Məhkəmə qərarları › İş №3(016)-297/2025

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-297/2025

20.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-297/2025 20.10.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus müəssisədə keçirilən plandankənar yoxlama zamanı müəssisənin qanuni təmsilçisinin lisenziyadan kənar (rentgenoloji, diş texniki, cərrahi stomatologiya) iş və sertifikatsız özəl praktik tibbi fəaliyyəti aşkar edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində icraat aparılan hüquqi şəxsə və inzibati xəta haqqında protokol tərtib etmiş orqana bildiriş göndərilsə də, onların nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat təqdim edilməmişdir. Məhkəmə işə nümayəndələrin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs MMC-nin İXM-in 215.1 və 215.4-cü maddələri ilə qeyd olunan inzibati xətaları törətməkdə təqsiri tam sübut olunur. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - “İnzibati xəta haqqında” 25 sentyabr 2025-ci il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 12:40-da ünvan 1 ünvanında yerləşən Şəxs MMCyə məxsus müəssisədə keçirilən plandankənar yoxlama zamanı müəssisənin qanuni təmsilçisinin lisenziyadan kənar (rentgenoloji, diş texniki, cərrahi stomatologiya) iş və sertifikatsız özəl praktik tibbi fəaliyyəti aşkar edilmişdir. - 25 sentyabr 2025-ci il tarixli 341 nömrəli plandankənar (növbədənkənar) yoxlama aktından görünür ki, ünvan 1 ünvanında yerləşən Şəxs MMC-də tibbi qeydiyyat işləri ARSN-nin təsdiq edilmiş formaları və qaydaları ilə aparılmır. Tibbi statistik hesablar SN-nə təqdim edilmir. Dövri tibbi müayinəyə dair sənəd 2016-cı ilə aid olanı yoxlamaya təqdim edilmişdir. Tibbi fəaliyyət üçün istifadə olunan tibbi avadanlıqların normativ texniki uyğunluq barədə (metroloji) sənədləri yoxdur. “Rentegenoloji” iş üzrə "xxxx" sənədi yoxdur. Müəssisədə tibbi tullantıların idarə olunmasına dair tələblərə riayət olunmur. Cari olaraq müəssisədə həkim-stomatoloq vəzifəsində ixtisasca stomatoloq olan X3 fəaliyyət göstərir. Yoxlamaya 2 nəfərin əmək müqaviləsi üzrə sənədləri təqdim edilmişdir. Əmək müqaviləsi üzrə “stomatoloq” kimi qeyd edilən X2 rəsmi izahata əsasən "xxxx" olaraq çalışdığı bildirildi. Müəssisədə qanuni təmsilçi həkim-stomatoloq olan X1 şəhadətnaməsi olmadan özəl tibbi-praktik fəaliyyət ilə məşğul olması faktı aşkarlanmışdır. Müəssisədə lisenziyadan kənar “rentgenoloji”, “diş texniki” və “cərrahi stomatoloji” işlər üzrə fəaliyyət aşkarlanmışdır. Vizioqraf cihazı, rentgen çəkilişi, tam işə yararlı, steril paketlənmiş qaydada cərrahi stomatoloji işə aid alətlər (kəlbətinlər, elevatorlar) əlavə olaraq da diş texniki sahəsi, avadanlıqlar, vəsaitlər aşkar edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi PHŞ tərəfindən plandankənar (növbəti) yoxlamanın keçirilməsi haqqında 24 sentyabr 2025-ci il tarixli Qərardan görünür ki, ünvan 1 ünvanında yerləşən Şəxs MMC-nin fəaliyyətinin yoxlanılması barədə qərar qəbul olunmuşdur. Göründüyü kimi, Şəxs MMC-nin qanuni təmsilçisinin lisenziyadan kənar (rentgenoloji, diş texniki, cərrahi stomatologiya) iş və sertfikatsız özəl praktik tibbi fəaliyyətlə məşğul olması inzibati xəta haqqında protokol, planlı (növbəti) yoxlama aktı və protokola əlavə edilmiş digər iş materialları ilə təsdiq edilir. İXM-in 215.1-ci maddəsinə əsasən, ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxs tərəfindən praktik tibb fəaliyyətinin həyata keçirilməsinə, habelə tibb işçisi tərəfindən ixtisasına uyğun olmayan tibbi xidmətin göstərilməsinə, yaxud tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. İXM-in 215.4-cü maddəsinə əsasən, ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxslərin praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə — vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin İXM-in 215.1 və 215.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddələrin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İXM-in: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İXM-in 34.3-cü maddəsinə əsasən Şəxs MMC barəsində İXM-in 215.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri – inzibati cərimə tətbiq olunmalıdır. İXM-in 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC İXM-in 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, İXM-in 34.3cü maddəsinə əsasən, daha ciddi xəta hesab edilən İXM-in 215.4-cü maddəsinin sanksiyası çərçivəsində barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC İXM-in 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, daha ciddi xəta hesab edilən İXM-in 215.4-cü maddəsinin sanksiyası çərçivəsində 6.000 (altı min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar