Məhkəmə qərarları › İş №3(016)-254/2024

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-254/2024

21.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-254/2024 21.05.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən şəxs X1, Zərərçəkmiş şəxsin nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Ağsu şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləyən, Ağsu şəhəri, Xətai küçəsi, ev 22-də qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Ağsu Rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə həyat yoldaşı X9 ilə aralarında yaranmış mübahisə zamanı onu döyərək dərəcəsi təyin olunmayan xəsarətlər yetirmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X3 məhkəmə iclasında çıxış edərək göstərdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə həyat yoldaşı X9 ilə aralarında yaranmış mübahisə zamanı onu döyərək dərəcəsi təyin olunmayan xəsarətlər yetirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, X9 ilə 2008-ci ildə evlənmişlər, birgə nikahdan iki övladı dünyaya gəlmişdir. Lalə ilə münasibətləri həmişə normal olmuşdur. xx.xx.2024- cü il tarixdə saat 01 radələrində o, yaşadığı evə gəlmişdir. Bu vaxt Lalə evdə imiş. O, Laləyə xx.xx.2024-cü il tarixdə bacısı oğlunun toy mərasimində iştirak etməsi üçün valideynlərini də oraya dəvət etməsini bildirmiş, Lalə valideynlərinin həmin toy məclisində iştirak etməyəcəyini demiş və bundan sonra onların arasında sözlə mübahisə yaranmışdır. Bundan sonra o, əsəbləşərək bir dəfə şillə ilə Lalənin sifət nahiyəsinə vurmuş, bundan sonra o, evin digər otağına keçmiş və yatmışdır. Barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Zərərçəkmiş şəxsin nümayəndəsi X5 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, o, 15 il bundan əvvəl qızını bu adamla evləndirmişdir. Hal-hazırda 2 oğlan uşaqları var. Bu adam daim onun qızını incitmiş, onu döymüş, nökər kimi davranmışdır. Uşaqlarının da qorxudan kəkələmə problemləri yaranmışdır, sərbəst danışa bilmirlər. Ailə, uşağına, ataanasına baxmır, onlarla maraqlanmır. Qızının ailəsi dağılmasın deyə indiyə kimi heç bir şey etməmişlər. Şəxs ən az 15 gün həbs cəzası verilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs qeyd olunan inzibati xətanı törətməkdə təqsiri tam sübut olunur. “İnzibati xəta haqqında” xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Ağsu şəhəri, Vidadi küçəsində həyat yoldaşı X9 ilə aralarında yaranmış mübahisə zamanı onu döyərək dərəcəsi təyin olunmayan xəsarətlər yetirmişdir. İş materialına əlavə edilən Ağsu Rayon Polis X4 xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanılmasının Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə tədbir görülməsi üçün qəbul olunmuş qərarın surətinin Ağsu RPŞ-nin İTB-nə göndərilməsi, qərarın surətinin adları qeyd olunan şəxslər arasında profilaktiki söhbətlərin artırılması və nəzarətin gücləndirilməsi məqsədilə “münaqişəli ailə” kimi qeydiyyata götürülməsi üçün Ağsu RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. İş materialına əlavə edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X11 125 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, X6 məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər – üzün sağ yanaq nahiyəsində qançır küt-bərk əşyanın təsirindən törənmişdir, törənmə müddəti xx.xx.2024-cü il tarixində qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gəlməsi inkar edilmir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Göründüyü kimi, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin nümayəndəsinin izahatı, Ağsu rayon Polis X4 qərarı, “İnzibati xəta haqqında” protokol ilə təsdiq olunur. Məhkəmə hesab edir ki, Şəxs hərəkətləri İXM-in 157-ci maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İXM-in 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə inzibati xətanın xarakterini, təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 30 (otuz) gün müddətində inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbsetmənin əvvəli 21 may 2024-cü il tarixdən, saat 14:00-dan hesablansın. Qərarın icrası Ağsu rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar