Məhkəmə qərarları › İş №3(016)-312/2025

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-312/2025

05.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-312/2025 05.11.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1975-ci ildə Ağsu şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 262.2.3cü maddəsi ilə inzibati xəta törətməsinə dair Ağsu rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdaraq inzibati xəta törətmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların istifadəsinə və mühafizəsinə dövlət nəzarəti xidməti 3 saylı X3 Bölməsinin nümayəndəsi X2 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Şəxs içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdaraq inzibati xəta törətmişdir. Bu səbəbdən, barəsində İXM-in 262.2.3-cü maddəsi ilə protokol tərtib olunmuşdur. Barəsində tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, o, şifahi razılıq əsasında icarəyə avtoyuma yeri götürmüşdür. Aylıq 200-250 manat qazancı olur. Çirkab suyun kanalizasiya sisteminə qoşulması üçün heç bir tədbir görməmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs qeyd olunan inzibati xətanı törətməkdə təqsiri tam sübut olunur. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - “İnzibati xəta haqqında” xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Ağsu şəhəri, İntibah küçəsində fəaliyyət göstərən avtoyuma məntəqəsində tullantı sularını ətraf ərazilərə axıtmışdır. - Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların istifadəsinə və mühafizəsinə dövlət nəzarəti xidməti 3 saylı X3 Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 000630 saylı aktdan görünür ki, Ağsu şəhəri, İntibah küçəsində 400 34* 54* N 480 23* 40* E koordinatlarında tullantı sularının kənara (çöllərə, küçələrə) təyinatsız axıdılması müşahidə olundu. Bununla da Azərbaycan Respublikası Su Məcəlləsinin 103-cü maddəsinin 16-cı abzasının tələbləri pozulmuşdur. Göründüyü kimi, Şəxs İXM-in 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, protokol tərtib etmiş orqanın nümayəndəsinin izahatı və “İnzibati xəta haqqında” protokol ilə təsdiq olunur. Buna görə də, məhkəmə hesab edir ki, onun hərəkətləri İXM-in 262.2.3-cü maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İXM-in 262.2.3-cü maddəsinə əsasən, içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. İXM-in 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs səmimi peşmançılığı inzibati məsuliyyəti yüngülləşdirən haldır. Şəxs əməlində inzibati məsuliyyəti ağırlaşdıran hal yoxdur. Məhkəmə inzibati xətanın xarakterini, təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 100 (bir yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar