Məhkəmə qərarları › İş №3(016)-303/2023

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-303/2023

26.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-303/2023 26.07.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Ağsu rayonu, Ağalarbəyli kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Ağsu rayonu, Ağalarbəyli kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 327.8-ci maddəsi ilə inzibati xəta törətməsi barədə Ağsu Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati protokola baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə “Vaz 21070” minik markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətini yetirməklə, İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında dindirilmiş Şəxs izahatında göstərdi ki, “Vaz 21070” minik markalı, **-UC- *** dövlət qeydiyyat nişanlı avtomobil anası X1 mülkiyyətindədir. Həmin avtomobili etibarnamə ilə idarə edirmiş və gündəlik olaraq taksi fəaliyyəti ilə məşğul olurmuş. xx.xx.2023-cü il tarixdə saat təxminən 10:40 radələrində “Vaz 21070” minik markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Ağsu şəhəri, Vidadi küçəsində hərəkətdə imiş, avtomobili özü idarə edirmiş. Bu zaman yolun sağından bir azyaşlı oğlan qəflətən yolun hərəkət hissəsinə doğru qaçmağa başlamışdır. O, həmin uşağın yola tərəf qaçmasını görüb avtomobili yolun soluna, yəni əks hərəkət istiqamətində sürmüş, lakin hadisədən qaça bilməmiş və həmin uşağın başı avtomobilin ön şüşəsinə dəymişdir. Zərbənin təsirindən uşaq yolun sağ kənarına yıxılmışdır. O, dərhal avtomobili dayandırmış və avtomobildən düşüb həmin uşağa yaxınlaşmışdır. O, uşağın halsız vəziyyətdə yerdə yatdığını görüb yerdən qaldıraraq avtomobilin arxa oturacağına uzatmışdır. Bundan sonra avtomobilini Ağsu Rayon Mərkəzi Xəstəxanası istiqamətində sürmüş və xəstəxananın qarşısında saxlamışdır. Bundan sonra uşağı arxa oturacaqdan götürmüş və xəstəxanaya yerləşdirmiş, uşağa tibbi yardım göstərilmişdir. Onun təqsiri yoxdur. Çünki uşaq qəfil maşının qarşısına çıxmışdır. Barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs İXMin 327.8-ci maddəsi ilə qeyd olunan inzibati xətanı törətməkdə təqsiri tam sübut olunur. İş materialına əlavə edilən Ağsu rayon X2 Qrupunun xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət işinin başlanılması rədd edilmiş, Şəxs barəsində İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti Ağsu Rayon Polis Şöbəsinin DYPB-yə göndərilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, İXP ******* saylı “İnzibati xəta haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 17:05-də “Vaz 21070” minik markalı, **- UC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətini yetirməklə, İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarından olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin yol-nəqliyyat hadisələrinin ekspertizasının 01 iyun 2023-cü il tarixli, 8/1450 saylı ekspert rəyinin “tədqiqatın nəticəsi” hissəsində aşağıdakılar göstərilmişdir: istintaq tərəfindən təqdim olunan məlumatlara görə “Vaz 21070” minik markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İXM-in 327.8-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş “İnzibati xəta haqqında” protokol, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İXM-in 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 327.8-ci maddəsinin sanksiyasının həddində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar