Məhkəmə qərarları › İş №3(016)-256/2024

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-256/2024

23.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-256/2024 23.05.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Şamaxı rayonu, Bağırlı kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təsilli, subay, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Ağsu rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Muradov X4 Rayon Məhkəməsinin 2(008)-1957/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Məhkəmə iclasında dindirilmiş Ağsu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 izahatında göstərdi ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)-1957/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Şəxs iki uşağın saxlanması üçün hər ay 320 manat məbləğində alimentin alınaraq X3 verilməsi barədə icra sənədi icraata daxil olmuşdur. İcraata başlamaq haqqında qərar qəbul edilmiş və borcun ödənilməsi üçün bildiriş və digər aidiyyəti sənədlər borcluya göndərilmişdir. Yaranmış borcun ödənilməsi məqsədi ilə borclunun adına əmlakının olub-olmaması barədə aidiyyəti təşkilatlara sorğu ilə müraciət edilmiş və borclunun adına borcun yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Borclu dəfələrlə şöbəyə çağırılmış, izahatı alınmışdır. Barəsində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, o, Sabunçu Rayon Məhkəməsinin 2(008)-1957/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən iki uşağın saxlanması üçün hər ay 320 manat məbləğində alimenti X3 ödəməlidir. Bu günə kimi müəyyən qədər ödəniş etmişdir. Borcu ödəməyə imkanı yoxdur, lakin qarşılıqlı razılığa əsasən ona məxsus pensiya kartını tələbkara vermişdir. Xəstəxanaya getdiyi üçün bir-iki dəfə pulu özü çəkmiş, tələbkara həmin pulu qaytaracağını demişdir. Barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahat verərək göstərdi ki, Şəxs Sabunçu Rayon Məhkəməsinin 2(008)-1957/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən iki uşağın saxlanması üçün hər ay 320 manat məbləğində aliment alınaraq ona verilməlidir. Lakin borclu tərəfindən borc ödənilmir. Borclu pensiya kartını ona versə də bir neçə dəfə pulu özü çəkmişdir. Bu səbəbdən kartın kodunun dəyişdirilməsini istəyir. Uşaq xəstədir, müalicə edir, lakin imkanı olmadığı üçün müalicəsini tam şəkildə apara bilmir. Bu səbəbdən, barəsində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş tədbir görülməsini xahiş etdi. Ağsu Rayon Məhkəməsinin 3(016)-33/2020 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 10 gün müddəsində inzibati qaydada həbs olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və icra məmurunun izahatları, 23 may 2024-cü il tarixli, MN ******* nömrəli protokol ilə müəyyən olunur ki, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən, borclunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İXM-in 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi olduğundan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində İXM-in 528.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati tənbeh təyin edilməlidir. Məhkəmə, Şəxs inzibati tənbeh tətbiq edərkən, İXM-in 32.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Şəxs tərəfindən törədilən inzibati xətanın xarakterini, törədilmə şəraitini, ziyanın aradan qaldırılması üçün tədbir görməməsini, habelə əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 50, 51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə edilsin Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar