Məhkəmə qərarları › İş №3(016)-300/2023

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-300/2023

04.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-300/2023 04.07.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Ağsu rayonu, Cəfərli kəndində anadan olan Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, Ağsu rayonu, Cəfərli kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Ağsu rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Ağsu Rayon Məhkəməsinin 2(016)-326/2022 nömrəli, 28 iyun 2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Ağsu rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Ağsu Rayon Məhkəməsinin 2(016)-326/2022 nömrəli, 28 iyun 2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 777 manat məbləğində pul vəsaiti alınaraq "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə icra sənədi icraata daxil olmuşdur. İcraata başlamaq haqqında qərar qəbul edilmiş və borcun ödənilməsi üçün bildiriş və digər aidiyyəti sənədlər borcluya göndərilmişdir. Yaranmış borcun ödənilməsi məqsədi ilə borclunun adına əmlakının olub-olmaması barədə aidiyyəti təşkilatlara sorğu ilə müraciət edilmiş və borclunun adına borcun yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Borclu dəfələrlə şöbəyə çağırılmış, izahatı alınmışdır. Barəsində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Ağsu Rayon Məhkəməsinin 2(016)-326/2022 nömrəli, 28 iyun 2022-ci il tarixli icra sənədinə əsasən ondan 777 manat məbləğində pul vəsaiti alınaraq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi üzrə heç bir ödəniş etməmişdir. Borcunu hissə-hissə ödəyəcəkdir. Barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və icra məmurunun izahatları, 04 iyul 2023-cü il tarixli, MN ******* nömrəli protokol ilə müəyyən olunur ki, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İXM-in 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Normanın tələbinə əsasən, məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi olduğundan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində İXM-in 528.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati tənbeh təyin edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən, İXM-in 32.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Şəxs tərəfindən törədilən inzibati xətanın xarakterini, törədilmə şəraitini, ziyanın aradan qaldırılması üçün tədbir görməməsini, habelə əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 50, 51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 08 (səkkiz) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati qaydada həbsetmənin əvvəli 04 iyul 2023-cü il tarixdən, saat 17:00-dan hesablansın. Qərarın icrası Ağsu rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar