Məhkəmə qərarları › İş №3(016)-31/2024

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-31/2024

14.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-31/2024 14.02.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İnzibati xəta haqqında qərar qəbul etmiş şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Ağsu Regional Miqrasiya İdarəsinin nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X3 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Ağsu Regional Miqrasiya İdarəsinin “İnzibati tənbeh vermə haqqında” MN ******* nöməli, xx.xx.2024-cü il tarixli qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Ağsu Regional Miqrasiya İdarəsinin “İnzibati tənbeh vermə haqqında” MN ******* nöməli, xx.xx.2024cü il tarixli qərarının ləğv edilməsini və inzibati icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti alkoqollu və alkoqolsuz içkilərin istehsalı, satışı və ixracı ilə əlaqədar işlərin görülməsi üzrə fəaliyyət göstərir. Cəmiyyətdə məhsulların keyfiyyətinin artırılması məqsədi ilə yeni texnikalardan istifadə edilir. Həmin texnikaların tətbiqi ölkədə yenilik hesab olunduğundan, sahə texnikalara qulluq üzrə mütəxəssislər demək olar ki yoxdur. Bu səbəbdən, cəmiyyət həmin texnikalara qulluq göstərmə, yəni yaranacaq nasazlığın aradan qaldırılması üçün Qazaxıstan Respublikasının ərazisində fəaliyyət göstərən “X6 Ltd.” şirkəti ilə 01 iyul 2022-ci il tarixli, SAAZ-0051-22P nömrəli xidmət müqaviləsi bağlamışdır. Həmin müqavilənin şərtlərinə uyğun olaraq sözügedən texnikalarda yaranmış qüsurun aradan qaldırılması məqsədi ilə cəmiyyət tərəfindən “X6 Ltd.” şirkətinə mövcud vəziyyəti bildirmiş və problemin həlli üçün tövsiyələrini vermələrini xahiş edilmişdir. Onlar isə problemin səbəbini aydınlaşdırmaq və ən münasib həll yolunu tapmaq məqsədi ilə iki əməkdaşını - Yuriy Proskuryakov (pasport № KAZ N********) və Andrey Kaunnikov (pasport № KAZ N********) 15-20 günlük Azərbaycan Respublikasına göndərmişlər. Lakin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşları hər hansı hüquqi əsas olmadan onun barəsində “Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan bir əcnəbinin işə cəlb edilməsi” əsas gətirilərək inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati tənbeh vermə haqqında qərar vermişdir. Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən əmək münasibətləri əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiyasının xx.xx.2023-cü il tarixli plenum qərarına əsasən işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar ayrı-ayrı şəxslərlə daxil olduğu hüquqi münasibətlər bir qayda olaraq əmək münasibətləri olaraq çıxış edir. Belə ki, işəgötürənin əsas fəaliyyət sahəsinə dair işlər əsasən mütəmadi, sistematik və davamlı xarakter daşımaqla, onun nəzarəti altında və təlimatına uyğun olaraq həyata keçirilir. Lakin bir sıra hallarda işəgötürənin əsas fəaliyyət sahəsinə aid iş və xidmətlərə dair münasibətlər də birdəfəlik və ya qeyri-mütəmadi olmaqla, daşıdığı xüsusiyyətlərə və mahiyyətinə görə əmək deyil, mülki-hüquqi məzmunlu ola bilər. Göründüyü kimi, faktiki olaraq şirkətlə cəmiyyət arasında fəaliyyət sferasından kənar qısa müddətli mülki-hüquqi məzmunlu “xidmət müqaviləsi” mövcud olmuş və bunun icrası məqsədi ilə göstərilən şəxslər cəmiyyətə xidmət üçün Azərbaycan Respublikasına gəlmişlər. Həmin xidmətin xarici şəxs tərəfindən göstərilməsi ilə bağlı isə hər hansı icazənin alınması tələbi və proseduru qanunvercilikdə nəzərdə tutulmamışdır. Bundan başqa, qanunvercilikdə şəxslərin üzərinə xidmət müqaviləsi əsasında fəaliyyət göstərən şəxslərlə əlavə əmək müqaviləsinin bağlanılması öhdəliyi də qoyulmamışdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Ağsu Regional Miqrasiya İdarəsinin “İnzibati tənbeh vermə haqqında” MN ******* nöməli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və inzibati icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxsin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. İnzibati xəta haqqında qərar qəbul etmiş şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Ağsu Regional Miqrasiya İdarəsinin nümayəndəsi X5 məhkəmə iclasında çıxış edərək bildirdi ki, görüləcək işləri yerinə yetirə biləcək şəxslərin ölkədə olub-olamaması ilə bağlı məşğulluq xidmətinə sorğu verilməlidir. Dövlətin marağındadır ki, işlər yerli işçilərin hesabına görülsün. Əgər həmin işlərin görülməsi üçün burada mütəxəsis yoxdursa, artıq bundan sonra əcnəbi vətəndaşlar həmin işlərin görülməsinə cəlb edilə bilər. Bu zaman, əcnəbi vətəndaşların ölkəyə daxil olması üçün iş icazəsinin alınması ilə bağlı Miqrasiya Xidmətinə də müraciət olunmalı idi. X1 nə miqrasiya xidmətinə nə də məşğulluq xidmətinə müvafiq məlumatları göndərməmişdir. Göstərilənlərə əsasən, şikayətin rədd edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “İnzibati tənbeh vermə haqqında” 12 yanvar 2024-cü il tarixli, MN ******* nömrəli qərardan görünür ki, X4 İXM-in 578.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 3.000 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. - “X6 Ltd.” şirkəti ilə "xxxx" MMC arasında bağlamış 01 iyul 2022-ci il tarixli, SAAZ-0051- 22P nömrəli xidmət müqaviləsindən görünür ki, X6 Ltd.” şirkətinin əməkdaşlarının MMC-yə məxsus texnikalarda yaranmış qüsurun aradan qaldırılması məqsədi ilə Azərbaycan Respublikasına gəlməsi barədə razılıq əldə edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" MMC texnikalara qulluq göstərmək, yəni yaranacaq nasazlığın aradan qaldırılması üçün Qazaxıstan Respublikasının ərazisində fəaliyyət göstərən “X6 Ltd.” şirkəti ilə 01 iyul 2022-ci il tarixli, SAAZ-0051-22P nömrəli xidmət müqaviləsi bağlamışdır. Həmin müqavilənin şərtlərinə uyğun olaraq sözügedən texnikalarda yaranmış qüsurun aradan qaldırılması məqsədi ilə iki əməkdaşını 15-20 günlük Azərbaycan Respublikasına göndərmişlər. İXM-in 578.1-ci maddəsinə əsasən, işəgötürən tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə - vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin: 51.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq və haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müvəqqəti yaşamaq üçün icazə ilə yanaşı, iş icazəsi almalıdırlar. 51.2-ci maddəsinə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iş icazəsini onları işə cəlb edən hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri vasitəsi ilə alırlar. 51.3-ci maddəsinə əsasən, iş icazəsi əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmalarına icazə verən rəsmi sənəddir. 51.4-ci maddəsinə əsasən, iş icazəsi bu Məcəllə ilə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. 63.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri Azərbaycan Respublikasında işə cəlb edə bilərlər. 63.2-ci maddəsinə əsasən, hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri, bu Məcəllənin 64-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, işə cəlb etmək istədikləri hər bir əcnəbi və ya vətəndaşlığı olmayan şəxs üçün iş icazəsi almalıdırlar. 64.0-cı madəsinə əsasən, aşağıdakı əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün iş icazəsinin alınması tələb olunmur: 64.0.1. Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazəsi olanlara; 64.0.2. Azərbaycan Respublikasının ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara; 64.0.3. diplomatik nümayəndəlik və konsulluqlarda işləyənlərə; 64.0.4. beynəlxalq təşkilatlarda işləyənlərə; 64.0.5. beynəlxalq müqavilələr əsasında yaradılmış təşkilatların rəhbərlərinə və onların müavinlərinə; 64.0.6. müvafiq icra hakimiyyəti orqanları tərəfindən işə cəlb edilənlərə; 64.0.6-1. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə xidmətə və ya işə dəvət olunan hərbi qulluqçulara və mütəxəssislərə; 64.0.7. media subyektlərinin Azərbaycan Respublikasında akkreditə olunmuş əməkdaşlarına; 64.0.8. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyət sahələri üzrə il ərzində 90 gündən çox olmayan müddətdə Azərbaycan Respublikasında ezamiyyətdə olanlara; 64.0.8-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyət sahələri üzrə işlərin görülməsi və ya xidmətlərin göstərilməsi üçün Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında təsis edilmiş hüquqi şəxslər tərəfindən dəvət edilmiş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi kateqoriyaya aid mütəxəssislərə; 64.0.9. dənizçilərə; 64.0.10. ali təhsil müəssisələrində mühazirə kurslarının oxunması üçün dəvət edilən professor-müəllim heyətinə və mühazirəçilərə; 64.0.11. incəsənət işçilərinə, müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçmiş idman klublarına işə dəvət olunan məşqçilərə və idmançılara; 64.0.12. dövlət qeydiyyatına alınmış dini qurumlarda peşəkar dini fəaliyyətlə məşğul olanlara; 64.0.13. xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı filial və nümayəndəliyinin rəhbərləri və onların müavinlərinə; 64.0.13-1. Azərbaycan Respublikasında təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxslərin rəhbərlərinə və həmin hüquqi şəxsin nizamnamə kapitalında azı 51 faiz paya (səhmə) malik təsisçiyə (təsis etdiyi hüquqi şəxsdə fəaliyyət göstərdikdə); 64.0.14. Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olanlara, bu şərtlə ki, həmin vətəndaş Azərbaycan Respublikasının ərazisində yaşayış yeri üzrə qeydiyyatda olsun; 64.0.15. qaçqın statusunun verilməsi üçün vəsatət verən, qaçqın statusu almış və ya siyasi sığınacaq verilmiş şəxslərə; 64.0.15-1. İnsan alverindən zərər çəkmiş hesab edilən və ya cinayət təqibi orqanlarına yardım göstərən şəxslərə; 64.0.16. himayəsində 18 yaşına çatmamış və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş Azərbaycan Respublikasının vətəndaşı olanlara; 64.0.17. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən hallarda əmək fəaliyyətinə cəlb olunan şəxslərə; 64.0.18. Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun, inzibati müəssisələrinin və hüquqi şəxslərinin Ələt azad iqtisadi zonasının ərazisində işə cəlb etdiyi şəxslərə, habelə bu hüquqi şəxslərin təsisçilərinə; 64.0.19. texnologiyalar parkının rezidentinə (hüquqi şəxsə münasibətdə onun rəhbəri və müavinləri vəzifəsini tutanlar) və həmin rezident tərəfindən Azərbaycan Respublikasının ərazisində əmək fəaliyyətinə cəlb edilən informasiya və kommunikasiya texnologiyaları sahəsində təcrübəsi olan mütəxəssislərə. “İl ərzində 90 gündən çox olmayan müddətdə Azərbaycan Respublikasında ezamiyyətdə olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin alınması tələb olunmayan fəaliyyət sahələrinin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər kabinetinin 04 dekabr 2014-cü il tarixli 387 nömrəli qərarından görünür ki, il ərzində 90 gündən çox olmayan müddətdə Azərbaycan Respublikasında ezamiyyətdə olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin alınması tələb olunmayan fəaliyyət sahələrinə mədənçıxarma sənayesi, emal sənayesi, elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat, informasiya və rabitə, maliyyə və sığorta, təhsil, nəqliyyat və su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi sahəri aiddir. Məhkəmə, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X3 “tərəflər arasındakı münasibətlərin “əmək müqaviləsi” ilə deyil, onlar arasında bağlanmış qısa müddətli mülki-hüquqi məzmunlu “xidmət müqaviləsi” ilə tənzimlənir.” dəlili ilə bağlı qeyd edir ki, İXM-in 578.1-ci maddəsində inzibati məsuliyyət iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə müəyyən olunmuşdur. Göründüyü kimi, həmin maddədə tərəflər arasındakı münasibətlərin “əmək müqaviləsi” və ya “xidmət müqaviləsi” tənzimlənməsindən asılı olmayaraq məsuliyyət nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 64.0-cı maddəsində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün iş icazəsinin alınması tələb olunmayan hallar, eyni zamanda “İl ərzində 90 gündən çox olmayan müddətdə Azərbaycan Respublikasında ezamiyyətdə olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin alınması tələb olunmayan fəaliyyət sahələrinin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər kabinetinin 04 dekabr 2014-cü il tarixli 387 nömrəli qərarında il ərzində 90 gündən çox olmayan müddətdə Azərbaycan Respublikasında ezamiyyətdə olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin alınması tələb olunmayan fəaliyyət sahələri konkret olaraq göstərilmişdir. “X6 Ltd.” şirkəti ilə "xxxx" MMC arasında yaranan münasibətlərdə həmin normalarda sadalanan hallardan hər hansı biri mövcud olmamışdır. İXM-in 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İXM-in 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında, bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında, şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Məhkəmə hesab edir ki, “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilmədiyindən və bununla da həmin qərardan verilmiş şikayətin dəlilləri öz təsdiqini tapmadığından, şikayət təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə və İXM-in 114, 115, 117, 134.1-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Ağsu Regional Miqrasiya İdarəsinin “İnzibati tənbeh vermə haqqında” MN ******* nöməli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar