Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-240/2023 12.05.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1995-ci ildə Ağsu rayonu, Çiyni kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, Ağsu rayonu, Çiyni kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Ağsu rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmamış, ictimai qaydanı kobud şəkildə pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə Ağsu şəhəri Nizami küçəsində olan zaman mobil telefon ilə danışarkən əsəbi olduğu üçün uca səslə ünvansız küçə söyüşləri söymüşdür. Ətrafında tanımadığı bir neçə insan olmuşdur. Bu zaman ərazidə olan polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib, uca səslə ünvansız küçə söyüşləri söyərək ictimai qaydanı pozmasını izah etmişlər. O da əsəbi olduğundan yenə də uca səslə ünvansız küçə söyüşləri söyməyə davam etmişdir. Bundan sonra onu Ağsu Rayon Polis Şöbəsinə dəvət edərək gətirmək istəmişlər. Lakin o getmək istəmədiyi üçün oradan qaçaraq uzaqlaşmışdır. Bu zaman onu saxlamışlar və Ağsu Rayon Polis Şöbəsinə gətirmişlər. Əməlindən peşmandır, barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş polis nəfəri X3 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə Ağsu RPŞ-nin PPXB-nin polis nəfəri Süleyman Əhmədli ilə birlikdə Ağsu şəhəri, Nizami küçəsində xidmətdə olan zaman bir nəfər vətəndaşın mobil telefonla danışarkən əsəbi halda uca səslə ünvansız küçə söyüşləri söydüyünü aşkar görmüşlər. Həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib uca səslə ünvansız küçə söyüşləri söyərək xırda xuliqanlıq inzibati xətasını törətməsini izah edib Ağsu Rayon Polis Şöbəsinə getməsi üçün dəvət etmələrinə baxmayaraq öz qanunsuz əməllərini davam etdirmişdir. Bundan sonra onlar həmin vətəndaşı Ağsu Rayon Polis Şöbəsinə gətirmək istəyən zaman vətəndaş oradan qaçaraq uzaqlaşmaq istəmiş, onlar həmin vətəndaşı saxlamış və Ağsu RPŞ-nə gətirərək növbətçi hissəyə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş polis baş serjantı X1 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə Ağsu RPŞ-nin PPXB-nin polis nəfəri Zaur Cavadzadə ilə birlikdə Ağsu şəhəri, Nizami küçəsində xidmətdə olan zaman bir nəfər vətəndaşın mobil telefonla danışarkən əsəbi halda uca səslə ünvansız küçə söyüşləri söydüyünü aşkar görmüşlər. Həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib uca səslə ünvansız küçə söyüşləri söyərək xırda xuliqanlıq inzibati xətasını törətməsini izah edib Ağsu Rayon Polis Şöbəsinə getməsi üçün dəvət etmələrinə baxmayaraq öz qanunsuz əməllərini davam etdirmişdir. Bundan sonra onlar həmin vətəndaşı Ağsu Rayon Polis Şöbəsinə gətirmək istəyən zaman vətəndaş oradan qaçaraq uzaqlaşmaq istəmiş, onlar həmin vətəndaşı saxlamış və Ağsu RPŞ-nə gətirərək növbətçi hissəyə təhvil vermişlər. Məhkəmə, inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə qeyd olunan inzibati xətaları törətməkdə təqsiri tam sübut olunur. “İnzibati xəta haqqında” 12 may 2023-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs 12 may 2023-cü il tarixdə Ağsu şəhəri, Nizami küçəsində uca səslə ünvansız küçə söyüşləri söymüş, polisin qanuni tələbinə qəsdən tabe olmamış, ictimai qaydanı kobud şəkildə pozmuşdur. Göründüyü kimi, Şəxs ictimai qaydanı pozması və eyni zamanda, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması özünün etirafı, şahid ifadəsi, “İnzibati xəta haqqında” protokol və digər iş materialları ilə təsdiq edilir. İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddələrin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs səmimi peşmançılığı inzibati məsuliyyəti yüngülləşdirən haldır. Şəxs əməlində inzibati məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətaların hallarını, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, inzibati xətanın xarakterini və törədilmə şəraitini nəzərə alaraq, İXM-in 34.3-cü maddəsinə əsasən Şəxs barəsində İXMin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri – inzibati həbs tətbiq olunmalıdır. İXM-in 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, İXM-in 34.3-cü maddəsinə əsasən, daha ciddi xəta hesab edilən İXM-in 535.1-ci maddəsinin sanksiyası çərçivəsində barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, daha ciddi xəta hesab edilən İXM-in 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 10 (on) gün müddətində həbs edilsin. İnzibati qaydada həbsetmənin əvvəli 12 may 2023-cü il tarixdən, saat 11:00-dan hesablansın. Qərarın icrası Ağsu rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №3(016)-240/2023
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-240/2023
12.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver