Məhkəmə qərarları › İş №3(016)-225/2025

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-225/2025

06.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-225/2025 06.08.2025 AĞSU RAYON MƏHKƏMƏSİ X6 Natiq oğlunun sədrliyi, Cəbrayılova Könül Alov qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Ağsu Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X1, İnzibati xəta törətmiş Şəxs iştirakları ilə xx.xx.1954-cü ildə Laçın rayonunda anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, İsmayıllı rayonu, Diyallı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510 və 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Ağsu rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağsu rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs xx.xx.2025-ci il tarixdə ucadan səs-küy salıb, ünvansız nalayiq küçə söyüşləri söyərək polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu barədə Ağsu Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X2 tərəfindən xx.xx.2025-ci il tarixdə MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Ağsu Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək məhkəmədən protokolun təmin edilməsini xahiş etmiş və Şəxs barəsində ən ağır inzibati tənbeh tədbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahat verərək göstərdi ki, o, xx.xx.2025-ci il tarixində günün səhər saatlarında o, oğlu Hilal Alıyev ilə birlikdə Ağsu rayonunda yerləşən Texniki baxışdan keçmək üçün ora gəlmişlər, onlar avtomaşınlarını texniki baxışdan keçirdikdən sonra öz yaşadıqları İsmayıllı rayonuna gedəndə Qazel markalı avtomaşını oğlu X7 edirdi, bu zaman Ağsu rayon ərazisində Ağsu RPŞ-nin YPX-li əməkdaşları onları yolda saxlatdırmış və oğlu Hilal Alıyevə bildirmişdirlər ki, sənin idarə etdiyin Qazelin dövlət qeydiyyat nişanı köhnə olduğu üçün və əlavə avadanlıqlar quraşdırıldığı üçün sizin idarə etdiyiniz Qazel markalı avtomaşınınız şöbənin duracağına qoyulmalıdır. Bundan sonra o, həmin polis əməkdaşlarından bir qədər xahiş etmişdir ki, oğlu Hilalın avtomaşınını polis şöbəsinə aparmasınlar, lakin həmin polis əməkdaşları onun heç bir sözünə əhəmiyyət verməmişdirlər. Oğlu Hilalın avtomaşınını şöbənin duracağına aparmaq istəmişdirlər, o da özündən aslı olmadan əsəbləşib bir qədər ucadan səs-küy salıb ünvansız nalayiq küçə söyüşləri söyməyə başlamışdır. Həmin polis əməkdaşları onun sakit olmağını bildirsələr də, lakin o, çox əsəbləşdiyi üçün öz hərəkətlərinə davam etmişdir. Bir qədərdən sonra onu və oğlu Hilalı polis şöbəsinə gətirmişdirlər, o, polis şöbəsində də öz hərəkətlərinə davam etmiş, daha sonra o, Ağsu RPŞ-nin YPX-ti əməkdaşı barəsində Ağsu rayon prokrorluğuna şikayətə getmiş rayon prokrorluğunun rəhbər heyyəti onu xidməti otaqlarında qəbul edib dinləmişdirlər, o, yaşlı olduğundan yenə də özündən aslı olmadan əsəbləşib bir qədər ucadan səs-küy salımışdır. Bildirmişdir ki, o, rayon prokrorlıuğunda heç bir kəsi təhqir etməmiş, lakin ucadan danışmışdır. Polis əməkdaşı ona sakit ol desə də o ucadan danışmışdır. Etdiyi əməldən çox peşmandır, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid X3 izahat verərək göstərdi ki, o, 2009-cu ildən DİO-da xidmət edir, hazırda isə Ağsu RPŞ-nin DYPB-nin YPX-i inspektoru vəzifəsində işləyir. Belə ki, o, xx.xx.2025-ci il tarixdə saat təxminən 10:00 radələrində Bakı-Şamaxı-Yevlax yolunun 61-ci km də xidmətdə olan zaman, “Qaz 3302 yük” markalı, **-BL-*** d.q.n-lı avtomobilin dövlət qeydiyyat nişanları mövcud standartlara uyğun olmadığı üçün tərəfindən saxlanılmış, sürücüyə yaxınlaşaraq özünü təqdim edərək avtomobilində olan qayda pozuntusunu sürücüyə izah olunaraq və barəsində AR.İXM-nin 342.1.3 və 342.2.2-ci maddəsinə əsasən mövcud standartlara uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitəsinin idarə edilməsinə və nəqliyyat 'Vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla avadanlığın quraşdırılmasına görə barəsində inzibati protokol tərtib olunmuşdur. Avtomobilin mühafizə olunan duracaqa yerləşdirilməsi barədə məlumat verilmişdir. Bu zaman sərnişin nalaiq ifadələr işlədərək yüksək səslə küçə söyüşləri söyməyə və mübahisə etməyə başlamışdır, onu dəfələrlə nizam intizama dəvət etsə də o, onların qanuni tələblərinə məhəl qoymayaraq öz hərəkətlərinə davam etmişdir. O, onların qanuni tələblərinə məhəl qoymadığı üçün qeyd olunan ünvana PPXB-nin naryadı dəvət edərək həmin şəxsi RPŞ-nə gətirmişdirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - MN seriyalı, ******* nömrəli xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə ucadan səs-küy salıb, ünvansız nalayiq küçə söyüşləri söyərək polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır və İXM-nin 510 və 535.1ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə, iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsiri özünün etirafedici izahatından başqa, inzibati xəta haqqında protokollar, digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 510 və 535.1-ci maddələri ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, həmçinin Şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə Şəxs inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. İXM-in: 12-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır; 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və İXM-in 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2025-ci il tarixdə ictimai yerdə ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək nalayiq ifadələr işlətmiş, bununla da cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq nümayiş etdirmiş, müəssisənin iş fəaliyyətini pozmuş, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verməklə İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs xx.xx.2025-ci il tarixdə ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən yol polis xidməti əməkdaşının qanuni tələbinə tabe olmama kimi halların, yəni İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin də olması barədə nəticəyə gəlməyə əsas verir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs təqsirini etiraf etməsini, peşman olmasını, ictimai qaydanın mühafizə edən şəxslərdən üzr istəməsini əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xətanı sərxoş halda törətməsini əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. İXM-in: 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinməli və barəsində İXM-in 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tədbiri, yəni İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, daha ciddi xəta hesab edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar