Məhkəmə qərarları › İş №3(016)-277/2023

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-277/2023

24.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-277/2023 24.05.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş şəxs X1 iştirakları ilə, xx.xx.1995-ci ildə Neftçala rayonu, Xıllı qəsəbəsində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Neftçala rayonu, Xıllı qəsəbəsində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 510 və 535-ci maddələri ilə inzibati xəta törətməsinə dair Ağsu rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “İnzibati xəta haqqında” 24 may 2023-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs Adışirin İbadovun ünvanına Pirhəsənli kəndində yerləşən marketin qarşısında nalayiq ifadələr işlətmiş, ictimai qaydanı kobud şəkildə pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 00:10 radələrində tanışı Əmrahla birlikdə ona məxsus motoskiletdə Bakıdan Ağsuya gəlmişlər. Ağsuda marketdən pivə alıb içmişlər, sonra sərxoş vəziyyətdə Pirhəsənli kəndi istiqamətində getmişlər. X7 telefonla danışarkən söyüş söymüş bunu eşidən Adşirin ona yaxınlaşaraq söyüş söyməməsini bildirdikdə onunla Cəfərli Əmrah arasında mübahisə yaranmışdır. O, bu zaman onları sakitləşdirməyə çalışmışdır. Daha sonra həmin əraziyə polis əməkdaşları gəlmiş, onları nizam-intizama dəvət etmişlər və birlikdə Rayon Polis Şöbəsinə gəlmişlər. Onun heç bir təqsiri yoxdur. Bu səbəbdən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X2 izahat verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə iki nəfər şəxsi sərxoş vəziyyətdə gedərkən görmüşdür. Onlarda biri Cəfərli İlqar səs-küy salaraq söyüşlər söyürdü. O, həmin şəxsə yaxınlaşaraq ona səs-küy salmamasını bildirmişdir. Şəxs da onun kimi digər adamı sakitləşdirməyə çalışırmışdır. Fuad heç bir nəlayiq ifadə işlətməmiş və səs-küy salmamışdır. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs barəsində İXM-in 510 və 535-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. xx.xx.2023-cü il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolu ilə müəyyən olunur ki, Şəxs hadisə baş verən zaman orta dərəcəli sərxoş olmuşdur. İXM-in 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir (8.1). İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir (8.2). İXM-in 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İXM-in 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında başlanmış icraata xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) sübuta yetilmədiyindən, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar