Məhkəmə qərarları › İş №3(016)-247/2025

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-247/2025

12.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-247/2025 12.09.2025 AĞSU RAYON MƏHKƏMƏSİ X4 Natiq oğlunun sədrliyi, Cəbrayılova Könül Alov qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X1 iştirakı ilə, Azərbaycan Respublikası Ağsu Rayon Polis Şöbəsinin “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında audio və video yazı aparılmaqla baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Ağsu Rayon Polis Şöbəsinin “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, çıxarış əsasında tanışına məxsus olan obyekti icarəyə götürərək gül satışı ilə məşğul olur. O, yalnız çıxarışda göstərilən ərazi hüdudlarında fəaliyyət göstərir. Dükanın qarşısında çıxarışda da qeyd edildiyi kimi 50 santimetr enində aqlay vardır. Həmin aqlayın üzərində ətraf mühiti çirkləndirməmək və təbiətə zərər vurmamaq üçün kiçik zibil qabı və karton qutu qoymuşdur. Zibil qabına bəzən siqaret kötüyü atır, həmçinin tullantıları yerləşdirir. Karton qutuda isə gülləri buket halına saldıqdan sonra artıq hissələri yerləşdirir. Hər dəfə qutu və zibil qabı dolan kimi mütləq mütləq aparıb məhz urnaların içərisinə tökürmüş. Onun məqsədi ətrafı çirkləndirmək olmamışdır. Əksinə, məhz ətraf mühit çirklənməsin deyə öz ərazisinin hüdudları daxilində zibilləri toplayaraq urnalara aparıb atmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X2 məhkəmə iclasında şikayətdə göstərilənləri müdafiə edərək bildirmişdir ki, ətrafın çirklənməməsi üçün bu addımı atmışdır. O, hər hansı zibili ətrafa atmamış, urna kimi istifadə etdiyi karton qutuya atmışdır və həmin zibili də sonra kəmnarda yerləşən böyük urnalara atmışdır. Göstərilənlərə əsasən şikayətin təmin olunmasını, Ağsu Rayon Polis Şöbəsinin “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş tərəf məhkəmə iclasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Ağsu Rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2025ci il tarixli, 3-13-64/2-12552/2025 nömrəli məktubundan görünür ki, xx.xx.2025-ci il tarixdə Ağsu şəhəri, Vidadi küçəsində “Amro” adlı gül mağazasının qarşısına məişət tullantılarını urnalardan kənar yerə atdığına görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsi ilə MN-2202381 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq 300 manat məbləğində cərimə edilmişdir. - İş materiallarına əlavə edilmiş foto şəkillərdən görünür ki, obyektin qapısının kənarında urna kimi karton qutu qoyulmuş və tullantılar həmin qutuya yerləşdirilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, X2 İXM-in 266.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilə bilməz. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X2 öz ərazi hüdudlarında kiçik zibil qabı və karton qutu qoyaraq ətraf mühitin çirklənməsinin qarşısını almağa çalışmışdır. Məhkəmə sadalanan xüsusatlara əsasən qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. İXM-in 266.3-cü maddəsinə əsasən məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə- fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində cərimə edilir Həmçinin, İXM-in vəzifələri və prinsiplərinə əsasən məhkəmə mötəbər sübutlarla aradan qaldırıla bilinməyən şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında, bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında, şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X1 inzibati xəta törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən, Ağsu Rayon Polis Şöbəsinin “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarı ləğv edilməklə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 134.1, 114, 115, 117-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Ağsu Rayon Polis Şöbəsinin “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar