Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-227/2023 04.05.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Cəmaləddin oğlunun iştirakı ilə, xx.xx.1987-ci ildə Ağsu şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs Cəmaləddin oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 206-cı maddəsi ilə inzibati xəta törətməsinə dair Ağsu rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhərrəmov X6 rayonu ərazisində qanunsuz olaraq narkotik vasitə olan “marixuana” əldə etməklə istehlak etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Cəmaləddin oğlu izahat verərək göstərdi ki, o, narkotik vasitə olan marixuananın aludəçisidir. Əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 -ci maddəsi ilə məhkum olunmuşdur. X5 əvvəlcədən tanıyırmış. 22 fevral 2023-cü il tarixdə saat təxminən 18 radələrində Ağsu şəhəri ərazisində yerləşən, “Gəgəli Stayankası” adlanan ərazidə imiş. O. qurudulmuş marixuana əldə edib istifadə etmək üçün istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə tanışı Elvin Xasiyevin istifadəsində olan mobil nömrəsinə zəng vurmuşdur. Elvin Xasiyev zənginə cavab verdikdə salamlaşmış və özü istifadə etməsi üçün ona bir büküm qurudulmuş marixuana təşkil edə bilib-bilməyəcəyini soruşmuş, Elvin Xasiyev bu barədə tanışı ilə soraqlaşıb ona xəbər verəcəyini bildirmişdir. O, Elvin Xasiyevlə razılaşmış və telefon əlaqəsini bitirmişdir. Bundan bir neçə dəqiqə sonra yəni, saat təxminən 18:30 radələrində Elvin Xasiyev istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “whatsapp” proqramı vasitəsilə mesaj yazaraq tanışından bir büküm qurudulmuş marixuana əldə etdiyini və həmin marixuananı tanışının 10 manata satmaq istədiyini ona bildirmişdir. O, Elvin Xasiyevlə razılaşaraq Elvin Xasiyevin mobil nörməsinə zəng vurmuş, onunla telefonla danışa-danışa “Gəgəli Stayankası" adlanan yerdə, "Sanif’ marketdə quraşdırılmış ödəmə terminalının qarşısına keçmişdir. Elvin Xasiyev "Leo Bank"-a məxsus bank hesab kartının nömrəsini ona dedikdən sonra o, ödəmə terminalı vasitəsilə Elvin Xasiyevin hesabına on manat məbləğində pul göndərmişdir. Elvin Xasiyev 10 manat pulun onun kartına yükləndiyini və bir büküm qurudulmuş marixuananı yaşadığı evin yaxınlığında gizlədib ona yığıb məlumat verəcəyini bildirmiş, o, Elvin Xasiyevlə razılaşmışdır. Bir neçə dəqiqə sonra Elvin Xasiyev ona zəng vurub bir büküm qurudulmuş marixuananı siqaret qutusunun içinə qoyduğunu və yaşadığı məhəllənin yaxınlığındakı ağacın dibinə atdığını bildirmişdir. Bundan sonra o, həmin tarixdə saat təxminən 18:55 radələrində tanımadığı taksiyə əyləşib Elvin Xasiyevin yaşadığı, Ağsu şəhəri H.Əliyev küçəsində yerləşən evin yaxınlığına getmişdir. Elvin Xasiyevin ona başa saldığı ağaca yaxınlaşdıqda ağacın dibində bir ədəd “Rothmans” markalı siqaret qutusu olduğunu, siqaret qutusunu yerdən götürüb içinə baxdıqda bir ədəd, kağız salfet büküm olduğunu görmüşdür. O, həmin bükümü götürmüş və piyada ordan uzaqlaşmış, yaşadığı evə gəlib bükümün içinə baxdıqda içində qurudulmuş marixuana olduğunu görmüş, bundan sonra həmin marixuananın bir hissəsini istifadə etmiş, qalan hissəsini isə cibinə qoymuşdur. 23 fevral 2023-cü il tarixdə saat təxminən 10 radələrində bir büküm marixuananı cibinə qoyub yaşadığı evdən çıxmış, Ağsu şəhəri S.Vurğun küçəsində piyada hərəkətdə olarkən, polis əməkdaşları onu saxlamışlar. Polis əməkdaşları özlərini təqdim edib narkotik vasitəni üzərində gəzdirməkdə şübhəli olduğu üçün onu Ağsu rayon Polis Şöbəsinə dəvət etmişlər. O, razılaşıb polis əməkdaşları ilə birlikdə Ağsu rayon Polis Şöbəsinə gəlmişdir. Daha sonra vəkil dəvət edilmiş və ona hüquqları izah olunaraq şübhəli şəxs qismində tutulmuşdur. Sonra dəvət olunmuş vəkilin iştirakı ilə üzərində qanunsuz əşya olub-olmaması soruşulduqda o, üzərində narkotik vasitə olan qurudulmuş marixuana olmasını etiraf etmiş və əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən, bir bükümdə olan olan marixuananı çıxararaq təhvil vermişdir. O, üzərindən aşkar edilmiş bir büküm, qurudulmuş marixuananı 22 fevral 2023-cü il tarixdə saat təxminən 18 radələrində tanışı Elvin Xasiyevdən onun kart hesabına 10 manat pul göndərməklə almışdır. Elvin Xasiyev bir büküm qurudulmuş marixuananı adını demədiyi tanışından əldə edəcəyini ona deyibmiş. Lakin konkret olaraq narkotik vasitəni alacağı şəxsin adını ona deməmişdir. Barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs Cəmaləddin oğlunun qeyd olunan inzibati xətanı törətməkdə təqsiri tam sübut olunur. İş materiallarına əlavə olunan “İnzibati xəta haqqında” xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokolla müəyyən olunur ki, Şəxs Cəmaləddin oğlu xx.xx.2023-cü il taixdə narkotik vasitə olan “marixuana”-dan istifadə etmişdir. İş materiallarına əlavə edilən “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən təqsirləndirilən şəxs X3 03 mart 2023-cü il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamın məzmununa əlavələr edilməklə ona CM-in 234.2-ci maddəsi ilə yenidən ittiham elan edilmiş, təqsirləndirilən şəxs X2 barəsində CM-in 234.4.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, X7, X7 və Şəxs Cəmaləddin oğlunun barələrində CM-in 234.2-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmiş, X4 barəsində İXM-in 206-cı maddəsi ilə inzibati icraat açılması üçün qərarın surəti Ağsu rayon X11 Təhlükəsizlik Bölməsinə göndərilmiş, Şəxs Cəmaləddin oğlunun barəsində İXM-in 206-cı maddəsi ilə inzibati icraat açılması üçün qərarın surəti Ağsu rayon X11 Təhlükəsizlik Bölməsinə göndərilmiş, X2 əldə edərək satdığı narkotik vasitənin əldə olunma mənbəsi ilə bağlı cinayət işinin başlanılması rədd edilmiş, Şəxs Cəmaləddin oğlunun üzərində şəxsi axtarış aparılarkən aşkar edilərək götürülmüş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nin X10 2 nömrəli möhürü ilə möhürlənmiş 01 ədəd, zərfin içində olan, bir ədəd sellofan bükümdə. 0.57 qram çəkidə (tədqiqatdan sonrakı çəkisi) narkotik vasitə olan qurudulmuş marixuananın və X2 üzərində şəxsi axtarış aparılarkən aşkar edilərək götürülmüş “Kapital Bank”-a məxsus, **********005762 nömrəli kartın 14 mart 2023-cıi il tarixli qərarla cinayət işi üzrə maddi sübut hesab edilərək şöbənin maddi sübutların saxlanması otağına təhvil verilməsi, Şəxs Cəmaləddin oğlunun ödəmə terminalı vasitəsilə pul köçürməsini əks etdirən videogörüntülər olan “CD" diskin iş materiallarında saxlanması nəzərə alınmış, təqsirləndirilən şəxsin özünün etirafedici ifadələri, şahidlərin ifadələri, üzləşdirmə protokolları, maddi sübutlar, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin X10 23 fevral 2023-cü il tarixli, 17/208 saylı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji Dispanserinin məhkəma-narkoloji ekspertizasının 16 mart 2023-cii il tarixli 462, 463 və 08 aprel 2023-cü il tarixli, 604 nömrəli ekspert rəyləri cinayət işi üzrə sübut növü kimi qiymətləndirilmiş, qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Ağsu rayon prokuroruna göndərilmişdir. Göründüyü kimi, Şəxs Cəmaləddin oğlunun narkotik vasitə olan marixuana istehlak etməsi, özünün səmimi etirafı, inzibati xəta haqqında protokol və digər iş materialları ilə təsdiq edilir. Buna görə də, məhkəmə hesab edir ki, onun hərəkətləri İXM-in 206-cı maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İXM-in 206-cı maddəsinə əsasən, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd: Satış məqsədi olmadan hazırladığı, əldə etdiyi, saxladığı, daşıdığı və ya göndərdiyi şəxsi istehlak miqdarında narkotik vasitələri, psixotrop maddələri könüllü surətdə təhvil verən şəxs bu maddədə nəzərdə tutulan hərəkətlərə görə inzibati məsuliyyətdən azad edilir. İXM-in 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törətmiş şəxsin səmimi peşmanlığı inzibati məsluliyyəti yüngülləşdirən haldır. Şəxs Cəmaləddin oğlunun əməlində inzibati məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə inzibati xətanın xarakterini, təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, əmlak vəziyyətini nəzərə alıb hesab edir ki, Şəxs Cəmaləddin oğlu barəsində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 49-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs Cəmaləddin oğlu İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 25 (iyirmi beş) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati qaydada həbsetmənin əvvəli 04 may 2023-cü il tarixdən, saat 10:00-dan hesablansın. Qərarın icrası Ağsu rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №3(016)-227/2023
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-227/2023
04.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver