Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-308/2025 05.11.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi sahibkar, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 198.3cü maddəsi ilə inzibati xəta törətməsinə dair X2 Xidmətinin Dağlıq Şirvan Regional Şöbəsindən daxil olmuş protokola baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Xidmətinin Dağlıq Şirvan Regional Şöbəsi Şəxs barəsində İXM-in 198.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Ağsu Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş orqan məhkəmə iclasında təmsil olunmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirdi ki, X2 Xidmətinin Dağlıq Şirvan Regional Şöbəsinin əməkdaşı tərəfindən telefon vasitəsi ilə ona zəng edilmiş online şəkildə izahatını alacaqları barədə məlumat vermişlər. Lakin təyin olunmuş vaxtda Şöbədə internet qoşulması baş tutmadığından izahatı alınmamışdır. Əməkdaşların texniki təhlükəsizlik qaydalarına riayət olunmasına çalışdığı şirkət tərəfindən ciddi riayət olunur. Mütəmadi SƏTƏM təlimləri keçirilir və nəticə olaraq qeydiyyat jurnalında müvafiq qeydlər aparılır. Digər tərəfdən, təqdim edilmiş video görüntüdən aydın görünür ki, zərərçəkmiş Elnur Orucov araba ilə qutuları daşıyarkən kənardan heç bir göstəriş almadan öz başına işlək vəziyyətdə olan ventilyatorun yerini dəyişmək istəyir, nəticədə hadisə baş verir. Bu məhkəməyə təqdim edilmiş həm Elnur Orucovun, həm də digər əməkdaşların izahatlarında təsdiqini tapır. Bundan əlavə, hadisəyə səbəb olmuş həmin ventilyatorun üzərində böyük hərflərlə əl vurmaq olmaz qeydi və setkaya alınması görülmüş qabaqlayıcı tədbirlərdən biridir. Elnur Orucovun səhlənkarlığı və ehtiyatsızlığı ucbatından olmuş hadisəyə görə onun inzibati məsuliyətə cəlb olunması qanunsuz və ədalətsizdir. Göstərilənlərə əsasən, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs barəsində İXM-in 198.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarından olan və məhkəmə iclasında tədqiq edilmiş: - 10 oktyabr 2025-ci il tarixli, MN ******* saylı “İnzibati xəta haqqında” protokoldan görünür ki, Şəxs "xxxx" MMC rəhbərinin xx.xx.2025-ci il tarixli, 02/25 nömrəli əmrinin tələbini pozaraq MMC-də fəhlə peşəsi üzrə əmək funksiyası yerinə yetirən Elnur Orucovun həyat və sağlamlığı üçün təhlükə törətmişdir. - Ağsu rayon Prokurorluğunun “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 03 sentyabr 2025-ci il tarixli qərarından görünür ki, xx.xx.2025-ci il tarixdə saat 16 radələrində Ağsu şəhər sakini xx.xx.1988-ci il təvəllüdlü X4 işləyərkən sol əlin İİ, V barmaqların distal falanqalarının və İİİ-İV barmaqların roksimal falanqalarının orta 1/3-nin travmatik amputasiyası ilə nəticələnən sağlamlığa az ağır zərər vurulmasına səbəb olan xəsarət alması ilə əlaqədar öz fərdi təhlükəsizliyini qorumadığına və “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları”nın 11-ci bəndinin göstərilən tələblərini pozduğuna görə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. - Ağsu Rayon Məhkəməsinin 6(016)-4/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Ağsu rayon Prokurorluğunun “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 03 sentyabr 2025-ci il tarixli qərarından X4 tərəfindən verilmiş şikayət təmin edilməmişdir. - xx.xx.2021-ci il tarixli 058/21 nömrəli əmrdən çıxarışdan görünür ki, X4 xx.xx.2021-ci il tarixdən "xxxx" MMC-də fəhlə vəzifəsinə işə qəbul edilmişdir. - Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 173 nömrəli ekspert rəyindən görünür ki, məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol əlin İİ, V barmaqların distal falanqalarının və İİİ-İV barmaqların roksimal falanqalarının orta 1/3-nin travmatik amputasiyası elektriklə işləyən sərinkeşin dəmir pərlərinin təsirindən törənmişlər, törənmə, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə əmələ gəlmələri inkar edilmir və dərəcələrinə görə səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. - Məhkəmə-texniki təhlükəsizlik ekspertizasının 03 sentyabr 2025-ci il tarixli rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları”nın 11-ci bəndinin göstərilən tələbləri pozulmuşdur ki, bu da baş vermiş hadisəyə səbəb olmuşdur. Ağsu rayonu, Pirhəsənli kəndində yerləşən "xxxx" MMC-nin şərab istehsalı zavodunun işçisi X4 iş zamanı 14 saylı istehsal dolum sexində istifadə edilən səyyar havalandırma qurğusunun (sərinkeşin) işlək vəziyyətində sol əli ilə qurğunun hərəkətli hissəsinin qoruyucu örtüyündən tutaraq yerini dəyişmək istəyərkən əlinin barmaqlarını qoruyucu örtüklə gövdəsi arasında olan boşluq (pərləri olan) hissəyə salmaqla öz fərdi təhlükəsizliyini qorumadığına görə “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları”nın 11-ci bəndinin göstərilən tələbləri X1 özü tərəfindən pozulmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 16 radələrində Ağsu şəhər sakini, xx.xx.1988-ci il təvəllüdlü, Azgranata MMC-də fəhlə işləyən, X4 işləyərkən sol əlin İİ, V barmaqların distal falanqalarının və İİİ-İV barmaqların froksimal falanqalarının orta 1/3-nin travmatik amputasiyası ilə nəticələnən sağlamlığa az ağır zərər vurulmasına səbəb olan xəsarət alması ilə əlaqədar öz fərdi təhlükəsizliyini qorumamış və “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları”nın 11-ci bəndinin göstərilən tələblərini pozmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs İXM-in 198.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsində təqsirli olması məhkəmə iclasında öz təsdiqini tapmadığından, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in: 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 53.1, 53.1.1 və 53.1.2-ci maddələrinə əsasən, inzibati xəta hadisəsi, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində İXM-in 198.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №3(016)-308/2025
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-308/2025
05.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver