Məhkəmə qərarları › İş №3(016)-298/2025

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-298/2025

06.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-298/2025 06.10.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Ağsu rayonu, Nəmirli kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Ağsu rayonu, Nəmirli kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 510 və 535-ci maddələri ilə inzibati xəta törətməsinə dair Ağsu rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmamış, ictimai qaydanı kobud şəkildə pozmuşdur. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X3 məhkəmə iclasında çıxış edərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə Ağsu rayon Mərkəzi Xəstəxanasından piyadanı avtomobil vurması ilə bağlı məlumat daxil olmuşdur. xx.xx.2025-ci il tarixdə rayon polis şöbəsinin əməkdaşları Rais Baxşiyev və İlkin Qəhrəmanov piyadanı vuran **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobilin Şəxs məxsus olmasını müəyyən etmişlər. Daha sonra vətəndaşla əlaqə saxlanılsa da vətəndaş əməlini etiraqf etməmi və RPŞ-nə gəlməkdən imtina etmişdir. Bu səbəbdən polis əməkdaşları onun iş yerinə getmiş, vətəndaş onlara qarşı hörmətsizlik etmiş, yenə də etdiyi əməli etiraf etməmiş, polis əməkdaşlarına tabe olmamışdır. Bu səbəbdən barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, o, Ağsu rayonu, İlxıçı kəndində “North Verth” şirkətində dəmirçi işləyir. Uşaqları və anası xəstədir, ona görə işdən əlavə də qalıb işləyir ki, əməkhaqqını biraz artıq alsın. xx.xx.2025-ci il tarixdə də işdən gec çıxmış, yorğun olduğu üçün gəlib yatmışdır. Yolda hadisə olmasını heç bilməmişdir. Səhəri gün işə gedəndə maşının güzgüsünün sındığını görmüşdür. İşdə olanda polis əməkdaşları ona zəng etmiş, maşına baxış keçirməli olduqlarını bildirmiş, o da müdriyyətdən icazə almış və maşının yanına getmişdir. Polis əməkdaşları gəlib baxış keçirmiş, daha sonra onu RPŞ-nə gəlməyi təklif etmişlər. O da heç bir münaqişə çıxarmamış və RPŞ-nə gəlmişlər. Kamera görüntülərinə baxandan sonra məlum olmuşdur ki, həqiqətən o maşınla bir xanıma vurmuşdur. Bu səbəbdən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, xx.xx.2025ci il tarixdə saat 20:00 radələrində Ağsu rayonu, Qaraqaşlı kəndində yol nəqliyyat hadisəsi baş verməsi ilə bağlı məlumat daxil olmuşdur. Bir nəfər şəxs X2 Ağsu rayonu, Qaraqaşlı kəndində avtomobil ilə vuraraq hadisə yerindən qaçmışdır. Araşdırma zamanı Səadət Umudovanı vuraraq hadisə yerindən qaçmış şəxs, **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs Ağsu RPŞ-nə dəvət etmək üçün YPX-nin inspektoru İlkin Qəhrəmanovla birlikdə onun iş yerinə getmişlər. Orada vətəndaşa özlərini təqdim etmiş onu RPŞ-nə dəvət etmişlər. Şəxs heç bir yerə getməyəcəyini bildirərək səs-küy salmış, onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Daha sonra onlar həmin şəxsi Ağsu RPŞ-nə gətirmişlər. Məhkəmə, inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə qeyd olunan inzibati xətaları törətməkdə təqsiri tam sübut olunur. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - “İnzibati xəta haqqında” 06 oktyabr 2025-ci il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə polisin qanuni tələbinə qəsdən tabe olmamış, ictimai qaydanı kobud şəkildə pozmuşdur. - “İnzibati qaydada tutma haqqında” 05 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 19:20-də inzibati qaydada tutulmuşdur. Göründüyü kimi, Şəxs ictimai qaydanı pozması və eyni zamanda, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması şahid ifadələri, “İnzibati xəta haqqında” protokol və digər iş materialları ilə təsdiq edilir. İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddələrin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs səmimi peşmançılığı inzibati məsuliyyəti yüngülləşdirən haldır. Şəxs əməlində inzibati məsuliyyəti ağırlaşdıran hal yoxdur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətaların hallarını, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, inzibati xətanın xarakterini və törədilmə şəraitini nəzərə alaraq, İXM-in 34.3-cü maddəsinə əsasən Şəxs barəsində İXMin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri – inzibati cərimə tətbiq olunmalıdır. İXM-in 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İXM-in 31.4-1-ci maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, İXM-in 34.3-cü maddəsinə əsasən, daha ciddi xəta hesab edilən İXM-in 535.1-ci maddəsinin sanksiyası çərçivəsində barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, daha ciddi xəta hesab edilən İXM-in 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 150 (bir yüz əlli) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar