yaxınlaşan zaman avtomobili hərəkətə salıb həmin yerdən uzaqlaşmağa çalışmışdır. Dəfələrlə polis əməkdaşları ona saxla işarəsi versə də o, avtomobilini saxlamayıb Ağsu rayonu Hacısəmədli kəndi ərazisinə getmişdir. Ağsu rayonu Hacısəmədli kəndi ərazisində avtomobilini gizlətdikdən sonra Rauf Babayev ilə kənd ərazisində qaçmağa başlamışdır. Spirtli içkinin təsiri altında olduğu üçün yerə yıxılmışdır. Bu zaman polis əməkdaşları onu saxlayıb nə üçün avtomobili saxlamadığını bildirən zaman o, spirtli içkinin təsiri altında olduğu üçün polis əməkdaşaları ilə uca səslə danışmağa daha sonra nalayiq ifadələr işlətməyə başladığı üçün onlar onu dəfələrlə nizam intizama dəvət etsə də o, öz qanunsuz hərəkətlərini davam etdirdiyi üçün onu RPŞ-nə gətirmişdirlər. Etdiyi səhvini başa düşür, bir daha belə səhvlərə yol verməyəcəyinə söz verirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahat verərək göstərmişdir ki, Ağsu rayonu İlxıçı kəndi ərazisində yerləşən “Nortwech” tikinti şirkətində fəhlə vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixdə İlxıçı kəndində yerləşən kafedə yeyib içib bir qədər spirtli içki qəbul etmişdir. Həmin vaxtı onunla birlikdə yeyib içən Şəxs ilə kafedən çıxdıqdan sonra Şəxs məxsus olan Hundai Elantra markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə birlikdə "Ağsu dolaylarına çay içməyə getdik. "Ağsu dolaylarında" bir qədər getdikdən sonra Ağsu dolaylarında xidmət aparan polis əməkdaşları onlara saxla işarəsi verdi. Şəxs da idarə etdiyi avtomobili saxladı. Avtomobili saxladıqdan sonra polis əməkdaşları yanlarına yaxınlaşan zaman Şəxs avtomobili hərəkətə salıb həmin yerdən uzaqlaşmağa çalışdı. Dəfələrlə polis əməkdaşları onlara saxla işarəsi versə də o avtomobili saxlamayıb Ağsu rayonu Hacısəmədli kəndi ərazisinə getmək istəyən zaman o, Şəxs avtomobili saxlamasını bildirmiş, o, isə onun fikiri ilə razılaşmayıb Ağsu rayonu Hacısəmədli kəndi istiqamətində getmişdir. Ağsu rayonu Hacısəmədli kəndi ərazisində Şəxs avtomobili gizlətdikdən sonra Şəxs ilə birlikdə kənd ərazisində qaçmağa başlamışdırlar. Spirtli içkinin təsiri altında olduğu üçün o, işlədiyi şirkətin ərazisinə getmişdir. xx.xx.2025-ci il tarixdə saat 12 radələrində polis əməkdaşları işlədiyi şikətə yaxınalaşıb izahatının alınması üçün onu RPŞ-nə gətirmişdirlər. Etdiyi səhvini başa düşür, bir daha belə səhvlərə yol verməyəcəyinə söz vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahat verərək göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Ağsu dolaylarında xidmət aparan zaman Ağsu dolaylarında hərəkətdə olan “Hundai” markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilin ziq-zaq vari hərəkətlər etdiyini görmüş, həmin nəqliyyat vasitəsinə saxla işarəsi versə də, o, həmin nəqliyyat vasitəsini saxlamadı, bir müddət keçdikdən sonra o, həmin nəqliyyat vasitəsini Ağsu dolaylarında saxlamışdır. Onlar həmin nəqliyyat vasitəsinə yaxınlaşan zaman o, ziqzaq vari hərəkətlər etdirib üzü Ağsu istiqamətində uzaqlaşmağa başladı. Dəfələrlə onlar ona saxla işarəsi versələr də, məhəl qoymamış, həmin nəqliyyat vasitəsi Ağsu rayonu, Hacısəmədli kənd ərazisinə getdiyi üçün YPX-nin ərazidə xidmətdə olan naryadına məlumat vermişdirlər. Yol patrul xidmətinin əməkdaşları da həmin nəqliyyat vasitəsinə dəfələrlə saxla işarəsi versə də o, nəqliyyat vasitəsini saxlamayıb öz hərəkətlərini davam etdirmişdir. Hundai markalı avtomobili Ağsu rayonu, Hacısəmədli kəndində gizlətdikdən sonra özü də kənd ərazisində qaçmağa başlamışdır. O, bir qədər keçdikdən sonra yerə yıxılmış, həmin zaman onlar şəxsi saxlamışdırlar. Yanında olan şəxs isə qaçıb gizlənmişdir. Daha sonra sürücü barəsində qanuni tədbir görülən zaman o, uca səslə nalayiq ifadələr işlətməyə başlamışdır. Onlar onu dəfələrlə nizam intizama dəvət etsə də o, öz qanunsuz hərəkətlərini davam edərək onların heç bir qanuni tələblərinə qəsdən tabe olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - MN seriyalı, ******* nömrəli xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs spirtli içkinin təsiri altında ünvansız küçə söyüşləri söyərək polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymamışdır və İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. - İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 02:30-da tutulmuşdur. - 27 nömrəli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə müayinəyə göndərilmiş və yüngül dərəcəli sərxoş olduğu müəyyən edilmişdir. Məhkəmə, iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsiri özünün etirafedici izahatından başqa, inzibati xəta haqqında protokollar, digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 510 və 535.1-ci maddələri ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, həmçinin Şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə Şəxs inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. İXM-in: 12-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır; 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və İXM-in 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2025-ci il tarixdə ictimai yerdə ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək nalayiq ifadələr işlətmiş, bununla da cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq nümayiş etdirmiş, müəssisənin iş fəaliyyətini pozmuş, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verməklə İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokollar və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs xx.xx.2025-ci il tarixdə ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən yol polis xidməti əməkdaşının qanuni tələbinə tabe olmama kimi halların, yəni İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin də olması barədə nəticəyə gəlməyə əsas verir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs təqsirini etiraf etməsini, peşman olmasını əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xətanı sərxoş halda törətməsini əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. İXM-in: 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinməli və barəsində İXM-in 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tədbiri, yəni İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 05 avqust 2025-ci il tarixdən, saat 02:30-dan hesablansın. Həbsetmə ilə bağlı qərarın icrası Ağsu Rayon Polis Şöbəsinin müvəqqəti saxlanma yerinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar